Tərlan Əhmədov cin-şeytanların əlindən hara qaçsın?

9 Fevral 2020 15:46 Köşə 1 533
Tərlan Əhmədov cin-şeytanların əlindən hara qaçsın?

Bayılı qaytarardılar, «ASK Arena»nı qurban verərdim…

Tərlan Əhmədov bu dəqiqə ötən günlərin xatirəsi ilə yaşayır, xiffət və nisgil çəkir.

Heyf deyildi «Bayıl Arena»…

Rəqiblərin soyunub-geyinmə otağına həşərat dərmanı səpirdin, divarlara ox şəkli çəkirdin, sonra da hakimlərin də yardımıyla udurdun. Qonaq komandaları necə xof basırdısa, qorxudan ayaqları əsir, meydana tərəfə getməmiş artıq məğlubiyyətlə barışırdı.

Tərlan Əhmədov nəyi də bilməsə, nədən başı çıxmasa da, belə işlərin sənətkarıdır. O, nədən və haradan başının çıxması hər kəsdən, hamıdan yaxşı bilir. Bu bacarığı, fərasəti şəkk-şübhəsizdir. Qarşısındakını yalanlarına inandırmaq, ovsunlamaq, ələ almaq onunçün su içmək kimi bir şeydir yəni.

«ASK Arena»nı yandırmaq lazım. Güman ki, bu fikir artıq Tərlan Əhmədovu dərindən məşğul edir. Neyçün ki, şəhərin mərkəzində yerləşən, uzunmüddətli təmirdən çıxan stadion ona, komandasına düşmür. Şəninə 400 manatlıq təriflər yağdırılan baş məşqçinin canı yanmasın, neyləsin!

«Keşlə»nin burada axırıncı dəfə Nuh əyyamında qələbə qazanıb. «ASK Arena»nın səmasında bəd ruhlar dolaşır, mənfi qüvvələr, cin və əcinnələr at oynadır.

Onların əl-ayağını yığışdırmaq, uzaqlaşdırmaq vaxt aparacaq. Hamısına əncam çəkənə kimi mövsümə yekun vurulacaq. Klub rəhbərliyi isə Əhmədovdan avrokuboklara vəsiqə tələb edir, vədini yerinə yetirməsə, qovacaqlar onu.

Şeytana vəkillik etməyi xoşlamayan Tərlan bəy indiki işini min bir zülmlə əldə edib. Bu yerə yetişmək üçün hər cür əzaba qatlaşıb, əziyyəti gözünün altına alıb. Əlbəttə, o, özünü bəxtəvər sayır ki, Zaur Axundov boyda nəhəng şefi var. Axı zəhmindən yer yarılan ikinci belə rəhbəri bir də hardan tapasıdır… Əlbəttə, Əhmədov zərin də, zərgərin də qədrini, qiymətini biləndir, hər nə olur-olsun, rəhbərini sevindirmək həvəsi, iddiası ilə komandanın başında dayanıb.

O, anlayır ki, «Keşlə»ni uğura aparan yol «Bayıl Arena»ya qayıdışdan keçir. Gəl, bundan sonra «ASK Arena»nın otaqlarını dezinfeksiya elə, dəhlizə su səp, qapıların ağzına nəsə bir yağ sürt… Of, həngamə budur e!

«Bayıl Arena» hazır varıydı da… İş də gedirdi, nəticə də gəlirdi. «ASK Arena» «Keşlə»yə «məzar» olmasın kaş…

Şahrux Qadoyevin «ASK Arena»da qoluyla önünə atıb, ayağıyla «Səbail»ə vurduğu, amma sayılmayan bərabərlik qoluna baxdız. «Keşlə»nin hücumçusu bu qolu «Bayıl Arena»da rəqibin qapısından keçirsəydi, mütləq sayılacaqdı.

Özbək əkə o gözəl məkanda lap Maradona-fason əllə qol atsaydı belə, hakim özünü korluğa vurub, mərkəzi göstərəcəkdi. «ASK Arena»da bunu eləmək olmur, həm şəhərin mərkəzidir, görən-bilən çoxdur, həm də bura yığışan gözəgörünməz, fövqəlbəşər qüvvələr «Keşlə»ni lənətləyib.

Buna təcili əncam çəkilməlidir. Deyirəm, bir təklif verim «Keşlə»nin baş məşqçisinə, yazıqdır. Qoy, danışsın «Səbail»lə, stadionları dəyişdirsinlər. «Keşlə» Bayıla köçsün, «Səbail» də «ASK Arena»ya.

«Səbail» 12 tur Bayıl yamacında sürüşəndən sonra gəldi, «ASK Arena»da ilk qələbəsinə qovuşdu. Ora onlara da düşərsizdir onsuz. «Keşlə»yə də bura. Dəyiş-düyüş olsa, bundan iki klub da qazanar.

Təklifim ağlınıza batdımı, Tərlan bəy? İnanmayacağınıza inanmıram, açığı.

Xəzər Hikmət

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"