"Qarabağ"a vurulan Matiç yalanı

27 İyul 2020 17:52 Köşə 3 383
"Qarabağ"a vurulan Matiç yalanı

"Qarabağ" serbiyalı yarımmüdafiəçi Uroş Matiçi heyətinə qatdığını ictimaiyyətə dünən açıqladı.

Transferin rəsmiləşməsi ilə müzakirələrin qızışması bir oldu.

Müzakirələr heç də onun necə futbolçu olması ilə bağlı deyildi. Onsuz da bu mövzuda mənfi nəsə deməyə adamın hələ dili gəlməz. Ən azı indiki vəziyyətdə. Hər halda karyerasına göz gəzdirərkən, insanda Matiçin yaxşı futbolçu olması haqda yalnız müsbət fikirlər formalaşır.

Serbiyalı futbolçu APOEL-in heyətində "Qarabağ"a qarşı keçirdiyi görüşlərdə də öz səviyyəsini yaxşı mənada göstərməyi bacarmışdı. Ümid edək ki, "Qarabağ"da da özünü sübut edə biləcək və ümidləri doğruldacaq. Hər halda avrokuboklarda onun oyununda çox şey asılı olacaq.

Matiçin transferinin daha çox müzakirə olunma səbəbi isə "onun" erməni azarkeşlərlə bərabər əlində tutduğu və üzərində saxta "Karabakh is Armenia" yazısı olan əski parçasıdır.

İlk öncə onu vurğulayaq ki, məlum şəkildə olan futbolçu "Qarabağ"ın transfer etdiyi Uroş Matiç yox, qardaşı Nemaniya Matiçdir. Uroşu qardaşının atdığı hansısa addıma görə qınamaq nə dərəcədə doğrudur? Bu sualın cavabın buraxıram öz ədalətinizə. Əgər varsa ...

Yox, qardaşına görə özünü də transfer etmək günah sayılırsa, o zaman bu məntiqlə gərək Serbiyadan olan bütün əcnəbiləri ölkəmizdən qovaq və bir daha oradan futbolçu transfer etməyək.

Onu da xatırlatmaq yerinə düşər ki, heç o fotoya görə Nemaniya Matiçin də bir günahı yoxdur. Ulduz futbolçu da düşüb erməni hiyləsinin toruna. Erməni hiyləsi nə deməkdi, biz azərbaycanlılar çox gözəl bilirik. Görünür, hələ də bilməyən "saflarımız" var!

Hər halda Matiçin həmyerlisi və uzun illər "Neftçi"nin, hazırda isə "Sabah"ın şərəfini qoruyan Saşa Stamenkoviçin şəkillə bağlı illər əvvəl mətbuata verdiyi açıqlama da fotonun erməni hiyləsi olduğunu əyani sübut edir: "Matiç heç bilmir "Qarabağ" harda yerləşir. Sadəcə ermənilər bayraq gətiriblər o da azarkeş kimi şəkil çəkdirib. Bilsə siyasi məsələdi heç vaxt bu təxribata getməzdi".

Bu reallıqların fonunda bəs fotonu ortaya atanların məqsədi nədir? Güya onlar "Qarabağ"ı belə çox istəyir və bu transferi ağdamlılara yaraşdırmırlar? Hay-hay, siz dediniz, biz də inandıq. Əgər elə olsaydı Sportinfo.az 9 gün əvvəldən bu transferin gerçəkləşəcəyini yazmışdı. Niyə məlum fotonu onda ortalığa atmırdınız? Elə onda fotonu gündəmə gətirər və "Qarabağ"ı bu transferdən çəkinməyə səsləyərdiniz də. Hə, gözləyirdiniz ki, rəsmi açıqlama olsun və siz də öz nifrətinizi aşikar edəsiniz? Necə ki, etdiniz ...

"Qarabağ" əcnəbi futbolçularla bağlı məsələlərə hər zaman həssas yanaşıb. Rəhbərlik kluba gələn bütün əcnəbilərə komandanın adının ölkəmiz üçün hansı əhəmiyyəti daşıdığını aşılamağa çalışıb və bacarıb da. Elə son günlər Tovuz istiqamətində gedən döyüşlər zamanı hazırda komandada çıxış edən yox, komandadan ayrılan əcnəbilərin dəstək ismarıcları buna sübutdur.

Yaxın zamanda Uroş Matiçin də "Karabakh is Azerbaijan" paylaşımını görsəniz təəccüblənməyin. Hər halda söhbət bir vaxtlar İrəvandan ölkəmizə salam göndərən əcnəbinin çıxış etdiyi "Qarabağ"dan gedir.

Xanoğlan İmanov

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"