Pul qazanmağa yox, qazan dibi yalamağa gəlib, hə…

11 İyul 2020 15:46 Köşə 2 397
Pul qazanmağa yox, qazan dibi yalamağa gəlib, hə…

Oyyy… Necə də gözəl səslənir: «Azərbaycana pul üçün gəlmirəm, ölkə futbolu üçün vacib işlər görmək istəyirəm».

Bu, sərsəm bir adamın sözü, mesajı deyil. Bu adam Canni De Byazidir. İtaliyanın özündə bir o qədər tanınmayan, yalnız Albaniya yığmasındakı fəaliyyəti ilə tanınan biridir puldan ötrü Azərbaycana gəlmədiyini iddia edən.

Dedi, biz də inandıq, hə… De Byazi 64 yaşında bura işləməyə, qan-tər axıtmağa, qazan dibi yalaya-yalaya adını bütün dünyaya duyurmağa gəlib. Ona görə ki, buradan adlı-sanlı klubların, milli komandaların birinə gedəcək, böyük pullar qazanacaq. Nə yaşı var ki… Cavan oğlandır, AFFA ilə bir yallı gedəcək, gəl-görəsən!

Dediyimiz kimi, Canni De Byazi sərsəm adam deyil, belə bir birisinə də qətiyyən oxşamır. Sərsəmlik ilin-günün bu vaxtında - pandemiyanın bir tərəfdən tüğyan etdiyi, o biri tərəfdən neftin qiymətinin «dib»ə vurduğu bugünlərdə milliyə əcnəbi baş məşqçi gətirməkdir. Eşitdiyimizə görə, AFFA İcraiyyə Komitəsinin 13 üzvündən 5-i yerli məşqçidən yana səs verib, xarici ideyasını dəstəkləməyib. O üzvlər kimdirsə, vəziyyəti doğru-düzgün qiymətləndirməklərinə görə əhsən!

Hətta deyilənə görə, xarici işlər naziri Eldar Məmmədyarov da həmin 5 nəfər arasında yer alır. AFFA-nın vitse-prezident Vaqif Sadıqov isə gəlmə məşqçinin lehinə əl qaldırıb. Futbolun içindən çıxan şəxs belə edirsə, sağa baxıb sol «vurursa, əlbəttə ki, Canni De Byazinin «mən Azərbaycana pul qazanmağa gəlmirəm» söyləməsi təəccüblə qarşılanmamalıdır.

Bu, o Byazidir ki, hələ fevral-mart aylarında özünə yaxın şəxslər vasitəsilə dəfələrlə Sportinfo.az-ın redaksiyası ilə əlaqə saxlayıb, AFFA-nın onunla bağlı planlarını dəqiqləşdirməyimizi xahiş edib. Azərbaycan mətbuatında onun barəsində çıxan hər xəbəri diqqətə alan, izləyən, bundan gah narahat olan, gah da sevinən italyanın indi ölkəmizin futbolu həyatı üçün vacib işlər görmək istəməsi Vaqif Sadıqovun hərəkətləri ilə əməlləri arasındakı fərq kimidir.

O, tələsir. AFFA-dan alacağı 900 min avronu bağrına basmaq, qoxulaimaq üçün. 2017-ci ildən bəri heç yerdə çalışmayan, heç kimə lazım olmayan, belə bir dəmdə yalnız AFFA-dan «sevgi-məhəbbət» görməyən bir şəxsdir. Nə cür danışmalıdır, deməyəcək ki, hə, bir hava öpüşünə görə gəlirəm.

Biz belə «sevgi-məhəbbət» dastanlarını çox görmüşük. Elə AFFA-nın özü də. Torres, Foqts, Prosineçki, Yurçeviçlə yaşadığı «eşq macəraları» AFFA-ya, orada mal-mənsəb sahibi olanlara xeyirlidir sadəcə. Bu izdivaclardan futbolumuz heç vaxt qazanmayıb, irəli düşməyib. İrəli düşən bir özləridir, bir də gətirdikləri, qucaq açdıqları.

Yadınızdan çıxarmayın, AFFA-nın «məhəbbət dastlanları» birtərəfli olmur. Orada Elxan Məmmədov var, kimsənin əlinə su tökəndə, onun da qayıdıb üzünü yumasını xoşlayır. O, 2007-ci ildən bu «qayda» ilə işləyir, gətirir, əzizləyir, sonra da yola salır…

Xəzər Hikmət

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda