Pərvizə qarşı qurulan “oyun”, yoxsa...

8 Aprel 2020 16:00 Köşə 1 331
Pərvizə qarşı qurulan “oyun”, yoxsa...

“Survivor” şousundan Pərviz Abdullayevin ələnməsi sosial şəbəkələrin Azərbaycan seqmentində kəskin etiraza səbəb olub.

Sosial şəbəkə istifadəçiləri Pərvizin ələnməsi az qala dövlətlərarası münasibətlərdə yaşanan çat kimi xarakterizə edirlər.

Bundan istifadə edən təxribatçılar isə bu etirazları Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmə sferasına daşımağa cəhd göstərirlər. Hətta Pərvizin şounu tərk etməsini Mübariz Mənsimovun həbsi ilə əlaqələndirənlər də tapılır.

Qəhqəhə çəkməyə bilmirsən. Acun Ilıcalı pul qazanmağı bacaran istedadlı şoumendir. “Survivor” da ona pul qazandıran uğurlu layihələrdən biridir.

Vəssalam. Bu şounun əsas mahiyyəti pul qazanmaqdan ibarətdir. Ordakı iştirakçılar da bu məqsədə xidmət etməlidirlər. Oynamalıdırlar. Sözün bütün mənalarında oynamalıdırlar ki, proqram yaxşı gəlir gətirsin.

Oğlanlarımın da ona azarkeşlik etməsi ucbatından bu proqramın bir neçə çəkilişini izləməli oldum. Gəldiyim qənaət budur: İştirakçılar demək olar ki, hamısı “oyun” oynayır. Yalnız Pərvizdən başqa .

Pərviz “oyun” oynaya bilmir, o, döyüşçüdür. Xarakteri, hərəkətləri, davranışı ilə adam kimi adamdır Pərviz. Zatən, bunu şounun bütün iştirakçıları birmənalı olaraq qəbul edirlər. Amma onu da anlamaq lazım ki, bu tip şoularda öncə adam kimi adamlar qurban verilir.

Burda sağ qalmağa çalışmalısan. Sağ qalmaq üçün isə kiməsə arxadan zərbə vurmalısan, kiməsə, “quyu” qazmalısan, qruplaşma yaratmalısan. Bütün bunlar şouya baxımlılıq, deməli, həm də pul qazandırır.

Pərviz isə arxadan zərbə vurmağı, “quyu” qazmağı, qruplaşma yaratmağı bacarmır. O, üzbəüz döyüşün tərəfdarıdır. Amma təkdir bu şouda. Hətta şounu izləyənlərin də Pərvizin bu “fərsizliyinə” münasibəti birmənalı olmamalıdır.

Kimlərsə onu qınayacaqlar arxadan zərbə vura bilmədiyinə, “quyu” qazmağı bacarmadığına görə. Həmin şəxslər onun şouda qalmasını istəyirdilər.

Qalmaq üçün isə bunları bacarmaq lazım idi. Vəssalam. Məsələnin mahiyyəti bundan ibarətdir. Daha bunu dövlətlərarası münaqişəyə, kiminsə həbsi ilə əlaqələndirməyə nə ehtiyac var?

Üstəlik, Pərvizin şounu tərk etməsində xoş nüans da tapmaq mümkündürsə. Sizi bilmirəm, mən Pərvizin xarakterini dəyişmədiyinə, şounun şərtlərinə uyğunlaşmadığına, sona qədər adam kimi adam qaldığına görə sevinirəm.

Nöşün ki, şounun yeganə azərbaycanlı iştirakçısı bu xarakteri ilə milləti haqqında müsbət imic formalaşdırdı. Final-minal, qazanılacaq hansısa mükafat bu amilin fövqündə dura bilməz.

Hisslərə hakim olmaq, şounun mahiyyətini Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirəcək səviyyə salmaq cəhdi elə səviyyəsizliyin təzahürü olmalıdır.

Pərvizin belə təəssübkeşliyə isə heç ehtiyacı yoxdur.

Bəli, Pərviz “oyun” oynaya bilmədi. Elə yaxşı ki, oynaya bilmədi. Onun oynaya biləcəyi ən yaxşı oyun oğlanları ilə oynayacağı oyundur. Həmişə evində-eşiyində, Kobra!

Natiq Muxtarlı

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?