Mahir - "Sevilya"dan fermaya və ya 22 yaşlı "körpə"

18 Fevral 2020 12:28 Köşə 1 724
Mahir - "Sevilya"dan fermaya və ya 22 yaşlı "körpə"

Blir xəbər çıxdı qabağıma, o ki var güldüm!

Oxuduğum bu oldu ki, Mahir Emreli transferdə ən çox adı hallanan futbolçular siyahısında yer alıb.

Məşhur “transfermarkt.com” saytının “hərəkətlilər” bölümündə azərbaycanlı futbolçulardan yalnız onun adı qeyd olunub.

Demə, Mahir transfer dönəmində başqa klubların ən çox diqqətini çəkən azərbaycanlı futbolçu imiş. Adı indiyədək 10-dan çox fərqli komanda ilə hallanıb. Bu isə azərbaycanlılar arasında ən yüksək göstəricidir.

İnanmaq çətindir, təki belə olsun! Sayt Emil Balayevlə Mahir Emrelinin dəyərini 1 milyon 200 min avro göstərib. Balayevin 1-2 ilə dəyərinə dəyər qatacağı gözləniləndir və realdır. Yetər ki, Azərbaycana qayıtmasın, "Tobol"dan sonra başqa bir ölkəyə getsin, neyləyir eləsin, legioner həyatı yaşasın. Qazaxıstandan bura dönüş etsə, çətin ki, bir də çıxışı olsun harasa. Nə qədər fürsətdir, necə ki təklifləri var, birini dəyərləndirsin. Pulu hesaba qatmasın, azlığına aldanmasın, razılıq versin. Emilin potensialı böyükdür, futbola baxışı "ana uşağı" kimi evin dörd divarı arasına sığınan əksər həmkarlarından fərqlənir. Bir az böyük düşünəndir, ağlı-başı yerindədir, xüsusən Qazaxıstan təcrübəsinin ona çox şey qazandırması fikrindəyəm.

Mahir… 22 yaşlı hücumçunun 2016-cı ildə 50 min avro qiyməti var idi, “transfermarkt.com” indi üstünə 1,150 milyon gəlib.

Həmkarlarımız 1 ildən sonra Mahirin qiymətini 2 milyon, hətta 5 milyon da göstərə bilər. Nəyə əsasən bu hesablamanı apardıqları mənə məlum olmasa da, hər halda maraqlıdır. Qiymət artımını, yaxud qiymət düşününü hansı kriteriyalarla müəyyənləşdirirlərsə, mənə elə gəlir ki, əllərindəki o "aparat" düz işləmir, səhv göstərir.

Həmin "cihaz" ilə Mahirin futbolunu yox, beyin yarımkürəsini qiymətləndirmələri gərəkdir. Görsünlər və bilsinlər ki, 22 yaşlı bu "uşaq" nə yeyir, nə içir, nəylə nəfəs alır, hansı bədən üzvüylə fikirləşir, ümumiyyətlə, qərar vermə hissiyatı, gücü varmı onda?

"Seul"dan "Sevilya"ya kimi bir çox təklifləri dəyərləndirməyən, gah yaxınlarının, gah məşqçilərinin məsləhətiylə geri çevirən hücumçunun öz gələcək müqəddəratını müəyyənləşdirmək iqtidarında olmamasına təəssüflənirəm.

Allah futbolçu kimi parlaması üçün heç nəyi ondan əsirgəməyib. Gəl ki, o, şadlığına şitlik edir, önündə açılan qapılara təpik atır, zənn eləyir ki, həyat belə gəlib, belə də gedəcək. Heç sabah, sabahkı gün haqda 1 dəqiqə də olsun düşünmür.

Onun ayağına gələn fürsətlər kimin qarşısına çıxsaydı, illər öncə legioner həyatı yaşamağa başlamışdı.

Artıq 22 yaşı var, hələ də Azərbaycandakı boş stadionlarda ora-bura qaçır. Böyük çempionatlarda və arenalarda özünü göstərməyə, şansını yoxlamağa qorxur.

Ona belə xoşdur: meydanda Qurban Qurbanov başını sığallasın, evdə də valideyni. Bu da Mahirin bir cür faciəsi, bədbəxtliyidir.

Yatıb-durub özünü görməyin axırı qorxaqlıqdır. Qorxan gözə isə mütləq bir gün çöp düşər. O gün isə biz Mahiri nə "Qarabağ"da izləyəcəyik, nə də iddialı başqa bir klubda.

Sorağını İspaniyadan, Türkiyədən, üçüncü ölkədən almayacağıq. Onda o, olması gərəkən yerdə olacaq - Zaqatalada, dayısının ixtiyarına verdiyi fermada.

Mal-qarayla "selfi" çəkdirib, "instagram"da paylaşacaq, bununla özünü xoşbəxt hiss edəcək qədər "körpə"dir Mahir.

Xəzər Hikmət

Xəbər Lenti