Gedək, qara dəsmalımızı indidən hazır edək

12 Avqust 2020 12:44 Köşə 2 309
Gedək, qara dəsmalımızı indidən hazır edək

Millinin yeni baş məşqçisi Canni De Byazi 2 gün əvvəl ölkəmizə təşrif buyurdu.

İtaliyalı mütəxəssis bura ayaq basar-basmaz keçdi işinin başına.

İlk olaraq üz tutdu Masazıra - "Sabah" - "Qəbələ" görüşünü izləməyə. Həmin oyunda kimləri bəyənməsi haqda da artıq mətbuata müəyyən məlumatlar sızıb. Bildiyimiz qədərilə, ən çox bəyəndiyi adlar Amin Seydiyev və Qismət Alıyev olub.

De Byazi dünən isə "Qarabağ" - "Sabah" görüşünü izləyib və özü üçün müəyyən qeydlərini aparıb. Bu dəfə kimləri özü üçün kəşf etməsi isə hələ məlum deyil.

Millətlər Liqasına sayllı günlər qalmasını nəzərə alsaq, millimizin yeni məşqçisi üçün futbolçuları yaxından tanımaq baxımından adıçəkilən yoldaşlıq görüşlərini göydəndüşmə saymaq olar.

Ölkəmiz üçün yeni sima olan De Byazi qısa müddətdə iki yoxlama oyununu izləməklə bərabər, həm də AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovla da görüşmək imkanı tapıb. Federasiyanın binasında baş tutan təkbətək görüşdə nələrdən danışıldığı hələlik məlum deyil.

Düzdür, açıqlamada məqsədin yaxından tanışlıq və gələcək planlar haqqında fikir mübadiləsi aparılması qeyd edilib, amma önəmli olan gələcəklə bağlı planların hansı istiqamət üzrə razılaşdırılmasıdır. İtaliyan sərbəstlik mühitində çalışacaq, yoxsa müdaxilələr girdabında?

Hamımız yaxşı bilirik ki, zaman-zaman komandamızda məşqçilərin işinə müdaxilələr olunub. Layiq olan azərbaycanlı balasının kənarda qalması, hansısa dağıstanlının, braziliyalının və ya bir başqasının meydandakı "mübarizə"sini ürək ağrısı ilə az izləməmişik.

Baş məçqçilərin işinə birbaşa və ya dolayı yolla barmaq uzadılmasıı acı həqiqətdir. İllərdir bu mənzərəyə alışmışıq, amma nə vaxta kimi?

Düzdür, hazırkı milliyə istər Joze Mourinyo, istərsə də Pep Qvardiola kimi adlar gəlsə belə, müsbət nəticənin qazanılması ehtimalı çox aşağıdır. Usta bacarıqlı ola bilər, "material" keyfiyyətsizdisə, ortaya sanballı iş çıxarmaq mümkünsüzdür.

Amma məşqçi işinə müdaxilələr olmasa, bacarıqlı mütəxəssislər zəif futbolçularla da ən azı mübariz və əzimkar komanda yarada bilərlər.

Hələ ki, De Byazi ilə futbolumuzun söz yiyəsi olan Elxan Məmmədovun AFFA-nın binası önündə - açıq havada, ara məsafəsi saxlayaraq çəkilən

fotolarından başqa nədənsə bilgili deyilik. Yenə ümid edək ki, az bir müddət keçəcək, komandamızın idarəçiliyi də fotodakı hava kimi şəffaf olacaq.

Məşqçi ilə rəhbərlik arasındakı məsafə ən azı fotodakı qədər qorunacaq.

Yox, bu iki vacib faktora əməl olunmasa, baş məşqçi Amin Seydiyevi, Qismət Alıyevi bəyəndiyi halda, hansısa dağıstanlı və ya əsli qazaxıstanlı, özü alman olanlar yenidən heyətdə yer alacaqsa, gedək, qara dəsmalımızı indidən hazır edək...

Xanoğlan İmanov

Xəbər Lenti