Abrını itirmişlərin milliləşdirdikləri

19 Fevral 2020 15:06 Köşə 1 468
Abrını itirmişlərin milliləşdirdikləri

Alın, sizə bir də Sezar Meza Kolli!

Yeyin, için, kef edin! Canınız sağ və sulu, cibiniz dolu olsun!

Yerdəkilər az idi, biri də burdan ıxdı. Mehdi, Dmitri, Peyman, Riçard, Anton, Elli, Eddidən əlimiz doşaba batmışdı, indən sonra Sezarla əlimiz bala, bəhməzə batacaq.

Yüksək sürətlə ikiminlərin əvvəlinə qayıdırıq. Qaza basıb, futbolumuzu qaz yerinə qoyan AFFA-ya milliləşdirmə necə xoş gəlibsə, yenə «damar»ı tutub, ən rahat yolu gedir.

Onlara gözəl görünür bu mənzərə: dağıstanlı qapıçı Mehdi topu oyuna daxil edir, ukraynalı müdafiəçi Anton onu bir qədər irəliyə, toqolu Eddiyə ötürür. O da öz növbəsində qazaxıstanlı Dmitrini «yuvarlaq meşin»lə təmin eləyir. Sıra braziltyalı Riçarda çatır və budur, top artıq iranlı Peymanın ayağındadır.

AFFA futbolu voleybolun gününə salıb. Yenə Skazkaları top oyununa pərçim edirlər. Guya bizimkidir. Guya qanı qanımızdandır. Guya…

Guya-filan yox. AFFA milliləşdirilənlərdən ibarət millini ortalığa çıxarmaqla futbol və futbolçu adına olanlarımızı, qalanlarımızı təhqir edəcəyinə and içib. İkinci bir fikirləri, məqsədləri yoxdur, yox!

Axmaq deyillər, bilirlər ki, bir Sezarla, bir Riçardla, bir Nazarovla milli düzəlməyəcək, nəticələr «bəh-bəh» olmayacaq.

Özlərinin də məlumudur ki, nə Sezar, nə ondan əvvəlkilər, nə də sonrakılar barmağa «çiş» eləməyəcək. Amma onlar onlar lazımdır. Hər mənada.

Azərbaycanın formasında bir yadellini, əcnəbini, dərə adamını görmək AFFA-dakıları məst edir, ürəklərinə sərin pivə, viski səpir.

Təhqirdir, saymazyanalıqdır, biveclikdir bunun adı. Sezar «Keşlə» səviyyəsində bir komandanın lider iola bilər. Dəfələrlə Azərbaycandan gedən və geri qayıdan bir legionerdən milli futbolçusu düzəltmək, onu belə təqdim eləmək sırf qrup maraqlarına xidmətdir, Elxan Məmmədovla Zaur Axundovun korporativ işbirliyinə, çıxarlarına xidmət edən maraqdı bu.

Bəzən yada salırlar ki, hə, nə olsun, 66-da SSRİ çempionatının bürünc medalını qazanan «Neftçi»nin heyətində də cəmi 3 azərbaycanlı çıxış edib.

O vaxtın millisi («Neftçi») yenə SSRİ kimi böyük və güclü futbol ölkəsinin 3 ən güclü komandasından biri olmağı bacardı. Yeni nəsil legionerlərlə günümüzün millisi kiçik çaplı hansısa uğur qazanacaqmı? Söz verən var buna?

Yenə qrupda sonuncu yeri tutmamaq üçün mübarizə aparacağıq da, görəcəyimiz bundan artıq olmayacaq.

AFFA hər 1-2 aydan bir ölkənin futbol ailəsinin üzvlərinin sayını açıqlayır, mətbuatın içinə dürtdüyü dessantların, «mirzələr»in diliylə qürrələnir. Dəqiq rəqəmi yadıma sala bilməsəm də, dumanlı şəkildə xatırlayıram ki, həmin sayın başı artıq çoxdan ala buludlara dəyir.

Mən Elxan Məmmədovdan o həyasızlığı da gözləyirəm ki, çıxıb desin, Azərbaycan futbolu məqsədyönlü və uğurlu fəaliyyətimizin nəticəsində topun arxasınca düşənlərin sayında Almaniya, İspaniya, Niderlandla, başqalarıyla ayaqlaşır.

Ondan nə desən çıxar, dedi, dedi də. Üzünün arı yox, abırı yox, həyadan getmiş adamdır.

Saxta hesabat hazırla, sonra da gəl, sezarları milliləşdir, yeni əcnəbilər axtar, düz-qoş elə. Yadları futbol ailəsinin içinə soxuşdurmaqdan zövq alan Elxan Məmmədova mən nə deyim… Daha nə deyim..?

Xəzər Hikmət

Xəbər Lenti