"Bişmiş" və ya ayağının tozuyla qazandıran adam

19 İyun 2020 13:12 Köşə 1 717
"Bişmiş" və ya ayağının tozuyla qazandıran adam

AFFA İcraiyyə Komitəsinin dünənki qərarına əsasən, koronavirus pandemiyasına görə Azərbaycanda 2019/2020 mövsümü başa çatdırıldı.

Premyer Liqanın turnir cədvəlində 4-cü olan “Sumqayıt” Avropa Liqasına vəsiqə qazandı və tarixində ilk dəfə qitə yarışlarında mübarizə aparacaq.

Komandanın bunu Ayxan Abbasovun rəhbərliyi altında qoazanmasını xüsusi qeyd etməliyik. Əziyyət onundur. «Sumqayıt» üçün avrozona fövqəladə hadisədirsə, cəmi bir neçə ildir məşqçilik həyatına atılan Abbasov üçün bu, yeni təcrübə deyil.

O, 3 il öncə «Zirə»ni Avropa Liqasına daşıyıb. Həmin «Zirə» ki, tarixində ilk və hələlik sonuncu dəfə məhz Abbasovun liderliyində qitə arenasına çıxıb.

Qəsəbə klubu ondan sonra 2 baş məşqçi dəyişsə və transfer büdcəsini xeyli artırıb heyətini saysız-hesabsız legionerlərlə, tanınan yerli futbolçularla gücləndirsə də, keçmiş çalışdırıcısının nailiyyətini təkrarlaya bilmədi.

Maraqlı məqam həm də odur ki, Abbasov avrokuboklar uğrunda mübarizədə elə «Zirə»ni qabaqladı. Yəqin ki, klubun idarəçiləri müqayisə apararkən, Abbasovu buradan göndərməklə nə boyda səhvə yol vermələrini anlayır və təəssüflənir.

Doğrudan da, nə varıydısa, onun vaxtında vardı və gedişi ilə uğur çubuğunu da özüylə apardı.

İndi həmin uğurlu çubuq «Sumqayıt»a bir ilk yaşatdı. 2011-ci ildən Premyer Liqada çıxış edən klub, çox güman ki, bir də bu zəfəri təkrarlaya bilməyəcək. İnanmaq çətindir ki, Abbasovun elçilərinin sayı bundan sonra artmasın. Onu «Sumqayıt»dan «oğurlamaq» istəyənlər olacaq.

Getdiyi ikinci kluba da avrokuboklara vəsiqə sevincini yaşadan baş məşqçini burada saxlamaq rəhbərliyə elə da asan gəlməsin. O, məqsədin üstünə çıxıbsa, sözsüz ki, şərtlər və tələblər dəyişəcək, artacaq.

Abbasov bu ilki o sezonda reallaşdırdı ki, yola «avrokuboklarda iştirak edəcəyik» vədi ilə çıxmamışdı. Bir neçə kərə bunu ictimaiyyətə də açıqlamış, hədəflərinin Premyer Liqada mümkün qədər irəli getmək olmasını demişdi.

Mövsüm davam etdirilsəydi, bəlkə də «Sumqayıt» Avropa Liqasına qatılmaq yollanmaq arzusuna bu yay da çatmayacaqdı. Ancaq fakt budur ki, komanda finiş mərhələsinə kimi yaxşı gəldi və sonda İcraiyyə Komitəsi tərəfindən mükafatlandırıldı.

Buraqədərki məsafə kifayət qədər uzundu, bu mənada, «Sumqayıt»ın əldə etdiyi nəticə və aldığı ənam alın tərinin bəhrəsidir. Ümumi şərtlər hamı üçün eynidir, odur ki, «elə olsaydı, belə olmazdı», «belə olsaydı, elə olmazdı» kimi versiyalar səsləndirmək artıq mənasızdır və toydan sonra nağaraya bənzəyir.

Ayxan Abbasovu bir yerə gətirib çıxaran daim öz üzərində çalışması və kollektivin havasını «tutmasıdır». İdarəçiliyi, idarəetməni bilir. Bir dəfə dostlardan biri yazmışdı ki, Qurban Qurbanov məşqçiliyə «Neftçi»də başlasa da, «Qarabağ»da məşqçi oldu.

Mən bu sözü Ayxan Abbasova da aid edərdim. İlk dəfə «Zirə»də bui şin qulpundan yapışsa da, özünü məşqçi kimi «Sumqayıt»da Azərbaycan futboluna qazandırdı.

Futbolçularını çətin məqamda satmadı, arxasından qaçmadı, ayağa vermədi. Onlara görə daha kimlərlə üz-göz olmadı ki… İçəridəki bəzi funksionerlərlə, «Sumqayıt»ın divarları arasına soxulmağa cəhd göstərən başqa bir klubun nümayəndələri, onların mətbuatdakı «tör-töküntüləri» və tapşırıq yerinə yetirən hakimlərlə.

Eyni vaxtda bunca irili-xırdalı qüvvəylə çarpışmaq və bu mübarizədən sağ-salamat çıxmaq həqiqətən ağır zəhmət, güclü səbr və inanc tələb edir. Abbasov futbolçuları öz ətrafında birləşdirə bilməklə, onlardan komanda düzəltdi, Allah da əziyyətlərini yerdə qoymadı.

Bəzən rəhbərliyinə nələrisə güzəştə getdi, bəzən iki ayağını bir başmağa cütlədi, fəqət, başdakılarla meydançanın ən uzaq nöqtəsində gözdən itən futbolçular arasında balanslı münasibət yaratdı, yaratdığını da qorudu və inkişaf elətdirdi.

Ötən mövsüm «Sumqayıt»ı ilk dəfə ölkə kubokunun finalçısı etməklə bugünün toxumlarını səpən odur. Yəni ki, sonluğu təsadüfün ayağına yazmaq haqsızlıqdır.

Hiss etdirə-etdirə, göstərə-göstərə gəlirdi. «Zirə»dən buyana.

Xəzər Hikmət

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"