Milliyə necə məşqçi lazımdır: İşləyən, yoxsa dişləyən?

11 Mart 2020 12:02 Köşə 1 504
Milliyə necə məşqçi lazımdır: İşləyən, yoxsa dişləyən?

Avropa Millətlər Liqası ikinci dəfə keçiriləcək.

Qitənin futbol həyatında yeni yarış olsa da, UEFA onun nizamını daha da yaxşı, maraqlı etmək naminə axtarışlardadır.

Bir sözlə, qitə futbol qurumu hədəfindən, niyyətindən əl çəkmək istəmir. Bəlkə də doğru edir və zaman hər şeyi yeni yarışın axarına uyğunlaşdıracaq. Lakin bu meydanda Azərbaycan millisi kimi “zəif bəndlər” üçün məncə, bu turnir böyümək, inkişaf etmək, irəli addımalamaq və s. naminə şansdır.

Niderlandın Amsterdam şəhərində Millətlər Liqasının 2020-21-ci illər mövsümünün püşkatma mərasimi Azərbaycan üçün yuxarıda qeyd edilənlər baxımından yaxşı hədəf, xeyirli turnir sayıla bilər.

Bu, həm də format baxımından daha uyğundur. Çünki bundan əvvəlki formatda millini favorit kimi görürdüksə, bu dəfə ayağımızı yorğana görə uzatmağa daha çox çalışaraq, onu daha ciddi qəbul etmək lazım gələcək.

Lakin bu, hədəflərin dəyişməsi anlamına gəlmir. Yenə də komanda üçün “qrupda qalib gəlmək əsas hədəf və yeganə vəzifədir” olmalıdır. Rəqiblərimizin hər biri üçün, yəqin, hədəf elə belədir. Bu səbəbdən maraqlı mübarizəyə də şahid olacağıq.

Bir məqamı da diqqətdən kənar qoymaq olmaz: püşkatmadan sonra yenə ictimaiyyət iki qismə bölünüb: yalnız qələbə deyənlərə və rəqiblərin üstünlüyünü tərif edənlərə.

Əlbəttə, tərəf-müqabillərə heç kim zəif deyə bilməz. Lakin bu qrupda qarşısına başqa vəzifəni qoyan komanda, zənnimcə, gərək meydana çıxmasın. Bu təbirlə yenə millinin sükanı arxasına keçirilən məşqçi Bakıya istirahətə gətiriləcək.

Bir yarışı yola verməklə pulunu artıqlaması ilə qazanıb evinə dönəcək, ya da bir-iki qələbə ilə sükan arxasında daha bir müddətlik də kard-blanş alıb, yenə qazanc götürməklə məşğul olacaq.

Bu səbəbdən artıq keçmiş təcrübəyə son qoyaraq, AFFA millinin qarşısına yüksək standartlı vəzifələr qoymalıdır, əks təqdirdə, qayda, münasibət dəyişməyəcək.

General olmaq istəməyən əsgərin aqibəti kimi, komanda da yerində sayacaq, deməli, maksimum vəzifələr uğrunda döyüşə girmədən yüksəlişdən də dəm vurmaq mümkün olmayacaq.

Axı, bu, Avropa çempionatı və ya dünya çempionatının seçmə mərhələləri deyil ki, qrupda favoritlərlə üz-üzə olaq və haradasa bəxt axtaraq.

BATI YAR

Xəbər Lenti