"Zirə"dən istefa verməsinə nə mane olur?

2 Mart 2020 13:12 Köşə 1 209
"Zirə"dən istefa verməsinə nə mane olur?

Belə gəlib, belə də davam edə bilməz. Hər işin olduğu kimi, bunun da bir sonu var.

"Zirə"nin Premyer Liqanın qış fasiləsini boşa verməsi bir faktdır artıq, dünən sübut olundu. Antalyada keçirilən yoxlama oyunlarında əldə edilən qələbələrin aldadıcı olması təsdiqləndi.

Belə görünür ki, aldatdı hamını. Klubun rəhbərliyini də, onlara inanan insanları da, baş məşqçini də, elə futbolçuların özlərini də. Sonuncular zənn etdi ki, artıq dünyanı fəth ediblər, qarşılarına çıxan tapılmayacaq. Zaur Həşimov da düşündü ki, çətinliklər arxpada qaldı, onu və komandası düz yoldadır.

Yarmıcan "Qəbələ" dünən üstün tərəf idi və son dəqiqələrdə də olsa, iki qol vurub, qalib gəldi. Həşimov isə deyir ki, hələ çempionatın tempini tuta bilmirik. Temp a…

Deyəsən, Zaur bəyin oyundan əvvəl hərarəti olub, final fiti çalınan kimi bir az da qalxıb. İndinin özündə də tempi tuta bilməməkdən gileylənirsə, "Zirə" rəhbərliyinin görəcəyi günlər qabaqdadır, proqnozu verə bilərəm.

Top artıq klubun sahibi Orxan Məmmədovdadır. Növbəti turadək bu gənc və işküzar insanın, nəhayət ki, baş məşqçi ilə yekun qərarı verəcəyini gözləyirəm. Nə gedir, "kisə"dən gedir.

Düzdür, "Zirə" daxilində Həşimova "torba" tikən yoxdur, lakin o, elə biridi ki, dünya-aləm umrunda da deyil. Müdafiə xəttinə aldığı futbolçuların hamısını yığ bir yerə, qatarla yola sal getsin!

Yenə deyirik, "Zirə"nin heç vaxt bu qədər bahalı heyəti olmayıb və bəlkə bundan sonra da olmayacaq. Əlini üstünə qoyduğu futbolçuları rəhbərliyə aldıran baş məşqçi temp tuta bilməməyi və zədəliləri məğlubiyyətə səbəb gətirməməlidir, "mən getdim, siz də ziyanın yarısından qayıdın" tipli istefa ərizəsi yazmalıdır. Gör, heç yazar?! "Zirə"nin axırına çıxanadək buradadır.

Ardıcıl 4 məğlubiyyət Həşimovun baş məşqçi yüksəkliyinə qalxan yolda nə qədər səhv etməsinin göstəricisidir. Bu ada yiyələnməyə çox tələsdi, çox.

Hələ bir neçə gözləməli, öyrənməli, təcrübə toplamalı, özünü tam hazır hiss edəndən sonra məsuliyyəti üzərinə götürməli idi.

Hazırda isə onunku yalnız sözdür, qoyasan sakit-sakit, ancaq boş-boş danışsın. Əlindən yalnız bu gəlir, bircə bu.

Şəhriyar Vəliyev

Xəbər Lenti