Rövnəq Abdullayevi qorxuya salan adam

13 Fevral 2020 18:06 Köşə 6 768
Rövnəq Abdullayevi qorxuya salan adam

AFFA rəhbərliyinin kürkünə birə düşüb.

Rövnəq Abdullayev Elxan Məmmədova göstəriş verib ki, ölkədə nə qədər yaltaq-yultaq, onun güngörməz yerindən öpməyə hazır olan veteran futbolçu varsa, hamısını bahalı otelə yığsın.

Planı təxminən elədir. Yəni güngörməz yerini öpdürmək niyyətində olmasa da, bu yaltaq-yultaqlara özünü təriflətdirmək, sonra da onların adından ölkə rəhbərliyini yepyekə bir bəyanat göndərmək niyyətindədir.

Rövnəq Abdullayevin dəstəsini qorxuya salan nədir? Nazim Süleymanovun sədri olduğu AFFA Həmkarlar İttifaqının üzvləri Azərbaycan prezidentinə məktub yazıblar. Məktubda ölkə futbolunun acınacaqlı durumu göstərilib, Rövnəq Abdullayevin dəstəsinin törətdiyi cinayətlər sadalanıb. Məktub ünvana çatıb. Məktub ünvana çatınca da, birələr daraşıb Rövnəq müəllimin kürkünə.

Qorxu kopayoğlu şeydir. Rövnəq müəllim Elxan Məmmədova, o da “Neftçi”nin sabiq sürücüsü Oqtay Abdullayevə göstəriş verib. Oqtay Abdullayev yaltaq-yultaq veteranları sürü şəklində gətirməlidir o tədbirə. Bilirsiniz nə qədərdir onlar... Sayı yox, hesabı yox. Hamısı növbəyə düzüləcəklər Rövnəq müəllimin şəninə tərif demək üçün.

Bax, Azərbaycan futbolunun əsas problemi budur. Biz, Rövnəq Abdullayevi, Elxan Məmmədovu ittiham edirik. Amma futbolumuzda ləyaqəti, vicdanı olan, həqiqəti deməyi bacaran veteranların sayı çox olsaydı, bu gün nə Rövnəq Abdullayev olardı, nə də Elxan Məmmədov. Elə futbolumuz, o həqiqəti deyə bilən vicdanlı, ədalətli veteranların nəzarətində olardı.

Amma onlar azdırlar. Lap az. Gördünüz, AFFA Həmkarlar İttifaqı yaranandan sonra nə qədər veterana iş verdilər. Gördünüz, 300-500 manata görə Nazim Süleymanovu satanları? Nazim müəllim buna görə qətiyyən təəssüflənmir. Hər halda həmin veteranlar çörək tapıblar. Amma soruşsan, “Rövnəq Abdullayevin çörəyini yeyirik” deyəcəklər. Ancaq yedikləri Nazim Süleymanovun çörəyidir. Məhz bu təşkilat yaranandan sonra çörək tapdılar.

İndi də bahalı oteldə Rövnəq Abdullayevin şəninə tərif demək üçün çıxış hazırlayırlar. Ola bilsin, Nazim Süleymanovu da ittiham edəcəklər orda. Onu, ölkə futbolunun bütün problemlərinin baiskarı sayacaqlar.

Olsun. Biz isə Nazim Süleymanovu təbrik edirik. Fevralın 17-də onun 55 yaşı tamam olur. Və həm də təzyiqlərə baxmayaraq AFFA Həmkarlar təşkilatında qalmağa cəsarəti çatanları təbrik edirik. Məhz onların cəsarəti sayəsində AFFA rəhbərliyinin kürkünə birə düşüb. Dostlar, bilmirsiniz, birəni təmizləmək üçün effektiv üsul hansıdır?

Natiq Muxtarlı

Xəbər Lenti