Rövnəq Abdullayevə görə haça-paça qalanlar

10 Avqust 2020 14:50 Köşə 4 828
Rövnəq Abdullayevə görə haça-paça qalanlar

Bir müddət əvvəl “Sportinfo.az”-da yazmışdıq.

Yazmışdıq ki, Oqtay Abdullayevin qulağına söz çatıb. Söz çatıb ki, AFFA rəhbərliyini tənqid etmək cəsarəti də tapıb.

Azərbaycan Prezidenti SOCAR-ın fəaliyyətini tənqid etdikdən sonra oqtaykimilərin sayı xeyli çoxalıb. Bu xeyli oqtaykimilərə (aralarında millət vəkilləri də var) məlum olub ki, Rövnəq Abdullayev yaxşı işləmirmiş.

Bunu məhz indi – Prezidentin tənqidindən sonra bilənlər o qədər çoxalıb ki, Rövnəq Abdullayevin “fərsiz kadr” olduğunu demək istəyənlər növbəyə durublar. Hələ ki, karantin olduğundan, növbəyə onlayn yazılmaq mümkündür.

Hələ bu harasıdır, üstündən bir az da keçsin, məsələn, oqtaykimilər deyəcəklər ki, biz Rövnəq Abdullayevin əməlləri barədə elə əvvəldən danışırdıq, deyirdik ki, futbol təsərrüfatı onun üçün çirkli vəsaiti “yumaq” üçün əla məkandır. Deyirdik ki, Rövnəq Abdullayev Azərbaycanın sərvətini – SOCAR-ın vəsaitini əcnəbi mütəxəssislərə paylayır. Deyirdik ki...

Beləcə, biz yalan olacağıq, onlar düz. Onlar həyatın nəbzini həssaslıqla tuta bilirlər. Onlar üçün Rövnəq Abdullayevdən Əliyə, Vəliyə keçid etmək o qədər də çətin proses deyil.

Rövnəq Abdullayevi AFFA-da əvəz edəcək şəxsi də tərifləyəcəklər, ta ki, onun da ipi kəsilənə qədər. Belələri bütün Rövnəq Abdullayevlərə həmişə lazım olub. Heç şübhə olmasın ki, Rövnəq Abdullayevin yerinə gələcək yeni “Rövnəq” də Oqtay Abdullayevdən maksimum yararlanacaq.

Vay o birilərin halına ey. Bir dəstə adam var ki, (çoxu da idman jurnalistikasındadır) Rövnəq Abdullayevə yaltaqlanmaq üçün heç bir məqamı boşa vermirdilər.

Qəpik-quruşa edirdilər bunu. Qruplaşma yaradıb, arada-bərədə bizim haqqımzda da donos yazırdılar.

Deyirdilər ki, niyə tənqid edirsiniz Rövnəq Abdullayevi. O adamlar elə bilirdilər ki, dünya durduqca Rövnəq Abdullayev də duracaq. O adamlar Oqtay Abdullayev deyillər, onların qulaqlarına söz gec çatır. Ya da belələrinin qulağına söz çatdırmaq istəyənlər yoxdur.

Belələri Oqtay Abdullayev qədər funksiya sahibi deyillər, birdəfəlik məhsul hesab olunurlar. Deyilənlərə görə, həmin adamlar indi haça-paça vəziyyətində qalıblar. Bilmirlər ki, Prezidentin tənqidindən sonra Rövnəq Abdullayevi işdən çıxardacaqlar, yoxsa yox.

Bir az qorxu, bir az təlaş var simalarında. Rövnəq Abdullayevin yerinə gələcək “Rövnəq”in birdəfəlik məhsullardan istifadə edib-etməyəcəyi onlar üçün ən böyük sirrdir. İstəyirəm ki, onlara təsəlli verim.

Qorxmayın, bütün Rövnəq Abdullayevlər eyni xarakterə sahibdirlər, eyni kadrlarıdır. Yeni Rövnəq də şərəfinizi mədənizə satmaq istəyinizi dəyərləndirəcək. Layiq olduğunuz qiymətə, qəpik-quruşa.

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"