Bir komandanı necə məhv etmək olar?

23 Fevral 2020 11:40 Köşə 1 695
Bir komandanı necə məhv etmək olar?

Siz komandanı pis günə salıb, aradan çıxmağa hazırlaşan idarəçisiz?

Sizin fikriniz çörək yediyiniz qaba tüpürməkdir?

Siz yol verdiyiniz səhvləri başqalarının belinə yükləməyin tərəfdarı olan funksionersiz?

Sizin işdə nöqsanlar buraxdığınızı heç kimin bilməsini istəmirsiz?

Siz hər qazanda qaynayıb, heç nə olmamış kimi ortalıqda görünmək niyyətindəsiz?

Sizin...

Tamam, anlaşıldı!

Niyə uzağa gedirsiz, dağa-daşa düşürsüz, vurnuxursuz, fikir çəkirsiz? Etməyin, eləməyin, yormayın özünüzü.

O, gözünüzün qabağındadır.

O, biraddımlığınızdadır.

O, əlçatandır.

O…

O, Zaur Həşimovdur.

Verin ona bir komanda, görün, necə axırına çıxır, məhv edir.

Ürəyinizi buz kimi edin, Həşimov sizdən bunun üçün çox vaxt istəməyəcək. Bir qış fasiləsi ona kifayətdir.

3 oyun, 3 məğlubiyyət, 12 «yeyilən» qol. Bu, təsadüf deyil. Bu, «iş»dir. Bir komandanın qəddini əymək, kürəyinə xəncər saplamaq, qurşaqdan aşağı zərbə vurmaq üçün görülən məqsədyönlü iş.

«Zirə» qış hazırlığını 4 yeni futbolçu gətirməklə başa vurub. Davit Volkov ("Qəbələ"dən) və Ağabala Ramazanovdan ("Səbail"dən) sonra Syerra Leone millisinin 25 yaşlı müdafiəçisi Alie Sesayı ("Arda", Bolqarıstan) və "Zimbru" ilə "Şerif"dəki oyunları ilə tanış olan 27 yaşlı moldovalı yarımmüdafiəçi George Antonu ilə ilyarımlıq müqavilə bağlanıb. Yenidən heyətə qayıtmış 27 yaşlı serbiyalı müdafiəçi Yovan Krneta ("Levadiakos", Yunanıstan) isə mövsümün sonunadək heyətdə olacaq.

"Zirə"də heç vaxt bu qədər pul olmayıb və yəqin ki, bir də olmayacaq. Sağ olsun, Orxan Məmmədov! Bu səxavətli insanın sayəsinldə komandanın büdcəsi indi "aşıb-daşır".

Klubun idarəsiləri bütün qüvvələrini səfərbər edib, hətta bu yolda "Şüvəlan"ın axırına çıxıblar, əvəzedici heyətin üzvlərini maaşdan məhrum ediblər. Nədir, komanda avrokuboklara vəsiqə qazansın, kimlərinsə yanında üzləri ağ olsun.

Bu qədər xərci Zaur Həşimovdan xoşları gəldiyi üçün çəkmirlər. O, bir "sümük"dür, "ilişib" boğazlarına, əli yüngül "çöpçü" də tapa bilmirlər ki, dartıb çıxarsın. Nə illah edirlər, Həşimovdan məşqçi düzəldə bilmirlər ki, bilmirlər!

SPORTİNFO.AZ

Xəbər Lenti