Sevgiyə ehtiyac duyan neftçi uşaqları...

20 Dekabr 2016 14:24 Köşə 922
Sevgiyə ehtiyac duyan neftçi uşaqları...

Qarabağ adlı alın yazısından “2” alanda 5 yaşım var idi. Bütün uşaqlar mənim qədər şanslı deyildi. Eləsi oldu ki, "imtahan" verə bilmədi, ana bətnində qaldı. İmarət kimi evlərimizin yerini üzərində "Türk Kızılay"ın loqosu olan çadırlar tutdu. Beləcə, şoran torpaq üzərində - yayda isti, qışda soyuq olan parçadan daldanacaqda burnumuz axa-axa böyüdük.

İllər ötsə də, dəyişən çox şey yoxdu. Yenə siyasi oyunların, yenə vəzifə sahiblərinin vecsizliyinin qurbanı günahsız adamlardı. Türkiyədə az qala hər gün terrorun, Suriyada qətliamların yaşanmasına baxmayaraq, ölümə gedən yolda tıxac yaranmır. Dünyanın icra başçısı olan Allah burda da öz mükəmməlliyini nümayiş etdirir. Belə çətin sınaq keçən biri olaraq, hərdən günün birində başqasının səhlənkarlığı ucbatından faciəvi şəkildə ölə biləcəyimi düşünəndə dilxor oluram, qanım neftin rənginə dönür. 25-30 yaşda artıq ömrün dörddəikisini geridə qoyduğunu düşündüyün anda bir də görürsən ki, finaldasan...

Həyatın kimi xəyalların da, arzuların da yarımçıq qalır. Təsəlli üçün bunun adı "qismət"di, "alın yazısı"dı. Reallıqda isə "erkən final"... Arxandan qəmgin səslə dədə-nənəni, yetim qalan körpəni, bir də bundan sonra taleyi necə olacaq arvadını düşünənlər hər biri beş hərfdən, üç sözdən ibarət olan cümlə işlədir: "Yazıq cavan getdi!"

Az.TV-nin tənqid hədəfi olan Avropada baş verən faciələrdən sonra dövlət qurumlarının atdığı addımlar qurbanların yaxınlarının acısını müəyyən qədər yüngülləşdirir. Ən azı bəlli olur ki, ailə başçısı dünyadan vaxtsız köçəndə körpələrinə sahib çıxan tapılacaq. Bir də müxtəlif sosial aksiyalar, dəstək kampaniyanları keçirilir. Ki, belələrinə də daha çox futbolçuların simasında həm yaşıl meydanlarda, həm də ondan kənarda rast gəlirik.

Məsələn, ötən günlərdə Lionel Messi 6 yaşlı əfqanıstanlı Murtuza ilə görüşərək, onun xəyallarını gerçəkləşdirdi. Ronaldo futbolçuları təyyarə qəzasında ölən "Şapekoense" klubunun büdcəsinə bir neçə milyon köçürdü. Balotelli qazancının yarıdan çoxunu afrikalı kasıb ailələrə verdi. Rio Ferdinand Milad bayramında 60 min uşağa hədiyyə almaq üçün 500 min funtundan keçdi və s.

Azərbaycanda isə... Bizdə ən yaxşı halda Vüqar Nadirov çayxana, Kamran Ağayev də qafiyə aça bilər. Hələ ağsaqqal yaşında dələduzluq edib, məhkəmələrdə sürünən, camaatın başına oyun açan Maşallah Əhmədovu demirəm. Bizim yüsək imkanlarına, komfort həyat yaşamasına, şəhərin az qala hər nöqtəsində evi olmasına baxmayaraq, dövlətlə fəxri ad, təqaüd, daha bir ev almaq üçün dava edən əfsanələrimiz də var. Qısaca, xeyirxahlığı ilə seçilən 4-5 futbolçumuz ola, ya olmaya. Onların da kimliyi hər kəsə bəllidi. Və onlar üçün "sağ əlin verdiyini sol əl bilməməlidi" prinsipi qızıl qanundu.

İstanbulda - "Beşiktaş"ın stadionun yanında baş verən terrordan xəbərdarsız. Türkiyənin bütün futbol ictimaiyyəti şəhid ailələrin yanında oldu, acılarını paylaşdı. Futbolçular qol vurduqdan sonra qaçıb polisi qucaqladı, sevincini onlarla bölüşdü. Hətta əzəli rəqiblər də terrora qarşı bir yumruq olduqlarını nümayiş etdirdi. Arda Turandan tutmuş Tuncay Şanlıya qədər hər kəs məsələni gündəmdə saxladı.

Amma bizdə... Aprel döyüşlərində şəhid olanların cənazəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan başqasını gördükmü? Bir çox futbolçu, sadəcə, pafosla yadda qaldı, "lazım gələrsə" dedi. Biri şəhid ailəsinin evinə qonaq getdimi, onların acısına şərik oldumu?

Dekabrın 15-i... Bu dəfə bizi külək yaraladı. Faciə nəticəsində Xəzərdə itkin düşən 10 neftçidən yalnız birinin cəsədi tapılıb. Aralarında 8 uşağı olanı da var, "gözü yolda qalmaq" anlayışını başa düşməyəcək yaşda 3 körpəsi olanı da... Bunu ona görə xatırladıram ki, futbolu sevdirmək istəyirsizsə, bu, təkcə "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə alınmayacaq. Bu, Əfran İsmayılovun Ürfan Abbasovu "podsebya" edib, bazara göndərməsinə görə də alınan sevda deyil. Bu sevginin açarı Kamran Ağayevin "Boavişta"nın heyətində penaltini dəf edən əllərində də deyil. Sevgi bəzən də acı çəkənin kədərinə şərik çıxmaqdı. Bizim əksər futbolçularımız isə sevginin yolunu namaza gəlməkdə görür. Hərdən, yəni ibadətdən baş ayazıyanda ətrafa da baxmaq lazımdı... Onda həm neftçilərin yetim qalan uşaqlarını, həm də millətin dərd-sərini, sadəcə, nəvazişə, başının sığallanmasına ehtiyac duyan körpələri görəcəksiz…

Emin Səfərov

qafqazinfo

Store Neftchi
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer