Qurban Qurbanov restoranda gecələmişdi...

21 Noyabr 2023 09:00 Köşə 4 971
Qurban Qurbanov restoranda gecələmişdi...

5 il əvvəl idi, elə noyabr ayında...

“Qarabağ” Avropa Liqasında “Vorskla” ilə səfər matçı üçün indi müharibə meydanına dönən Ukraynaya - Poltava şəhərinə yollanır.

Ağdam təmsilçisi özü ilə 20-dən çox media nümayəndəsinin də Poltavaya səfərini təşkil edib.

Çətinliklə də olsa, şəhərdə azsaylı hotellərdə boş qalan otaqlara futbolçular və jurnalistlər yerləşdirilir, Qurban Qurbanova isə yer qalmır. Daha doğrusu o, geniş otağını sabah matça çıxacaq futbolçuların rahatlığı üçün onlara verir. Özü isə klubun çalışanları ilə birgə hotelin restoranında gecələyir...

Bunu nə Qvardiola eliyər, nə də Mourinyo...

Bu, bəlkə də bir baş məşqçinin istefa səbəbidir.

Amma belə ADAMdır Canni De Byazinin sələfi Qurban Qurbanov!

Düzünə qalsa, Qurbanova indiyədək De Byazidən də sərt suallar verilib. Bunların arasında bəlkə də yersiz suallar da olub. Amma təcrübəli mütəxəssis hər zaman etikasını, təmkinini qoruyub və hər dəfə əvvəlcə Azərbaycanı düşünüb, öz ölkəsini əzdirməyib.

Xatırlayaq. “Qarabağ” Avropa Liqasında “Bayer”lə ilk matçda qapısında 5 qol görür. Və ona normal sual ünvanlanır, bəlkə də ənənəvi sual:

- Bu səviyyəyə çatmaq üçün nələr etmək lazımdır?

- Reallığa baxmalıyıq. Səviyyə fərqi elə-belə deyil. Bunu burada müzakirə etmək vaxtı deyil. Bunu öz ölkəmizdə etsək, daha yaxşı olar.

Birini də xatırlayaq. Yenə avrokubok, bu dəfə “Rakov”la matç.

Qurbanova bu dəfə “Qarabağ” rəhbərliyinin komandaya maliyyə ayırmaması, yüksək ödənişli futbolçular alınmaması barədə sual verilir. Açığı, Qurban bəy əsəbiləşir, amma...

Cavab:

“Çox istəyərdim ki, başqa iradları olanlar da varsa, mənə suallarınızı verərdiniz, cəm şəkildə cavablandırardım. Hər bir azərbaycanlı mənim üçün dəyərlidir, siz də həmçinin. Biz bu klubda məsuliyyətli işləyirik ki, çoxlarının xəbəri yoxdur. Mən buna əminəm. Çünki bu rəhbərlik Azərbaycan futbolu üçün çox şey edib. Bu gün uduzmuşuqsa, gördüyümüz işlər sıfıra bərabər sayılırsa, əfsuslar olsun ki, cavab verə bilməyəcəyəm. Rəhbərliyimiz futbolumuz üçün çox şey edib. Qonaqların qarşısında, Polşa mətbuatı, polşalılar, digərləri hamısı “Qarabağ”dan danışılırsa, iradlarımızı hansısa oyuna yox, başqa yerlərə yönəldiriksə, əfsuslar olsun...”

Qurbanov bunu deyir və tərcüməçidən bu açıqlamanı polşalı jurnalistlər üçün tərcümə etməməsini istəyir.

2023-cü il, yenə noyabr ayı.

Bu dəfə Qurbanovun xələfi De Byaziyə Belçikaya 0:5 hesabı ilə uduzduqdan sonra sual ünvanlanır:

- Azərbaycandan getdikdən sonra jurnalistlər üçün darıxacaqsız?

- Əlbəttə, yox. Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Ancaq axmaq suallar verirlər və axmaqdırlar.

İtaliyalı bunu deyir və tərcrüməsindən xahiş edir ki, həmin fikirləri tərcümə etsin və belçikalı jurnalistlər də bunu başa düşsünlər.

Bax belə!

Əslində, Canni ilə Qurbanovu müqayisə etmək etiraf edirəm ki, yersizdir. Bir tərəfdə millidən ayrılan zaman milyonluq təzminatdan vaz keçən adam var, digər tərəf də sadəcə, De Byazi...

Qurban Qurbanovu zərrə qədər tanıyırıqsa, baş verən olaya görə indi De Byazidən daha çox üzgündür. Xarakteri elədir ki, bəlkə də onun yerinə jurnalistlərdən üzrü Qurbanov istəyəcək...

Emin Səfərov

Xəbər Lenti
23 Fevral 17:50 Çək və bizə göndər!
23 Fevral 13:40 Tanrının ikinci qolu...