Bu millini boş verin!

5 Mart 2020 13:26 Köşə 1 179
Bu millini boş verin!

Qruplan danışıram sizə, qrupdan…

O qrupdan ki bir ucu Monteneqrodur, bir ucu Kipr, bir ucu da Luksemburq. Azərbaycan bu dörbücağın ən zəif «qarın»ıdır.

Çəkinmədən iddia edirəm bunu. Bizi burada böyük işlər gözləmir. Uğurun «u» hərfinə də ümid etməyə dəyməz. Ay zəif qrupdur, ay nə bilim nədir, ay birinci yeri tutmalıyıq…

Gedin, qarınızını qaşıyın, camaatı aldatmayın! Nə birinci yer, nə ikinci yer… AFFA-nın ümidinə qalan komanda üçüncü yeri tutsa, papağınızı 100 kərə göyə atın, sonra diz çöküb yeri öpün.

Heç nə olası deyil. bu Millətlər Liqasını da boş keçəcəyik. Rəqibləri əsla şişirtmirəm. Sadəcə, bizim milli hesab etdiyimiz komanda milli gücdən, iradədən uzaqdır, zəifdir. Bir atımlıq barıtı var yalnız. Yanından yel ötməsin, ötən kimi əyilir, bir də çətin qalxır.

Azərbaycanda heç kim tanımır rəqibləri, görməyiblər. Dünya futbolu sürətlə inkişaf edir, dəyişir, ayaq saxlamır. Monteneqro, Kipr və Luksemburq da yerində saymır, irəli baxır.

Nəvaxtsa Monteneqro və Luksemburqla oynamışıq. Nəvaxtsa… İt ilində, meymun ilində. Aradan çox keçib artıq. İndi deyə bilmərik ki, biz onları tanıyırıq. Tanısaq da, uzaqdan-uzağa.

Amma onlar bizi tanıya bilər, tanımalıdırlar da. AVRO-2020-nin seçmə mərhələsində üçündən də az xal toplayan komandayıq. Bizi bir qrupa saldığı üçün kor püşkə o qədər minnətdardırlar ki…

Yəqin ki, sonda təşəkkür borcunu geri qaytaracaqlar. Bəxtlərinə çıxmışıq, bu cür qiymətli «hədiyyə»dən niyə imtina etsinlər ki…

Hamının arzuladığı, amma hamının qismətinə düşməyən komandayıq. Bunu niyə etiraf etməyək ki?

Elxan Məmmədov deyir, milli maksimum hədəf uğrunda mübarizə aparacaq? Deyib, lap yaxşı da… Yarım ildən sonra görəcəm mübarizə meydanındakı komandanı.

Mən istəyirəm, özü də çox istəyirəm ki, Azərbaycanın adından meydana çıxan komanda qrupda birinci yeri tutsun. O maraqlıdır mənə – biz bunu kimlərlə edəcəyik?

Olanımız vur-tut 10-15 futbolçudur, onlar da son seçmə mərhələdə cəmi 1 xal topladı. Xorvatlar Bakıda üzümüzə xoş baxmasaydı, heç bu 1 xalı da əldə etməyəcəkdik. AFFA ötən illər ərzində çox iyrənc siyasət yürüdüb,

iddialı, imkanlı, bazalaşmış bir çox klubları futbol xəritəsindən silib. Bölgələrdən top oyununun ayağını yığışdırıb, stadionlar ağzı günə qalıb. Limit tətbiq edib, gənc nəsilin yolunu bağlayıb.

22-23 yaşlı futbolçusu «qoca» adlandırılan bir futbol təsərrüfatımız var, nə qoyub, nə axtarırıq indi? Seçim hovuz balaca Premyer Liqadan çıxanlarla, uzaqbaşı, iynə ilə gor eşmək olar, Millətlər Liqasında nəticə qazanmağı ağlınızın ucundan da keçirməyin.

Xəzər Hikmət

Xəbər Lenti