Qruplaşma, yoxsa jurnalist təşkilatı?

26 Fevral 2020 11:52 Köşə 1 619
Qruplaşma, yoxsa jurnalist təşkilatı?

Azərbaycan İdman Jurnalistləri Federasiyası yarandığı gündən hansı işlə məşğul olacağı bəlli idi.

Dostlara demişdim ki, bir təşkilatın yaranmasında Rəhimovla Abdullayevin “xeyir-duası” varsa, orda jurnalistikanın inkişafı üçün bir çimdik də xeyir tapa bilməzsiniz.

İnanmamışdılar, “axı avazları yaxşı gəlir” demişdilər. Buyurun, bu da onların avazı. Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri elə belə də deyib:

“Bizim federasiyanın hər hansı bir cəza mexanizmi mümkün deyil. Amma bütün idman federasiyaları, klublarla memorandum imzalayacağıq və onların qarşısında şərt qoyacağıq. Əgər idman mediasında inkişafa dəstək vermək istəyirsinizsə, bizimlə əməkdaşlıq edin.

Amma bir şərtlə. Əgər sizin maliyyələşdirdiyiniz online media, sayt təhqirə yol verirsə, siz də avtomatik olaraq həmin təhqirin iştirakçısı, dolayı yolla sifarişçisi olursunuz.

Belə olan halda? biz həmin sayta dəstək olan federasiya və ya kluba müraciət edəcəyik ki, reklam müqavilənizə yenidən nəzər salın. Belə olanda da, həmin qurumlar o saytlarla reklam əməkdaşlığında ehtiyat edəcək”.

Bu, bir jurnalist təşkilatının rəhbərlinin yox, hansısa terrorçu qruplaşmanın, məsələn? İŞİD və ya “Taliban”ın rəhbərlinin açıqlamasını xatırladır. Əgər açıqlamanı kimin verdiyi deyilməsə, güman edərsən ki, Əbdül Qəni Baradar danışıb.

Bircə saqqalı çatmır. Bir abzaslıq açıqlama başdan-başa hədə, şantajdır. Adam açıq-aşkar hədələyir - federasiyaları, klubları, şərt irəli sürür, “bunu belə edin, etməsəniz elə olacaq” deyir. Deyir ki, bizsiz heç kimlə reklam əməkdaşlığı edə bilməzsiniz. Edəcəksinizsə, təhqirlərin sizlər tərəfindən sifariş olunduğunu güman edəcəyik.

Təhqir demişkən, Azərbaycan idmanının problemləri haqda ömründə bircə sətir də yazmayan, yazdığı yəqin ki, ancaq tərifdən ibarət olan birisinin tənqidi təhqir kimi qəbul etməsi şəksizdir. Hələ belələrinin “möhtəşəm” bir arqumenti də var: “Azad Rəhimov, Rövnəq Abdullayev yaxşı adamlardır, onları niyə tənqid edirsiniz?”

Guya idman mətbuatında kimsə “Rövnəq Abdullayev, Azad Rəhimov pis adamdır” yazıb nə vaxtsa? Yazmayıb axı. Amma bunlara görə həmin şəxslər yaxşı adamlar olduqları üçün onların iş fəaliyyətini də tənqid etmək olmaz.

Bu tənqidlər təhqirdir onlara görə. Və Azərbaycan idman jurnalistlərinin yaratdığı, ya da Azərbaycanın idman jurnalistləri üçün kimlərinsə yaratdıqları təşkilata bu düşüncə sahibləri rəhbərlik edəcək.

Açıqlamadan aşkar görünür ki, bu təşkilat idman jurnalistikasında tənqidi boğmaq üçün yaradılır. Bu təşkilatın missiyası tənqidçi jurnalistikanı sıradan çıxartmaqdır.

Tənqidçi jurnalistikanın nümayəndələrinin ora dəvət olunması da Seyid Əhməd obrazı yaratmaqdır. Bunlar “ilanı” onların əli ilə tutmağı, tənqidi məhz tənqidçi jurnalistlərin sayəsində boğmağı planlaşdırılar.

Niyə Azərbaycanın idman jurnalistləri özlərinə sağlam təşkilat yaradıb özlərinə rəhbər seçə bilmirlər? Yarada, seçə bilmirlərsə, onlara bu da azdır.

Onların adından yaradılan təşkilat ya İŞİD, ya da “Taliban” düşüncəlisi olacaq.

Kimlərinsə mənafeyini güdəcək, özünü Əbu Bəkr əl-Bağdadinin, Molla Ömərin davamçısı hesab edəcək, amma heç bir halda idman jurnalistikasının marağını düşünməyəcək. İdman jurnalistləri ya yığışıb özlərinə təşkilat yaratmalı, ya da Əbdül Qəni Baradara biət etməlidirlər. İndi baxın də...

Natiq Muxtarlı

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!