Dozanı azalt, Rövnəq müəllim!

27 Yanvar 2020 14:43 Köşə 4 082
Dozanı azalt, Rövnəq müəllim!

Dünyanın istənilən ölkəsində, lap Əfqanıstanda belə məlumat yayılsa, adamın qulağından tutub (Əfqanıstanda, yəqin ki, başqa yerindən) deyərlər ki, atam-qardaşım, bəri gəl, de görək, hardadır onlar...

Amma bura dünyanın başqa ölkəsi, heç Əfqanıstan da deyil. Bura Azərbaycandır. Burda belə məlumata görə adamın qulağından yapışmırlar, başına sığal çəkirlər, deyirlər ki, get daha 12 il AFFA prezidenti ol.

Nədən danışıram? AFFA məlumat yayıb ki, Azərbaycanda futbolla məşğul olan şəxslərin sayı 200 minə çatıb. Allah, Allah, yalanın da bir həddi olar. Əhalisinin sayı 2 milyard olan Çində də bu qədər adam futbolla məşğul olmur ey.

Deyirsiniz ki, Çin futbol ölkəsi deyil. Olsun, nə deyirəm ki, amma bu 200 minin futbol oynaması üçün stadionlar lazımdır, ya yox? Harda məşğul olur bu 200 min şəxs futbolla? Bunun üçün ölkədə infrastruktur varmı?

Bəlkə Bakı şəhərindəki tıxaclar məhz futbolla məşğul olanların ucbatından yaranır?

Bəlkə bunlar yollarımızda futbol oynayırlar?

Sürücülər də özlərini saxlaya bilmirlər, avtomobillərin işıqlarından projektor kimi istifadə edərək, yollarımız arenaya çevirirlər, özləri də uşaqlara azarkeşlik edirlər.

Beləcə, tıxac yaranır Bakımızda. Futbol kefinin yaratdığı tıxac.

Sizi bilmirəm, məni bu “kef” - 200 min azərbaycanlının futbolla məşğul olması yaman narahat edir. Bu, hansısa ciddi bir psixoloji xəstəliyin əlamətidir. AFFA prezidenti Rövnəq Abdullayev yaydırdığı yalanlara nəinki cəmiyyətin inandığına inanır, həm də özü bu yalanlara inanır. Danışdığın yalana inanmaq xəstəliyi. Yəqin ki, tibb elmində bu xəstəliklə bağlı məlumat var. Çalışaram, xəstəliyin elmi adını doktor Naib Abdulladan öyrənim.

Amma indi gecikmək olmaz. Rövnəq müəllimə xəbərdarlıq etmək lazımdır ki, yalanın dozasını azaltsın. Hərçənd azaldacağını da güman etmirəm. İndilikdə əlac qalır psixoloji söhbətə.

Hesab edirəm ki, psixoloq dəvət olunmalı və AFFA-nın bütün rəhbərliyi üçün “öz yalanına inanmaq” sindromundan qurtulmaq üçün reabilitasiya kursu keçilməlidir. Psixoloq xaricdən dəvət edilməlidir. AFFA rəhbərliyi yerlilərə reaksiya göstərmir. Bu zalım uşaqlarının xəstəlikləri də xaricidir.

Bu məsələ həllini mütləq tapmalıdır. Nöşün ki, yanvarın 28-də Rövnəq Abdullayev yenə də AFFA prezidenti təyin olunacaq.

Ola bilsin ki, daha 12 il. Və 12 ildən sonra Azərbaycanda 20 milyon insanın futbolla məşğul olduğu barədə məlumatın yayılma ehtimalı yaranır. Xəstəliyin miqyasını təsəvvür edirsiniz? 20 milyon deyirəm ey...

Natiq Muxtarlı

Xəbər Lenti