AFFA-nın illərdir bacarmadığını Operativ Qərargah qısa müddətdə bacardı!

4 Avqust 2020 12:44 Köşə 3 380
AFFA-nın illərdir bacarmadığını Operativ Qərargah qısa müddətdə bacardı!

Ölkə futbolunu bəlalı yeri çoxdur. Ən bəlalı yeri isə şübhəsiz ki, regionlarda futbolunun "f"sının belə olmamasıdır.

Futbol emosiyaların məcmuəsidir. Futbol rəqabətdir, futbol mübarizədir. Amma bizim futbolda bunların heç biri yoxdur. Çünki onların olduğu yerdə futbol yoxdur.

Emosiya, mübarizə, rəqabət hardadı? Təbii ki, azarkeşlərin olduğu yerdə. Azarkeşlər olmayan stadionda dünya ulduzları belə meydana çıxanda istədiyimiz ləzzəti almırıq. Elə koronavirus pandemiyasına görə, avropa ölkələrində azarkeşsiz keçirilən böyük oyunlar da buna sübutdu.

Bəs azarkeş hardadı? Qeyri-şərtsiz cavab regionlardı. O regionlar ki, stadionlarında quşlar cəh-cəh vurur. Bir sözlə, lələ köçüb, yurdu qalıb. Lələlər hamısı Bakıda məskən salıb.

Azərbaycan Premyer Liqası adı altında "Bakı birinciliyi" artıq neçə ildi öz axırı ilə davam etdirilir(di). Amma son 6 ayda daş qayaya rast gəlib. Daha doğrusu, futbolumuza cavabdeh qrumlar Operativ Qərargaha rast gəliblər.

Öncə "Bakı birinciliyi"ndə mövsümün başa çatdırılmasına imkan verilmədi. Sonra klublarımızın avrokuboklara hazırlığına da Bakıda qadağa qoyuldu. Göstərilən yol isə üzü regionlar istiqamətində oldu. İllərdi talanan, məhv edilən regionlar. Dedilər ki, topunuzu da götürüb gedin didərgin düşdüyünüz bölgələrə.

20 gündən artıqdı "Keşlə" xaric bütün klublarımız "Qəbələ"də toplanış keçir. Elə orada da bir-birilə qarşılaşırlar. Hazırlaşırdılar bir neçə gün sonra şəhərə köç etsinlər. Hətta Bakıda yoldaşlıq görüşü keçirməyi də planlaşdıranlar vardı. Görünür, şəhər üçün çox darıxıblar ...

Sən saydığını say, gör Operativ Qərargah nə sayır. Dünən çıxarılan qərarla Bakı şəhəri daxil 13 rayon və şəhərdə 31 avqusta kimi açıq havada idman yarışlarına qoyulan qadağa quvvədə qaldı. Yəni ən azı bu tarixə kimi "Bakı birinciliyi" keçirmək arzusu arzu olaraq qalacaq. Yəqin ki, klubların Qəbələyə qısa müddətli köçü hələ bir müddət də davam edəcək.

Ən yaxın günlərdə Operativ Qərargahdan futbolumuzla bağlı daha möhtəşəm bir qərar çıxarmalarını gözləyirəm. Ki, məsləhətləşib qərar versinlər - "yalnış etmişik, hər bölgədə bir klubdan artıq komandanın toplanış keçməsi qadağan olunsun". Bu qərara əsasən klublarımız məcburiyyətdən başqa bölgələrimizə üz tutsunlar. Bakıda açıq havada yarışların keçirlməməsi isə ən azı yanvara kimi davam etsin. ƏN AZI! Ölkə çempionatının o dövrə kimi olan hissəsi isə klubların toplanış keçəcəyi 8 bölgədə baş tutsun.

Operativ Qərargah bu günə kimi çox yaxşı gəlib. Amma "hər bölgədə yalnız bir klub" qərarı da quvvəyə minsə, əminliklə demək olar ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının illərdi futbolumuzda bacarmadığını Operativ Qərargah çox qısa müddətdə bacarmış oldu. Bununla futbolu sevən həqiqi azarkeşlər xoşbəxt olar. Böyük futbolun həsrətin çəkən stadionların üzü gülər. Həm də AFFA bölgələrə futbolu necə daşımaq olar, bəlkə, onu öyrənmiş olar.

Ps: Qalır sərt karantin olmayan bölgələrdə azarkeş qadağasının aradan qaldırılması. Deyim, agah olun ki, mənim bu mövzuda Operativ Qərargaha güvənim sonszudur.

Xanoğlan İmanov

Xəbər Lenti