Haitili ilə fransız Azərbaycanda kimə və niyə tüpürürlər?

18 İyun 2020 12:30 Köşə 2 002
Haitili ilə fransız Azərbaycanda kimə və niyə tüpürürlər?

Biri uzaq Haitidən gəlmişdi. Bir də yaxın Fransadan.

Hər iksi 2-3 oyuna çıxandan sonra hiss etdilər ki, istədiklərini edəcəklər burda.

Baxmayaraq ki, hər ikisi də ortababdan da aşağı futbolçu sayılırlar Avropada. Ortababdan aşağı futbolçu sayılmasaydılar, haitili elə Avropaya üz tutardı.

Avropalı da nə ölüm axtarırdı burda, ortababdan yuxarı futbolçu idisə, elə Fransada asanlıqla komanda tapardı özünə.

Azərbaycanda isə onlar asdırlar. Bunu hiss edincə, başladılar məzələnməyə Azərbaycan futbolu ilə. Bilirdilər, əmin idilər ki, onların üstündə dava düşəcək burda, klublar istədikləri məbləği verəcəklər onlara. Əmin oldular ki, Azərbaycana onlar səviyyəsində futbolçu gətirmək hələm-hələm asan iş deyil. Gördülər ki, Azərbaycanda pul olsa da, onların bir ayağı qədər olan bircə futbolçu da yetişdirməyiblər.

Elə ona görə də başladılar fəaliyyətə. Biri mütəmadi olaraq avrokubokların qrup mərhələsində oynayan “Qarabağ”a tüpürüb getdi “Neftçi”yə. Nöşün ki, “Neftçi” üçün neftdən ayrılan pulun iyi tutmuşdu onu. Heç “Neftçi”də də bir il qalmadı.

Bu dəfə söz-söhbət yayıldı ki, yenə “Qarabağ”a qayıdır. Çoxları inanmasa da, mən inandım bu xəbərə. Nöşün ki, illərdir avrokubokların qrup mərhələsində oynayan “Qarabağ”ın, Avropaya çıxarmaq üçün bircə futbolçu yetişdirə bilmədiyi bəllidir.

Elə isə haitilinin tüpürcəyi yaddan çıxmalıdır. Bir üzə tüpürübsə, o biri üz ki durur. Və həm də bu dəfə “Neftçi”nin də üzünə tüpürür. Əsas da budur “Qarabağ” üçün. Böyük səbirsizliklə bu keçidin reallaşmasını gözləyək.

O tərəfdə də fransız tüpürür “Neftçi”yə. “Qəbələ” gətirmişdi onu ölkəyə. Sonra qara neftin parıltılı pulu “Neftçi”yə dartdı onu. İndi də “Qarabağ”a tərəf yol tutub. “Neftçi”yə tüpürüb gedir, sabah “Qarabağ”a tüpürmək üçün.

Nə qədər tüpürürlərsə, tüpürsünlər, onlara həmişə ehtiyacımız var. Donald Gerye, Baqali Dabo həm də AFFA rəhbərliyinin sifətinə tüpürür. İllərdir milyonlar xərcləsələr də, onlar kimi futbolçu yetişdirə bilmədiklərinə görə.

Dabo ilə Gerye klub rəhbərlərinin də sifətinə tüpürür. Xalqın vəsaitindən futbolun inkişafı üçün ayrılan pulu öz inkişaflarına sərf etdikləri üçün. Əslində biz – xalq tüpürməli idi AFFA, klub rəhbərlərinin üzünə.

Amma biz bunu edə bilmirik. Bizim ağzımız quruyub, tüpürcəyimiz qalmayıb. Bizim əvəzimizdə haitili, fransız edir bunu. Özü də məzələnə-məzələnə edirlər.

Özündə olmayanda, özündən olmayan üzünə tüpürəcək, mütləq. Tüpürcəyiniz bol olsun, əcnəbilər.

Natiq Muxtarlı

Xəbər Lenti