Sayğısızlıq var, sayğısızlıq var. Hər şeyin bir həddi var. Və olmalıdır!
Daha belə yox…
Bu, təhqirdir, rəzalətdir, aşağılamaqdır. Baqali Dabo bütün əndazələri aşdı, körpüləri yandırdı.
Artıq o, «Neftçi»nin formasını geyinə bilməz. Bu haqqı ömürlük itirdi.
Bəlkə də bu yay harasa gedib, 1-2 il sonra geri dönə bilərdi, indən belə o şansı da itirdi.
Nifrət, qəzəb, istehza….
Dabonun xanımının paylaşımı «Neftçi»yə münasibətin aynada əksidir. Fransız hücumçu istəməsəydi, həyat yoldsaşı bu videonu çəkib, nümayişkaranə şəkildə sosial şəbəkədə yerləşdirməzdi. Əlbəttə, razılığı, istəyi ilə olub.
32 yaşlı legionerin «Neftçi» rəhbərliyi ilə ciddi problemi var. İndinin problemi deyil, xeyli müddətdir. Çəkişmə pulun üstündə başlamayıb. Belə fikirləşənlər yanılır, böyük səhvə yol verir.
Dabo 1 ildən artıqdır ki, klubun əsl başağrısına çevrilib. Çıxarmadığı hoqqa və qalmaqal növü qalmayıb. Əvvəl Roberto Bordinə «qan uddururdu», bu gün də rəsmilərə.
Onu ötən ilin yayında satsaydılar, «Neftçi»də işlər gül kimi gedirdi: günü bu gün: nə bir belə həngamə qopar(ar)dı, nə də başqa bir şey. Bəlkə də komanda qızıl medallar uğrunda mübarizədə «Qarabağ»dan öndə idi.
Dabo onu gülməşəkər kimi əzizləyib başa çıxaranların başını əzir indi. Ələ salır, aşağılayır, yerdən-yerə vurur. Bir bunlarla yekunlaşsaydı, nə varıydı ki…
Dabo «Neftçi»yə həqarət edir, yuxarıdan-aşağı baxır. Ona bu «səlahiyyət»i Kamran Quliyevlə Ceyhun Sultanov verib.
Fransız Antalya toplanışında Bordinin üzünə qayıdan, su qabını yerə çırpan gün qovulmalı idi.
Əlbəttə, o, bilirdi ki, baş məşqçiyə və futbolçu yoldaşlarına nə cür hörmətsizlik eləsə belə, qolundan yapışıb, «rədd ol, buradan!» deyən olmayacaq klub rəhbərliyindən. Üz verib, üzlü etmişdilər. Üzr bilmədən, üzr istəmədən çatana çatır, çatmayana da bir daş atırdı.
Dabonu yığıb-yığışdırmağa cəsarətləri çatmadı. Bordini ayağına verib, beləcə, futbolçuya yaraşmayan hərəkətlərinə göz yuman idarəçilər, çətin ki, onun «Qarabağ» formasında sakitcə poz verməsinə hiddətlənsinlər, yaxud təəccüblənsinlər.
Dabo bu kimi yöndəmsiz, yersiz və təhqiramiz davranışı ilə çoxdan özünü onlara tanıdıb.
Komandanın toplantı zalına musiqiyə qulaq asa-asa gələn, məşqçilərin iradlarına rəğmən, qulaqcığı çıxarmayan, istəyəndə oynayan, istəməyəndə oynamayan, gah ayağını, gah başını tutan, bazaya hamıdan gec gəlib, hamıdan tez gedən, nəhayət, məşqdən gizli çəkiliş edərək klubun sirrini yayan Dabo daha neyləməli idi ki, prezidentlə idman direktoru heyrətlənsin?..
Nə tökərsən aşına, o da çıxar qarşına. Sadıq Sadıqovun vaxtında bir futbolçu «Neftçi»yə belə həqarət edə bilməzdi. Həmin dəqiqə klubdan qovar, Azərbaycanın üzünə həsrət qoyardı. Elə edərdi ki, 24 saat ərzində ölkədən çıxar gedər, heç arxasına da baxmazdı.
Zaman göstərir və etiraf edir ki, bax, «Neftçi»yə məhz belə prezident, belə rəhbər lazımdır. Yoxsa Kamran Quliyev… Yoxsa Ceyhun Sultanov… Bunlar özləri güclə idarə edir, qaldı klub o k iola «Neftçi»…
İlahi ədalət həmişə zəfər çalıb və çalacaq. Bu, yazılmamış qanunauyğunluqdur. Quliyev də, Sultanov da gec-tez «Neftçi»dən yola salınacaq. Həmişə belə getməyəcək ki…
Nəvaxtsa bu kluba layiq insanlar iş başına gələcək, «Neftçi» azarkeşi arzuladığı, intizarında olduğu uğurları bol-bol yaşayacaq.
Və sözsüz, Dabonun etdiklərini, ona «Neftçi»nin şərəfli formasını geyindirməklə səhvə yol verənləri heç vaxt unutmayacaq, nifrət və qəzəb hissi ilə xatırlayacaq.
Ən yeni tarixi yazmaq vədi ilə «Neftçi»ni ələ keçirib, bugünkü rəzalətə imza atanlar tarixin zibilliyinə atılmağa məhkumdur. Dabo ilə bərabər!
Xəzər Hikmət

