"Neftçi"də son qərarı sənmi verirsən, ey…

6 İyun 2020 15:46 Köşə 1 539
"Neftçi"də son qərarı sənmi verirsən, ey…

«Neftçi»nin baş məşqçisi Füzuli Məmmədov dünən bir verlişin qonağı olub.

Bir xeyli danışıb, vədlər verib, tərifləyib. Xülasə, meydanı tək görərək, hapa-gopa basıb yenə.

Bunlarla işim yox. Kimi istəyirsə, tərifləyə, kimi istəmirsə, tənqid edə bilər. Öz işi, öz haqqıdır. Fikrində azad və sərbəstdir.

Mənə qəribə gələn onun «Neftçi»də son qərarı mən verirəm» deməsidir. İddiana quzu kəsərəm, müəllim! Day bu qədər yox da…

Gün kimi aydındır ki, Füzuli Məmmədov «Neftçi»yə kimin vasitəsilə və necə gəlib. Düzdür, vaxtilə bir müddət ağ-qara formanı geyinib, amma bu, səbəb və vasitə deyil. Eləyə qalsa, «Neftçi»nin şərəfini qorumuş, bu klubun şinelindən çıxmış o qədər keçmiş futbolçu var ki…

Füzuli Məmmədov hər hansı bacarığına, fərasətinə yox, sırf tanışlıq, daha doğrusu, qohumluq tellərinə görə bu gün «Neftçi»dədir. Onu 2 il öncə Roberto Bordinə köməkçi təyin etdirən, sonra italyanın yerinə əyləşdirən də bu gücdür, bu ilişkilərdir.

İndiyə kimi bir əlahiddə məşqçi keyfiyyəti də nümayiş etdirməyib ki, deyəsən, filan-falan xüsusiyyətləri qısa müddətdə bu qədər irəli çəkilməsini qaçılmaz edib. Yoxdur elə bir üstünlüyü, göstərməyə çalışmasın.

Qoy, elə bir məşqçi «mənəm-mənəm» desin ki, kənardan eybəcər görünməsin, istehza doğurmasın.

Dilinə görə dilçək məsələsi yəni.

Axı Füzuli Məmmədovun ucundan tutub getdiyi sahədə kimi var, nəyi, hansı nəticəsi var..? Bir Ceyhun Sultanovu var, vəssalam.

Yeri gəlmişkən, Sultanov da vaxtilə «Neftçi»nin formasını geyinib. Amma bu formayla meydançaya çıxmaq, özünü göstərmək şansı olmayıb. Sanki o, Kazbek Tuayevdə qalan acığını «Neftçi»dən çıxacağına and içib və Füzuli Məmmədovu kluba qaytarmaqla, ardınca baş məşqçi postuna əyləşdirməklə heyf alır.

Yaxşı da, bilirik axı… Ceyhun Sultanov kirvəlik münasibətlərinə görə Füzuli Məmmədovu vəzifə sahibi edib və arxasında dayanıb. Həm elə sərf edir ona, həm belə.

«Burada son qərarı mən verirəm» kəlməsi Qurban Qurbanovun dilindən çıxsa, inanaram. Ayxan Abbasov, Jelko Sopiç, Aftandil Hacıyev desə, yenə inanaram.

Amma Füzuli Məmmədovun sinəsinə döyərək, belə bir iddialı açıqlama verməsinə lap bişmiş toyuğun da gülməyi gəlir indi.

Sən o deyilsən axı, Məmmədov!

Yenə özünü kimə göstərirsən, yalanın da bir həddi var. Elə söz de ki, sənə inanan, «ola bilər», «mümkündür» deyən, fikirləşən olsun. Danışdıqlarına heç özün inanmırsan, bəllidir.

«Neftçi»də transfer siyasəti Ceyhun Sultanovluqdur. Yerli və əcnəbi futbolçuların seçimini o aparır. Məşq proqramını yenə o müəyyənləşdirir. Heyət və taktika ilə bağlı məsələləri idman direktoru və Kamran Quliyevlə razılaşdırılır.

Bircə o qalıb ki, bu ikili məşq meydançasına çıxıb, futbolçulara hazırlıq keçsin. Bilsələr ki, görüb bilən, eşidən olmayacaq, xəbər kənara çıxmayacaq, vallah, utanmadan bu işə də çırmanarlar.

Bütün bunlardan el-aləm xəbərdardır, özünü güldürmə, gülünc vəziyyətə salma, Füzuli Məmmədov.

Güzgüdə özünə yaxşı-yaxşı bax, gör, kimsən. Fikir ver danışığına, dediyin sözə, axı sən hər halda kağız üzərində «Neftçi»nin baş məşqçisi gedirsən.

Özün olmasa da, bu klubun adı ağır basır. Şəxsinə hörmət etmirsən etmə, barı, «Neftçi»yə, bu böyük camiəyə hörmət elə.

Sənin «Neftçi» kimi tarixi klubun baş məşqçisi olmağa razılıq verməyin bir, belə özündənrazı danışmağın ikiqat ayıbdır.

Xəzər Hikmət

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!