Rövnəq Abdullayev üçün xaricdən gətirilən bahalı “qalxan”

11 Mart 2020 19:46 Köşə 3 484
Rövnəq Abdullayev üçün xaricdən gətirilən bahalı “qalxan”

Azərbaycanın futbol ictimaiyyəti, xüsusən də idman mətbuatı Ştuxlikdən eninə də, geninə də narazıdır.

Nöşün ki, avstriyalı heç kimi güngörməz yerinə almır.

Baxmayaraq ki, hakimliklə bağlı səhvlər də xirtdəkdəndir. Amma Ştuxlikin nə vecinə, avrosunu alır, kababdan yeyir, pivədən içir...

Ümumiyyətlə, Ştuxliki futbol ictimaiyyətini güngörməz yerinə qoymadığına görə alqışlayıram. Belə futbol ictimaiyyətinə bu da azdır. Vaxt var idi fağır Xaqani Məmmədovu yaş yuyub, quru sərirdilər. O da hər xırda səhvə, hər tənqidə cavab verirdi.

Vay o gündən ki, Xaqani Məmmədov hansısa jurnalistin zənginə gec cavab verəydi... Deyirdik ki, ay bala, Azərbaycan futbolunun bəlası Xaqani Məmmədov deyil. Heç Elxan Məmmədov da deyil, Rövnəq Abdullayevdir. Amma nə fayda. Elə dediklərini deyirdilər. “Rövnəq çiçidir, Xaqani pıxdır, o getsə, işlər düzələcək” deyirdilər. Xaqani Məmmədov getdi, amma işlər düzəlmək əvəzinə bir az da pisləşdi.

Məntiqlə, idman ictimaiyyəti “qığyedim” edib, səhvini qanmalı idi, başa düşməli idi ki, futbolumuzun əsas bəlası Rövnəq Abdullayevdir. Amma yenə də başa düşməyiblər.

Başa düşmək istəmirlər ki, Azərbaycan futbolunda hamı Rövnəq Abdullayevə işləyir. Hamı onu qoruyur. Hamı onun üçün qalxandır. Elxan Məmmədov da, Ramin Musayev də. Xaqani Məmmədov da qalxan idi.

Amma o qədər döşədiniz ki, müdafiə qabiliyyətini itirdi, yaxşı qoruya bilmədi Rövnəq Abdullayevi. Məcbur olub dəyişdilər.

Bu dəfə xaricdən “qalxan” gətirdilər. Bahalı. İndi də Avstriyadan gətirilən o bahalı “qalxan”a döşəyirlər. Amma faydası yoxdur, bu “qalxan” dözümlüdür, möhkəm dayanıb Rövnəq Abdullayevin qarşısında. Pul varsa, hər şey mümkündür. Avstriyadan yox, lap Avstraliyadan da “qalxan” gətirmək olar.

Futbol ictimaiyyəti isə öz işindədir. Yel qayadan nə aparırsa, onlar da bu “qalxan”a – Stuxlikə elə “xətər” yetirilər. Belə də davam edəcək. Elxan Məmmədov tənqid olunacaq, Stuxlik söyüləcək, amma Rövnəq Abdullayev qorunacaq.

Kim qoruyur Rövnəq Abdullayevi? Futbol ictimaiyyətinin özü, idman mətbuatı. İnciməyin ey, belə kəmağıl futbol ictimaiyyəti, idman mətbuatı olan ölkənin futbol təsərrüfatına elə Rövnəq Abdullayev başçılıq etməlidir. O, sizlərdən qat-qat ağıllı, fəndgirdir.

Natiq Muxtarlı

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"