Rövşən Əhmədov bilsəydi ki…

29 Aprel 2020 11:48 Köşə 1 909
Rövşən Əhmədov bilsəydi ki…

Rövşən Əhmədov bilsəydi ki, nə vaxtsa ailəsini dolandırmaq üçün kiminsə evində fəhləlik edəcək, futbolun dalınca düşməzdi.

O da hamı kimi kostyum-qalstuklu sənətin birindən yapışmaq üçün ömrünün ən gözəl illərini kələ-kötür meydanlarda yox, kitab-dəftərin əhatəsində keçirərdi. Vaxtında özünə layiqli peşə seçərdi.

Rövşən Əhmədov bilsəydi ki, nə vaxtsa futbolun “f”sından xəbəri olmayanlar günlərin birində onu saya almayacaq, nə vaxtsa onminlərin qarşısında sərgilədiyi oyun və vurduğu qollar heç nə olmayıbmış kimi yaddaşlardan silinəcək, tüpürərdi o yaşıl meydana da, o topa da, əynindən çıxardığı o tərli futbolkalara da.

Rövşən Əhmədov bilsəydi ki, günlərin birində o kənarda qalacaq, onun yerində day-dayı olanlar, AFFA-dakı arxasına güvənənlər məşqçi, klub funksioneri işləyəcək, 1995/96 mövsümünü bombardir kimi başa vurub, gələcəkdə ən yaxşısına ümid etməzdi.

Və ən nəhayət, Rövşən Əhmədov bilsəydi ki, nə vaxtsa onun qapısını “Kəpəz” rəsmiləri döyüb balalarına yardım payı gətirəcək, o şərəfli formanı əyninə geyməz, nə vaxtsa özü kimlərəsə yardım etmək üçün vaxtında özünə gün ağlayardı…

Bu gün Vadim Vasilyev özü də baş açmadığı işin qulpundan yapışıbsa, Viktor Kulikov onun-bunun qapısında elektrik kimi çalışırsa, Etibar İbrahimov ABŞ-da sürücülük edirsə, Nəbi Xanciqazov Almaniyada, Ramil Sayadov Avstraliyada ailəsini dolandırmaq üçün futboldan uzaq düşübsə, belədə Rövşən Əhmədovun düşdüyü vəziyyətə təəccüblənmək lazım deyil.

Bu gün istər uşaq futbolunda, istərsə də klublarda onların qərarlaşmalı olduğu yerdə kimlərsə AFFA-nın ideoloqlarının tapşırığı ilə işləyirsə, günahı başqa yerdə axtarmağa gərək yoxdu. Günah ölkə futbolunu bu günə salanlarda, futbolu milyonların sevimli oyun növü yox, şəxsi büdcələrini zənginləşdirmək vasitəsi kimi görənlərdədi. Vadim də, Viktor da, Rövşən də, Əliylə Vəli də illərdi ölkə futbolunu məhvə sürükləyənlərin “qurbanına” çevrilib.

Adıçəkilənlərin hər biri futbolu canı qədər sevib bu işlə məşğul olmuşdularsa, deməli, bu gün də ürəkləri futbolla döyünür. Sadəcə, onları düzgün istiqamətləndirmək, yol göstərmək, əllərindən tutub bataqlıqdan çıxarmaq lazımdı. Amma kimdi bunu edən? AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun, İcraiyyə Komitəsində onunla eyni masa arxasında əyləşən Elşad Nəsirovun, Rauf Əliyevin, İsgəndər Cavadovun, Kazbek Tuayevin nəyinə lazımdı Rövşənin nə yeyib-içməsi, harda, hansı şəraitdə yaşaması, balalarını nə ilə dolandırması?

İnsan pis vəziyyətə düşər, qapısına yardım da gələr, dost-tanışı cibinə pul da basar. Yəni hər kişinin imkansız vaxtı ola bilər, normaldı. Amma Rövşən Əhmədovun yaşadığı həyata “müvəqqəti çətinlik” adı vermək olmur. O illərdi bu durumdadı, indi də çətinlik çəkir, bundan sonra da çəkəcək. Çünki onun AFFA-da adamı yoxdu. Çünki o “girməyi” bacarmır. Çünki o kiminsə qabağında əyilə biləcək kişi deyil.

…Rövşən Əhmədov bilsəydi ki, nə vaxtsa onun haqda belə yazı yazılacaq, tüpürərdi o yaşıl meydana da, o topa da, əynindən çıxardığı o tərli futbolkalara da (Futbol+).

Xəbər Lenti