O, stadiona niyə gəlsin ki...

5 Mart 2020 15:04 Köşə 2 370
O, stadiona niyə gəlsin ki...

Peşəkar Futbol Liqasının prezidenti, gözəl dostumuz Ramin Musayevə deyirlər ki, koronavirusla bağlı futbol oyunlarını təxirə salmaq lazımdır.

O da gülüb cavab verir ki, stadiona gələn var ki? Elə ən etibarlı yer stadiondu.

Onu da qeyd edək ki, «Qarabağ»la «Sabah»ın son oyununa 34 minlik stadiona 300 tamaşaçı gəlmişdi.

Ramin Musayevin bir haqlı fikrini də qeyd edək. Bildirir ki, stadiona tamaşaçı yığmaq AFFA və PFL-in işi deyil, komandaların işidir.

Bir də müzakirələrə «12-ci oyunçu»nun prizmasından yanaşaq: o, stadiona niyə gəlsin ki... Futbolsuz meydana baxmağa?!

Premyer Liqa, sadəcə, prestij, özünəhörmət brendi olmalı, azarkeşlə görüşə, dəvətə çevrilməlidir. Azarkeşlərin stadionlara çox gəlməyəcəyi aydın olsa belə, klublar səhvlərini anlayıb, sanki ağızbaağız dolu arenadan sevənlərinə «qayıdın» sədası ilə səslənməlidir. Çünki incik düşmüş azarkeş qəlbini ovundurmaq o qədər də asan deyil.

Üstəlik, qışın «soyuq qəlbi»nin öz nağılını diktə etməyə başladığı bir vaxtda, hələ bir gecənin çağlayan vaxtında azarkeşi stadiona aparan qüvvə böyüklüyü, əzəməti ilə seçilməlidir.

Əminəm ki, həmin gecə Bakıya ən güclü klublardan biri də gəlsəydi, arena tam dolmayacaqdı. Bəlkə də azarkeşin hər zaman – şad gündə də, dar gündə də, sevimli komandasının yanında olması vacibdir.

Lakin bunun üçün həmin komanda da dəstək verəninə oyun bir kənara, mənəvi zövq, qida, ümid vermək üçün hər şeyi ortaya qoymalıdır.

Nəticə ilə olmasa belə, oyunla, sevgiylə, əzmlə. Bunu cəhd də yoxdursa, niyə azarkeş stadiona üz tutmalıdır? Elə düz edib, tutmur.

Şəhriyar Vəliyev

Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı