“Səbail” - “Keşlə” oyununda it boğuşdurulacaq

8 İyun 2020 15:46 Köşə 1 072
“Səbail” - “Keşlə” oyununda it boğuşdurulacaq

Azərbaycanda it boğuşdurmasına maraq olduqca böyükdür.

Baxmayaraq ki, it boğuşdurması qadağandır, əhli-Azərbaycan üçün bunun heç bir əhəmiyyəti yoxdur.

Fürsət tapan kimi it döyüşlər təşkil olunur. Hətta, xatırlayıram ki, bir neçə ilə əvvəl Binədə keçirilən it döyüşünə 10 mindən çox azarkeş gəlmişdi.

Azərbaycanda futbola 10 min azarkeşin gəlməsini, sonuncu dəfə “Xəzər Lənkəran”ın var olduğu vaxtda görüblər. Bu klub ömrünü Azərbaycanda futbolun inkişafına bağışlayandan bəri stadionlarda oyunlara baxan azarkeşlərin sayı 500-1000-dən yuxarı qalxmır ki, qalxmır.

Yəni Azərbaycanda futbolun it döyüşü qədər hörməti yoxdur. Amma futbolu it hörmətinə qaldırmaq olar. Elə itlərin sayəsində.

Bunu üçün yaxşı təklifim var. Amma əvvəlcədən onu deyim ki, bu işi iş bilən adamlara - əsl peşəkarlara həvalə etmək lazımdır. İşdir-şayət, qeyri-peşəkarlar bu işdəki qazancı duyub qol çırmasalar, onda heç nə alınmayacaq. Ona görə də, istəyirəm ki, bu iş AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova tapşırılsın.

Adamın peşəkarlığına, təşkilatçılıq qabiliyyətinə heç bir şübhəm yoxdur. Azərbaycanda futbolu it hörmətinə mindirmək, çempionatın oyunlarına azarkeş cəlb etmək üçün it döyüşlərindən istifadə etmək vacibdir.

Yadımdadır, əvvəllər azarkeşləri stadiona gətirmək üçün lotereya oynanılırdı. İndi bunu it döyüşləri ilə əvəzləmək olar. İnanın, maraq, uduşa qoyulan avtomobildən qat-qat artıq olacaq. Nöşün ki, xalqımız daha çox itbazdır ki, nəinki maşınbaz. Hətta xoruz döyüşlərinə də marağımız it boğuşdurmasına marağı üstələmir.

İt döyüşü əsl biznesdir. Bundan niyə yararlanmayaq ki? Amma əvvəlcə it döyüşləri üçün lisenziya almaq vacibdir. Bu işi də Elxan Məmmədov asanlıqla həll edəcək.

Neçə illərdir ki, lisenziyalaşdırmanın içindədir, tükün məsəli. Lisenziya məsələsi həllini tapsa, qalanları asandır.

Sadəcə, xırda nüansları nəzərə almaq vacibdir. Məsələn, it döyüşləri oyun qurtarandan dərhal sonra başlamalıdır. Nöşün ki, boğuşma oyundan əvvəl keçirilsə, qarşılaşma başlayanda stadionda kimsə olmayacaq.

Elə ilk hissə başa çatandan sonra da döyüş təşkil etmək olmaz. Onda da komandalar ikinci hissəyə çıxanda tribunaları boşalmış görəcəklər. Amma fasilədə, döyüşəcək itlərin nümayişini təşkil etmək olar ki, azarkeşlər cuşa gəlsinlər.

Çünki ilk hissədə futbola baxan it döyüşləri həvəskarlarını yuxu basmış olar ki, onların emosiyalarını artırmaq vacibdir ki, oyun zamanı da haray-həşir olsun.

Elxan Məmmədov, əmin olun, bu biznesin böyük gəliri var. Biletləri hansı qiymətə təklif etsəniz, tələbat yüksək olacaq. İnandırım sizi, Bakı kəndlərində bilet üstündə dava da düşə bilər. Üstəlik, bu ideyanı xaricə də ixrac etmək olar.

Qərb ölkələrində də belə boğuşmalara maraq böyükdür. Amma oralarda it əvəzinə adam boğuşdurular. İki adamı qəfəs salırlar, onlar da bir-birlərini al qanına xarman edirlər. Arenaya gələnlər də bundan elə həzz alırlar ki...

İnsafən, adam boğuşdurmaqdansa, it boğuşdurmaq daha sivil sayılmalıdır. Biz bu məsələdə qərblilərə niyə nümunə olmayaq ki? Onlara başa salarıq ki, it döyüşdürmək adam döyüşdürməkdən daha emosionaldır, həyəcanlıdır. Dünyanın əşrəfi olan insanları qəfəsə salıb boğuşdurmağa ehtiyac yoxdur.

Üstəlik, bu iş it idxalı və ixracı üçün də gəlirli sayılmalıdır. Döyüş itlərinin idxal və ixracı monopoliyaya alınsa, gələn gəliri “Kamaz” da çəkməz.

Hə, Elxan müəllim, necə ideyadır? Həm pul qazanmaq, həm Azərbaycan futbolunu it hörmətinə qaldırmaq, həm də qərblilərə mədəni dərs keçmək olar.

Yubanmadan növbəti mövsüm üçün anons vermək lazımdır. Məsələn, bu cür: “Səbail”-“Keşlə” qarşılaşmasında it boğuşduracaqlar. Bilet sifarişi elə indidən başlayacaq. Hələ bir yoxlayın...

Natiq Muxtarlı

Xəbər Lenti