Füzuli Məmmədov "Neftçi"nin futbolçularının onu döyməsinimi istəyir?

22 Fevral 20:50 Köşə 1 108
Füzuli Məmmədov "Neftçi"nin futbolçularının onu döyməsinimi istəyir?

«Neftçi» bu gün Füzuli Məmmədovla 4-cü rəsmi oyununa çıxdı, ikinci qələbəsini qazandı.

Qəbələ səfəri gözlənildiyi kimi keçdi.

Zəifləmiş və iddiasını itirmiş ev sahibləri üzərində əldə olunan 3 xal «Neftçi»nin gümüş medal şansını bir qədər də artırdı.

Çempionluq uğrunda mübarizənin davam etdirilməsi? Hələ tezdir bu haqda danışmaq.

Çünki «Neftçi»də sular bu aralar lal axır. Amma bu, nisbi sakitlikdir və müvəqqəti haldır. Füzuli Məmmədov «canlı bomba»dır və tezliklə bir fəsadı olacaq. Xeyr, o, özünü «kamikadze»lik etməyəcək, özünü partlatmayacaq.

Roberto Bordinin ayağının altını qazıb yerinə keçən keçmiş köməkçisi, açığını demək lazımdır ki, sözünün yerini, nə vaxt nə danışmaq lazım olduğunu bilmir.

Bunu ona anladan yoxdur yaxınlığında. Rəhbərliyi də elə onun ağlındadır. Necə deyərlər, atı bağlayarsan atın yanına, həmrəng olmasalar da, həmxasiyyət olarlar.

Füzuli Məmmədov 2:0 hesabıyla bitən qarşılaşmadan sonra böyük bir «quş» buraxıb, təcrübəsizliyini nümayiş etdirib.

Qələbə qazanan futbolçuları üçün «oyun tam ürəyimcə olmadı» nə deməkdir? Heç yeri idimi bu açıqlamanın?

Məmmədovun mətbuat konfransında bu sözləri işlətdiyi vaxt futbolçular paltardəyişmə otağında qələbə sevincini bir-birləriylə bölüşürdü. Az sonra xəbər tuturlar ki, bəs baş məşqçi onlardan media əhlinə şikayətlənib.

Nə hiss keçirdiklərini təxmin və təsəvvür edirəm. Qələbənin gətirdiyi şadyanalıq gözlərindən gəlir, 3 xal qursaqlarında ilişib qalır, gözlərinin önünə qaranlıq çökür və… Hamı bir nəfər kimi Füzuli Məmmədova ürəklərində nifrət bəsləməyə başlayır.

«Neftçi» burnundan o yanı görməyən, bir qram uzaqgörənliyi olmayan bu baş məşqçi ilə heç nə qazanmayacaq. Qazansa, bir Kamran Quliyev qazanacaq, bir də Ceyhun Sultanov.

Füzuli Məmmədov onlara hər mənada sərf edir. Bəli, yalnız onlara. Prezident də, idman direktoru da yumurtadan yun qırxandır, 2 ildir klubun altından vurub üstündən çıxırlar.

Füzuli Məmmədovun bu kimi işlərdə əli olmasa da, təcrübəsizliyi onu daha tez «yandıracaq».

Bir müddət sonra «Futbolçular «Neftçi»nin baş məşqçisini döydü» başlıqlı xəbərlər medianın manşetlərini bəzəsə, o, buna görə göz yaşı axıtmamalı, bu gün Qəbələdə ağzından qaçırdığı ehtiyatsız fikirləri xatırlayıb, günahı özündə axtarmalıdır.

SPORTİNFO.AZ

Xəbər Lenti
7 Aprel 19:16 Rüşvət veriblər?
7 Aprel 15:18 Messi "İnter" yolunda?