Ona o qədər pulu hansı əbləh verir?

28 İyul 2020 14:22 Köşə 1 827
Ona o qədər pulu hansı əbləh verir?

“Emili Polşa və Belçikadan istəyən klublar var idi. Danışıq üçün icazə da alınmışdı. Amma maliyyə məsələsi mane oldu. Ona Qazaxıstanda və "Qarabağ"da qazandığı pulu heç bir Avropa ölkəsində verməzlər. Halbuki səviyyəsi Avropada oynamağa imkan verir. Sadəcə, maaş məsələsində ikiqat fərq var”.

Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov deyib. Əslində təzə nəsə deməyib, sadəcə, Azərbaycan futbolunun reallığını bir daha xatırladıb.

O reallığı ki, uzun müddətdir bu haqda yazırıq. Yazırıq ki, Azərbaycan futbolunun ən böyük bəlası puldur.

Futbol təsərrüfatında çalışanların bacarıqlarından artıq qiymətləndirilməsi, onlara fantastik məbləğdə məvacib verilməsi böyük bəlaya çevrilib. Onsuz da ölkədə istedadlı futbolçu azdır, lap az. Onların da Avropaya çıxışının qarşısını pul kəsir.

Klub rəhbərləri futbolçulara elə yüksək məbləğdə məvacib verirlər ki, o 3-4 istedadlı da evindən kənara çıxmaq istəmir. Kim olsa, çıxmaz. Əgər sənə Avropada ayda 5, ölkəndə - evinin içində isə 15 min dollar məvacib verirlərsə, onda “nə ölüm axtarıram Biləcəridən o tərəfdə” deyəcəksən.

Yazmışıq, Azərbaycanda futbolçuların maksimum məvacibi 1500 manatdan artıq olmamalıdır. Futbol,unun ayda 20 min manat məvacib alması böyük sosial ədalətsizlikdir.

Ölkədə müəllimin, həkimin, jurnalistin orta aylıq məvacibi 500 manatdırsa, futbolçu hansı xidmətlərinə görə ayda 20 min manat almalıdır? Axı o futbolçunun da aldığı xalqın vəsaitidir?

Azərbaycanda heç bir klub futbolu biznesə çevirə bilməyib. Hamısı dövlətin ayırdığı vəsait hesabına maliyyələşir. Bir halda ki, dövlət müəllimə, həkimə 500 manatdan artıq məvacib verə bilmirsə, onda futbolçuya niyə 20 min manat verilməlidir?

Futbolçunun xaricə getmək stimulu yoxdur. Çünki Azərbaycanda işləmədən dişləyir. Layiq olduğundan qat-qat artıq qazanır. Necə? Bax, bu sualın cavabını tapmaq lazımdır. Azərbaycanın bütün klubları çirkabın içindədir.

Dövlətin ayırdığı vəsait nə uşaq futboluna yönəldilir, nə də infrastrukturun qurulmasına. 5-10 adam arasında bölüşdürlür bu vəsait. Təbii ki, müəyyən maxinasiyalar edilməklə. Çox istedadlı dələduz klub rəhbərləri xalqın vəsaitini beləcə mənimsəyirlər.

Azərbaycan futbolunda böyük əməliyyata ehtiyac var. Korrupsiya əməliyyatına. Əməliyyat aparılmalı, “Qarabağ”da Emilə, ümumiyyətlə, azərbaycanlı futbolçulara Avropada heç kimin vermədiyi məvacibi Azərbaycanda hansı əbləhlərin verdiyi müəyyənləşdirilməlidir.

Bunu müəyyənləşdirə bilməsək, futbolumuz belə əbləhlərdən, çox istedadlı dələduzlardan təmizlənməsə, bizdə futbol heç vaxt inkişaf etməyəcək. Buna əmin olun.

Natiq Muxtarlı

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!