Yalanın dostu Rəşad

15 Mart 2020 18:00 Köşə 1 880
Yalanın dostu Rəşad

"Keşlə" daxilində baş verənlər haqda artıq uzun müddətdir ki, saytımızda detallı məlumatlar verilir.

Qalmaqalların başında adı çəkilən adam isə Tərlan Əhmədovdur. Belə durumda adətən, klub bir açıqlama yayar, yazılanları təkzib edər.

Özü etməsə də, məlumat almaq üçün cəhd göstərən jurnalistə bu barədə açıqlama verər. Görünür, deməyə söz, danışmağa üz yoxdur.

"Keşlə"də Tərlan Əhmədovla qalmaqal yaşayan futbolçu bir deyil, iki deyil. Adı daha çox çəkilənlər isə Əfran İsmayılov və Rəşad Sadiqovdur.

Hər ikisi də kifayət qədər təcrübəyə malikdir. Azərbaycan futbolunda sözünü deyən, sanballı karyera sürən, müəyyən vaxtlarda millinin siması olan futbolçulardır. Amma görünür, bəzən peşəkarlaşmaq üçün bu sadalananlar da yetərli olmur.

Əfran İsmayılovdan baş verənlərlə bağlı açıqlama cəhdimizin boşa çıxmasını hardasa normal qarşılamaq olar. Mətbuatla hər zaman səmimi ola İsmayılovdan, ona olan müraciətimizə etik çərçivədə "rəhbərlik danışmağıma icazə vermir" cavabını aldıq. Əslində bu cavab verdiyimiz məlumatların təsdiqi idi. Əks halda "Keşlə" rəhbərliyi futbolçularına danışmaq qadağası niyə qoysun ki?

Amma Rəşad Sadiqovla bağlı durum heç ürəkaçan deyil. Yarımmüdafiəçi dəfələrlə telefonumuzu cavabsız qoydu. Cavab verəndə isə yalan danışdı. Bir sözlə, üzrü qəbahətindən betər oldu. Cavab verməməyin hardasa başa düşmək olar ki, danışmaq istəmir. Amma dəstəyi götürüb "10 dəqiqə sonra sizi yığacam" deyib yoxa çıxmağa nə ad verəsən? Həm də 2-3 gün ərzində bir neçə dəfə.

Axı sənin özün "Keşlə"də aldadılmısan. Maaş artımı sözü verilib, amma artırılmayıb. Aldadılmağın, yalan danışmağın necə murdar şey olduğunu özün üz-üzə qalıb hiss etməmisənmi? Bəs o zaman sən özün niyə bunu edirsən?

Başına gələnləri danışmaq cəsarətin yoxdursa, anladıq. Heç olmasa, dəstəyi götürüb "danışa bilmərəm, rəhbərlik icazə vermir" demək çoxmu çətindir? Vallah-billah, heç də çətin deyil. Çətin olanı, ağır olanı, iyrənc olanı sənin kiməsə yalan danışmağındır.

Unutma, sən bir milli üzvü olmusan, sən "Neftçi", "Qarabağ" kimi sanballı klubların şərəfini qorumusan. Futbolçu çəkinə uyğun davranış göstər. Özündən sonra gələn futbolçulara örnək ol. Sonra gec olacaq.

Bu gün-sabah karyeranı bitirəcəksən. Yalan danışmaqla baş məşqçinin yolunu gedincə, gec olmadan komanda yoldaşın olan Əfran İsmayılovdan etik davranışları öyrən, yalan danışmamağı öyrən. Bu, futbolçu karyeranı bitirəndə sonra da bir şəxsiyyət kimi sənə hər zaman lazım olacaq

Xanoğlan İmanov

Xəbər Lenti