"Neftçi" ilə oyunun QARANLIQ ROTASİYASI

23 Fevral 2020 15:40 Köşə 1 603
"Neftçi" ilə oyunun QARANLIQ ROTASİYASI

«Qəbələ»yə vaxt lazımdı deyirik, amma… Vaxt «Qəbələ»ni gözləmir. Heç gözləmir.

Durman hərəkətdədir zaman. Öz axarıyla gedir.

Elə «Qəbələ» də gedir. Zira, AFFA gələn mövsüm Premyer Liqa iştirakçılarının sayını artırmasa, biz bölgənin ən oturuşmuş və bazalaşmış klubunu I Divizionda görəcəyik.

Əlbəttə, həmin vaxt «Qəbələ» rəhbərliyi komandanın aşağı dəstədə çıxış etməsinə razılıq versə, «Xəzər Lənkəran» və «Karvan»dan olan həmkarları kimi davranmasa.

Qış fasiləsindən sonrakı uğursuz oyunlar seriyasına dünən daha biri əlavə olundu. «Neftçi» dağların qoynundan 3 xalı qoparıb özüylə apardı. Elmar Baxşıyev heyətdə rotasiya etməklə, komandasına yeni nəfəs qazandırmaq istədiyini deyib, lakin bu, heç də inandırıcı gəlmir mənə.

Atam-atam. Əsas heyətin 6 dəyişməz futbolçusunu ehtiyatda əyləşdirmək rotasiya deyil, nəsə, başqa şeydir. Hazırlıqlı oyunçu sayı onsuz da məhdud olan komandanın baş məşqçisi birdən-birə 6 nəfəri yanında əyləşdirirsə, burada başqa nələrsə var və təklif edirəm ki, araşdırılsın.

Futbolçu sarıdan cibində B və C variantı olmayan Baxşıyevin söylədikləri nədənsə mənə inandırıcı gəlmir və əminəm ki, tribunadan istefasını tələb edən azarkeş kütləsi düşərgədə baş verən hadisələrdən demək olar məlumatsızdır.

Açığı, mən özüm də informasiya içində üzmürəm, sadəcə, təcrübəmə əsaslanıb, iddia edirəm ki, Baxşıyevin əl atdığı rotasiya hansısa məcburiyyətdən irəli gəlib.

Hər bir halda məğlubiyyət məğlubiyyətdir, hesabatı olmalıdır. Azarkeşin uğursuzluqlardan yorulması, baş məşqçinin istefasını tələb etməsi futbolun təbii qanunudur. Fanat bunun üçündür. O, razılığını və narazılığını yerində, vaxtında bildirir, haqlıdır.

Sözsüz, «Qəbələ»nin obyektiv və subyektiv səbəblər üzündən iddiasızlaşmasını, səviyyəsit ilə öyünən əksər futbolçuların buradan ayrılmasını, təcrübəsiz gənclərin ümidinə qalmasını azarkeş başa düşür, dərk edir.

Sadəcə, təslimiyyətçilik ruhunun komandanın canına hopmasıdır onları narahat eləyən, dərdə salan. Çıx, oyna və uduz. Uduz, amma oyna. «Qəbələ» dünən oynamadı axı.

Tərlan Əhmədli ilə Qismət Alıyevin hakimin final fitindən sonra azarkeşlərin üstünə getməsi, «istefa» şüarlarına aqressiv reaksiya vermələri məni məyus etdi. Utanmadılar, demək.

Azarkeşdən üzr istəməli, başlarını aşağı salmalı olan futbolçuların bu hərəkəti qəbahətdir, hörmətsizlikdir, məsuliyyətsizlikdir, öz peşəsinə yuxarıdan-aşağı baxmaqdır. Ümid edirəm ki, klub rəhbərliyi lazımı ölçü götürəcək, həddini aşan Tərlanla Qisməti cəzalandıracaq, azarkeşin haqqını qoruyacaq.

Xəzər Hikmət

Xəbər Lenti