"Neftçi"nin mənzərəsi: Axşamın xeyri, yoxsa gündüzün şəri?

21 Yanvar 2020 18:45 Köşə 1 253
"Neftçi"nin mənzərəsi: Axşamın xeyri, yoxsa gündüzün şəri?

Roberto Bordinin "Neftçi"dən göndəriləcəyi bəlli məsələ idi. Amma di gəl ki, italiyalı məşqçi ilə klub arasında bağlanmış müqavilə və ağır təzminat şərtləri rəhbərliyin əl-qolunu bağlayırdı.

Elə klubun Müşahidə Şurasının sondan əvvəlki iclasında da böyük ehtimalla, bu nüans nəzərə alınmış və mövsümün qaraşıdakı hissəsinin hazırlığında baş məşqçinin vəzifəsində qalması və komandanın onun rəhbərliyi altında Antalyaya yollanması qərara alınmışdı.

Amma komanda daxilində işlər heç də qaydasında deyildi. Stiven Monrozun toplanışa qatılmaması, Dario Frederikonun Bakıda saxlanılması, Baqali Dabonun məşqçi ilə münaqişələri, demək olar ki, hər gün mətbuatda gündəm olurdu. Artıq klubda vəziyyət idarəedilməz bir hala gəlmişdi.

Bütün bunların fonunda heç nə baş vermirmiş kimi davranmaq da olmurdu.

Klub rəhbərliyi isə çarəsiz şəkildə hər şeyin üstünü malalamaq istəyirdi.

Bunun üçün Mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev qəfil bir açıqlama verdi və hər şeyin qaydasında olduğunu, yazılanların isə reallığı əks etdirmədiyini bildirdi.

"Neftçi" rəsmisi, necə deyərlər, olanları olduğu kimi yazan mətbuata şər atırdı. Onları düz yazmamaqda, yalançılıqla ittiham edirdi. Həm də günün günorta vaxtı, hamının gözünün içinə baxa-baxa.

Görünür, klub rəhbərliyi "Axşamın xeyrindənsə, gündüzün şəri yaxşıdır" el məsələni yanlış anlayıb.

Çünki doğrunu yazan saytlara ünvanlanmış gündüzün şəri mətbuatda oxunub qurtarmamış axşamın xeyri üçün qərar verildi və Bordin tələm-tələsik qovuldu.

Onun hansı şərtlərlə, necə razı salındığı haqqında təfsilatlı məlumat olmasa da, bu qərardan dərhal sonra həm Rüstəm Allahverdiyev, həm də klub prezidenti Kamran Quliyevin müxtəlif kütləvi informasiya vasitələrinə açıqlamalar verərək israrla "Bordinlə öpüşüb, qucaqlaşıb, halallaşıb ayrıldıqlarını" iddia etmələri bir növ "qarğa, məndə qoz var" effekti yaratdı.

Məlum məsələdir ki, SOCAR-ın pulunu havaya sovuran, səriştəsiz baş məşqçi, lazımsız oyunçulara yüzminlər xərcləyən rəhbərlik bununla bağlı hesabat verməlidir. Yuxarılarla onların hesabatı qalsın öz aralarında, amma ictimai qınaqdan qaçmaq üçün (sanki çox da veclərinədir) belə bir tamaşa qurublar. Guya ki, Bordin eləcə öz xoşuna gedib: "əyridrom şəpkəsi" başında, təsbehi əlində, nərdi də qoltuğunda.

Bilmirəm bu tamaşaya kim inanır, kim inanmır - hər kəsin öz işidir, amma bu məsələ kiməsə şər atmaq qədər asan deyil, əziz "Neftçi" rəsmiləri.

Axşamın xeyri sizin olsun, gündüzün şəri ilə işiniz olmasın.

Zaur Xudiyev

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı