Emili qazanan kim, itirən kim…

4 Mart 2020 10:24 Köşə 1 005
Emili qazanan kim, itirən kim…

Emil Balayev qarşıdakı 3 ayda Azərbaycanda izləyəcəyik.

Məcburiyyət qarşısında qaldı, geri döndü.

Bu müddətdə «Zirə»nin qapısını qoruyacaq. Sadəcə, pul üçün deyil. Əskinas artıq ondan ötrü ikinci dərəcəlidir. Qismət olsa, yenə qazanacaq. Amma o gün bu gün deyil. Bu gün Emil üçün əsas məsələ oynamaq, praktika qazanmaqdır.

Yəqin ki, Zaur Həşimov 1-2 tur gözləməyəcək. Həftəsonu ona əlcək geyindirəcək. Boyan Zaqoviçlə Orxan Sadıqlı gələndən bəri baş məşqçini az «yandırmayıb».

«Zirə» ən zəif mövqeyini Azərbaycanın ən güclü qapıçısıyla gücləndirməklə, yəqin ki, artıq bir qədər rahat nəfəs alacaq. Doşab axtarırdılar, qabaqlarına bal çıxdı, indi «səni verənə min şükür» deyib, yola davam etmək, uğursuzluq zolağından çıxmaq lazımdır, vaxtıdır.

Allah eləsin, bu, Emilin Azərbaycana birdəfəlik qayıdışı olmasın. Mən hələ də bu qənaətdəyəm ki, o, Azərbaycanın son 10 ildə yetişən ən istedadlı, amma azərbaycanlılar kimi futbola yanaşmayan, evdəki isti sobanın böyrünə qısılıb, rəqabətdən qaçmayan qapıçısıdır.

Emil hamıdan fərqlənir bu mənada. Bir balaca dara düşən kimi qorxub getdiyi yerdən qaçan, dabanına tüpürən kimi tanıtmadı özünü. «Tobol»da qarşılaşdığı situasiya elə idi ki, erməni baş məşqçinin təyinatından sonra orada qalması mümkün deyildi, düzgün olmazdı.

Qriqori Babayanın özüylə bərabər gətirdiyi 3 erməni futbolçunun əhatəsində o, görünə, oynaya bilməzdi. Bu, çox həssas, mənəvi mövzudur. Peşəkarlıq kimi futbolun vacib detalları belə məqamlarda əriyib yoxa çıxır, öz dəyərini, mənasını itirir.

Mən ona heyrətlənirəm ki, necə oldu da, Qazaxıstanın özündə, yaxud bir başqa ölkədə, məsələn, Türkiyədə, Rusiyada, Avropanın şimal və cənubunda, hər hardasa Emilə ortabab klub tapılmadı. Axı o, istənilən ikinci dərəcəli çempionatlarda özünü göstərə biləcək səviyyədədir.

Norveçə transferinin alınmamasını bir menecer bacarıqsızlığı, etinasızlığıdır. Kimdirsə o, işinə barmaqarası yanaşıb, yola verib. Emil artıq menecerini dəyişməli, daha ciddi agentlərlə çalışmalıdır.

SV-sinə «Neftçi», «Ayntraxt», «Qarabağ», «Tobol», Azərbacan millisi yazılan bir qapıçının ortalıqda qalmasına səbəbkar menecerdir və Emil onu yerlərdə süründürən bu şəxslə vidalaşmasa, özüylə bərabər, bizlərin də ona bəslənilən ümidlərini torpağa basdıracaq.

Balayev qurduğumuz xəyalları suda batıracaq növbəti futbolçu olmamalıdır. Nə o, bunu haqq edir, nə də biz. İş ki belə gətirdi, daha nə etmək olar… Xoş gəlib, səfa gətirib.

Azərbaycan futbolu bataqlıqdır. Ümidi hər yerdən üzülənləri zorla özünə çəkir. Bu gəliş növbəti gedişin son stansiyası olsun. Buralarda itirməyək onu.

Üç minə baxmasın, beş minə dodaq büzməsin. Getsin e, getsin! Adamını tanısın, adamlarla yola çıxsın, adam kimi futbolunu bir də zay eləməsin!

Xəzər Hikmət

Xəbər Lenti