AFFA-ya bir “pişik” gəldi və ya Sadıqov piramidanı harda tikir?

10 Fevral 2020 16:34 Köşə 1 772
AFFA-ya bir “pişik” gəldi və ya Sadıqov piramidanı harda tikir?

Vaqif Sadıqov AFFA-nın vitse-prezidenti seçilər-seçilməz ideya verdi (guya futbol adamdır, futbolun cikini də, bikini də bilir görüntüsü yaratmaq lazımdır axı) ki, Azərbaycanda U-23 yığması yaradılmalıdır.

Fikrini də belə izah etdi ki, yığma komanda piramidanın zirvəsidir (fikir özü də oğurluqdur, Ağasəlim Mircavadova məxsusdur), guya bu piramidanın zirvəsinə çataçatda – U-21-lə əsas yığma arasında boşluq varmış.

Nə deyirəm ki. Amma əvvəlcə gəlin Üzeyir Hacıbəylinin məşhur "Biz nə tövr iş görürük?" felyetonunu birgə oxuyaq. “Məşhur” deməyimə baxmayın, bilirəm ki, bu felyetonu çoxlarınız oxumayıbsınız. Vaqif müəllim isə heç oxumayıb. Nöşün ki, bu felyeton önün iş prinsipinə çox xarakterikdir. Oxusaydı, belə iş görməzdi: "Qonşularımız siçan boyda iş görəndə biz yatmışdıq.

Sonra onların işi böyüyüb keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda iş görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda işi irəliləyib camış yekəlikdə oldu, amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq ki, qonşularımız fil boyda işlər görməyə başladılar.

Qərəz, gözümüzü ovxalayıb dedik ki, nə var, biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə. Axırı nə oldu? Axırı belə oldu: filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik gəlin təzədən başlayaq.

Ancaq burasını iqrar eləyirik ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə, dəvə.

Qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq. Ondan balaca nədir? Camışdır. Başlayırıq camış boyda işlər görməyə, lakin camışa da gücümüz çatmır.

Aşağı enirik (halbuki qonşular fildən yuxarı çıxırlar). Deyirik ki, eşşək boyda işlər görək, amma eşşək də bizə güc eləyir.

Tuturuq keçini. Görürük ki, keçiyə də tap gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə. Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi! Biz belə iş görürük".

Əlqərəz, o siçan boyda iş uşaq futboludur. Vaqif Sadıqovun dediyi o piramidanın bünövrəsidir. Bu bünövrə olmasa, nə U-17, nə U-19, nə U-21 yığması olar, nə də əsas yığma. Necə ki, yoxdur Azərbaycanda.

Amma Vaqif müəllim bu olmayan yığmaların arasına U-23 yığması pərçim etmək niyyətindədir. Yəni piramidanın zirvəsinə bir addım qalmış nəsə tikmək istəyir. Amma piramidanın bünövrəsi də yoxdur.

O bünövrə - yəni siçan – uşaq futbolu rəhmətlik Fuad Musayevin AFFA-ya rəhbərlik etdiyi dönəmdə qurulmuşdu. Rəhmətlik Ramiz Mirzəyev də pis-yaxşı, bu iş davam etdirirdi.

Amma 2008-ci ildə AFFA-ya bir “pişik” gəldi və o “siçanı” hopp edib yedi. Ta o vaxtdan bəri bizdə heç nə düzəltmək istəməyiblər. Daha doğrusu, filin, camışın ayağını düzəldiblər, amma sonra görüblər ki, bunlarlıq deyil.

2008-ci ildə hopp edib yedikıri “siçan”ın – uşaq futbolunun qurulması isə yadlarına da düşməyib. İndi Vaqif müəllim deyir ki, piramidanın zirvəsinə çatmaq üçün bu pilləni – U-23 yığmasını tikməliyik. Vaqif müəllim, siz Allah, bünövrə yoxdursa, onu harda tikəcəksiniz? Fəzada?

Natiq Muxtarlı

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"