Əzmi ilə AFFA rəhbərliyini əzən adama təbrik!

23 Mart 2020 15:18 Köşə 1 359
Əzmi ilə AFFA rəhbərliyini əzən adama təbrik!

O, 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra başqa ölkədən sığınacaq istəmədiyi üçün ona 60 yaşında orden verilmədi.

O, Azərbaycan futbolunda intriqaların iştirakçısı olmadığı, futbolumuzun marağını şəxsi maraqlarına satmadığı üçün 60 yaşında dövlət mükafatı almadı, təqaüdə layiq görülmədi. Bütün bunlar onun heç vecinə də deyil.

O, 1992-ci ildə - kimlərsə Azərbaycanda təqib olunduğunu əsas gətirib xaricdən sığınacaq alanda, kimlərsə də şəxsi maraqları üçün “oyun”oynayanda cəbhəyə yollandı. Azərbaycanı qorumağa. Yollandı ki, Azərbaycan var olsun.

Var olsun ki, illər sonra xaricdə sığınacaq tapan geri qayıtsın, şəxsi maraqları naminə Azərbaycan futbolunu intriqa yuvasına döndərən də başda oturdulsun, orden alsınlar, təqaüdə layiq görülsünlər, yubileylərində şənlərinə təriflər deyilsin.

O, həm də onların yaxşı yaşaması üçün şərəfini qoruyurdu. Onun üçün bir gün şərəfli yaşamaq, orden, təqaüd almaqdan, tərif eşitməkdən min dəfə dəyərli idi.

Bilirdi ki, yaşadığı cəmiyyətdə belələrinə dəyər verənlər də olduqca azdır. Bilirdi ki, yaşadığı cəmiyyətdə şərəfli yaşamaq da çox çətindir. Amma o, bunun öhdəsindən gəldi. Özü də 60 yaşa qədər.

Başqalarının 6 gün şərəflə yaşaya bilmədiyi həyatda düz 60 ildir ki, qürurla gəzir. Ordenə layiq görülmədi, haqqında boğazdanyuxarı təriflər də yazılmadı. Amma dik gəzir. Hamının gəzə bilməyəcəyi tərzdə dik gəzir.

60 yaşında ona orden verilmədi. Amma əvəzində AFFA-dan təklif aldı: “Nazim Süleymanovun rəhbərlik etdiyi təşkilatdan çıx, sənə iş verək”. Təklif nə qədər şərəfsiz idisə, cavab da bir o qədər şərəfli idi: “Əqidəmi, qürurumu, mənliyimi satmıram”.

Adam bu əzmi ilə əzdi ona bu təklifi göndərənləri. Əzmədi ey, sındırdı! Azərbaycan futbolunda şərəfli insan olmağın nə qədər çətin olduğunu bir daha göstərdi. Və həm də onu göstərdi ki, cəmiyyətdə onun kimiləri dəstəkləyənlərin sayı nə qədər azdır. Amma bütün bunlar onun vecinə də deyil.

O adam elə o azlar üçün – şərəflə yaşayanları qiymətləndirənlər üçün mübarizə aparır. Onsuz da o tərifin heç bir önəmi yoxdur onun üçün. Tərif üçün tamarzı olmayanlardandır o.

Bilirəm ki, vecinə deyil bütün bunlar. Amma yenə də deyirəm: Heç nəyi vecinizə almayın. Siz AFFA-nın rəhbərliyini əzminizlə sındıran, onların idarəetmə prinsipinə tüpürən insansınız.

Onların iş təklifindən imtina etdiyiniz üçün bilirsiniz sizə necə nifrət edirlər? Bu imtina ilə onları adam yerinə qoymadığınızı göstərdiniz. Bu imtina ilə onların adam olmadığını sübut etdiniz. O işə görə onlara yalmanan, qarşılarında əyilən nə qədər əbləhin olduğundan da xəbərdarsınız.

Yaxşı ki, SİZ varsınız. 60 yaşınız mübarək NOVRUZ ƏZİMOV! SİZ, Azərbaycan futbolunda təbrik yazmağa layiq bildiyim 3-4 ŞƏXSdən birisiniz. ŞƏXSİNİZƏ böyük hörmət və ehtiramla:

Natiq Muxtarlı

Xəbər Lenti