Azərbaycanlı futbolçuların məvacibi azaldılmalıdır ki...

16 İyun 2020 15:46 Köşə 1 693
Azərbaycanlı futbolçuların məvacibi azaldılmalıdır ki...

Yenə də puldan söhbət açacağıq. Azərbaycanda futbolun bəlasına çevrilmiş puldan.

Amma bu dəfə AFFA-dakı istedadlı dələduzların futboldan pul qazanmaq bacarığından yox, azərbaycanlı futbolçuların xaricə getməməyinin qarşısını alan puldan danışacağıq.

Düzdür, Azərbaycanda xaricdə oynaya biləcək futbolçuların sayı azdır. Lap az. Olsa-olsa, 5-6 nəfərdən o tərəfə keçməz. Elə Azərbaycanda futbolçu yetişməməsinin də səbəbi puldur ki, bu haqda ötən yazıda danışmışdıq.

Xaricdə oynamağa layiq futbolçuların olmadığı Azərbaycanda top ardınca qaçanların məvacibi olduqca yüksəkdir. Demək olar ki, Avropada 5-10 ölkədə futbolçular Azərbaycandakından çox məvacib alırlar. O ölkələrin də bütün klublarında yox.

Adrian Skarlatakeni tanıyırsınız yəqin. Bu futbolçu “Xəzər Lənkəran”da oynayarkən aylıq məvacibi 50 min dollar idi. “Xəzər Lənkəran” ömrünü, AFFA rəhbərliyinin “futbolun inkişaf planına” bağışlayandan sonra Skarlatake vətəninə qayıtdı, orda çempion oldu.

Amma bizim ölüvay “Keşlə”dən təklif alan kimi qaça-qaça Azərbaycana gəldi. Ta o vaxtdan burdadır. Bildiyimə görə, “Keşlə”də onun aylıq məvacibi 5 min dollar olub. Deməli, Skarlatake, vətəni Rumıniyada çempion olan komandada ayda 5 min dollar məvacib almırmış. Alsaydı, Azərbaycana gəlməzdi.

Bəs elə isə hansı əsasla Azərbaycanda futbolçular fantastik məbləğdə məvacib alırlar? Ən yüksək məvacib özəl sektorda olur. Bu, bütün dünyada belədir. Elə futbol klubları da özəl sektorun payına düşür.

Məsələn, “Barselona”nın illik büdcəsi 1 milyard avrodan artıqdır. Elə ona görə də Messi ağlasığmaz miqdarda maaş alır. Amma Messi “Barselona”ya qazandırdığı vəsaitdən qat-qat az alır.

Bizdə isə futbolçular komandalarına heç bir xeyir vermirlər, klubların qara qəpik də gəliri yoxdur. Buna görə də, klubların, demək olar ki, hamısı dövlətdən maliyyələşir.

Deməli, Azərbaycanda futbolçular da dolayı yolla olsa da, büdcədən maliyyələşirlər. Amma büdcədən maliyyələşən digər şəxslərdən qat-qat artıq məvacib alırlar.

Bakıda müəllimlərin orta aylıq məvacibi 688 manatdır. Amma futbolçuların orta aylıq məvacibi 10 min manatdan yuxarı olar ki, aşağı olmaz. Futbolçu var ki, aylıq qazançı 25 min manatı da üstələyir. Və bu futbolçuların cəmiyyət üçün qara qəpik də xeyri yoxdur.

Bəs onda onların məvacibi müəllimin məvacibindən niyə yüksək olsun?

Futbolçu tanıyıram ki, 3 ildir ancaq qaçış aparatının üstündə çəkdirdiyi şəkilləri paylaşmaqla məşğuldur. Amma aylıq məvacibi 15 min manatdır. Niyə belə olmalıdır? Yüksək məvacib xaricdə oynamaq potensialı olan 5-6 futbolçunun da qarşısını kəsir.

Məsələn, hansısa Şərqi Avropa ölkəsindən təklif alan o futbolçu, öncə məvacibi müqayisə edir. Görür ki, xaricdə ona 4 min dollardan artıq məvacib vermirlər. Evin içində isə 15 min manat alır. Üstəlik, klublar da ona görə növbə gözləyirlər. İstəsə, ildə bir komanda dəyişər.

Bir sözlə, Azərbaycanda futbol olmasını istəyiriksə, futbolçuların aldıqları məvacib tənzimlənməlidir. Dövlətdən maliyyələşən komandalarda futbolçulara verilən məvacib 1500 manatdan artıq olmamalıdır.

Kim daha çox qazanmaq istəyirsə, zəhmət çəkib xaricə çıxsın, bacarığını, istedadını sübut etsin və istədiyi qədər qazansın. Azərbaycanda isə futbolçular müəllimin, həkimin, polisin, süpürgəçinin boğazından kəsiləni alırlar. Özü də qədərindən qat-qat artıq. Boğazlarında da qalmır aldıqları.

Futbolçular nə müəllimdən, nə həkimdən, nə polisdən, nə də xadiməçidən artıq deyillər bu cəmiyyət üçün. Aldıqları artıq kəsilməlidir.

Natiq Muxtarlı

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi