AFFA “Qarabağ”ı da maliyyələşdirir...

23 İyul 2020 12:44 Köşə 2 046
AFFA “Qarabağ”ı da maliyyələşdirir...

Futbol ictimaiyyəti son günlər şad-xürrəmdir.

Az qala hər gün bir sevindirici xəbər alırıq.

Əvvəlcə məlumat verildi ki, AFFA “Qəbələ”ni də ölməyə qoymayacaq. Əhli-Azərbaycan bu xəbərin sevincini yaşadığı bir vaxtda, məlum oldu ki, həşəmətli qurum “Zirə”ni də himayə edəcək.

“Zirə” maliyyə kasadlığını əsas gətirərək əvəzedicilərin birinci dəstədə oynamayacağını bildirmişdi. Yəni AFFA-ya 100 min manat cərimə ödəməyi üstün tutmuşdu.

Amma bizim AFFA-mız o qədər humanist bir qurumdur ki, bu 100 mini cibinə basmadı. Əksinə, bildirdi ki, “Zirə”yə də kömək edəcək. Beləcə, AFFA çempionatdakı 8 klubdan 7-sinin sponsoru oldu.

Qaldı, bircə “Qarabağ”. AFFA “Qarabağ”ı da maliyyələşdirsə, “ədalət” bərpa olunacaq. Heç insafdan deyil ki, qurum bütün klublara maliyyə yardımı etsin, amma “Qarabağ” kənarda qalsın.

Bunun adı ikili standartdır. Pul verilirsə, hamıya pay çatmalıdır. 7 klub pay alıb “Qarabağ” kənarda saxlanılırsa, hansı “ədalət”dən danışmaq olar?

Bütün klublar AFFA-nın himayəsini hiss etməlidr. Yoxsa sağlam rəqabətin meyarları pozulmuş olar. Çempionatımızın nüfuzuna xələl gətirmək olmaz.

Üstəlik, AFFA-nın “Qarabağ”ı da himayəyə götürməsindən sonra birinci divizionda çürüyənlərin də bəxti açıla bilər. Nöşün ki, artıq bütün klublar AFFA-nın olacaq. Yəni elitada hansı komandanın iştirak etməsi elə də əhəmiyyət daşımayacaq.

Bir halda ki, klubların maliyyə təminatçısı AFFA-dırsa. Elə olacaqsa, AFFA üçün nə fərqi var, pulu “Keşlə”yə verdi, yoxsa “Turan Tovuza” və ya “Zaqatala”ya.

Bütün komandaların AFFA-nın nəzarətində olması çempionatımızı qaxınclıqdan - birinci dəstədən elitaya komanda gəlməməsi biabırçılığından da qurtarar.

Gör neçə ildir Ramin Musayev vəd verir, Elxan Məmmədov onu urvatsız edir. Məsələn, olmasın Zaur Axundov, olsun Oqtay Abdullayev. İkisi də bir bezin qırağıdır.

Pulu verdiklərini dəyişirsən, sistemi ki dəyişmirsən. Ona görə də, təhlükə yoxdur. Azərbaycan futbolunda halqa daralır. Artıq təkcə “Qarabağ” qalır.

İnşallah, yaxın günlərdə eşidərik: AFFA “Qarabağı” da maliyyələşdirir. Bununla da Azərbaycan futbolunda “ədalət”, “sağlam rəqabət” tam bərqərar olar.

Natiq Muxtarlı

Xəbər Lenti