Rövnəq Abdullayev: "Heç nə vecimə deyil"

21 Yanvar 2020 13:55 Köşə 4 411
Rövnəq Abdullayev: "Heç nə vecimə deyil"

Vəssalam! Azərbaycan futbolunda heç nə dəyişməyəcək. Bunu təsəlli kimi də qəbul edə bilərsiniz.

Rövnəq Abdullayev yenə də AFFA prezidentliyinə namizədliyini irəli sürüb. O, İcraiyyə Komitəsinin üzvlərini də özünə yaxın şəxslərdən formalaşdıracaq.

Ölkədə ciddi dəyişikliklər baş verir, islahatlar aparılır. Amma Rövnəq Abdullayev atdığı addımlarla sanki belə demək istəyir:

“Heç nə vecimə deyil. Öz bildiyimi edəcəm. AFFA dədəmin mülküdür. İctimai qınaq məni qətiyyən maraqlandırmır. Xalqın dediklərini bu qulağımdan alıb o biri qulağımdan buraxıram”.

İcraiyyə Komitəsinə irəli sürülən namizədlər bir məsələni də sübut etmiş oldu: Azərbaycan futbolunda Elxan Məmmədov söz sahibi deyil. Futbol təsərrüfatında hər nə olursa, Rövnəq Abdullayevin diqtəsi ilə olur. Elxan Məmmədov onun tapşırıqlarını yerinə yetirir.

Sübut istəyirsiniz? Sübut budur: İcraiyyə Komitəsində Rövnəq Abdullayevin oğlu üçün yaratdığı “oyuncağ”ın - “Səbail”in namizədi olacaq. Özü də “Qarabağ”ın namizədinin yerinə.

Niyə, hansı məntiqlə? Bunu da Elxan Məmmədov edir? Lap deyək ki, Elxan Məmmədov edir. Bəs Rövnəq Abdullayevə nə gəlib, niyə demir ki, a bala, belə qələt edib camaatı bizə niyə güldürürsən?

Rövnəq Abdullayev gələcəyini qorumaq üçün AFFA-dan beşəlli yapışıb. İcraiyyə Komitəsini də özünə yaxın adamlardan formalaşdırır ki, gələcəkdə nəsə olsa, kimsə tərs addım atmasın. Kimlər olacaq İcraiyyə Komitəsində? Guya, futbol adamı hesab olunacaq 3 manqurt - Vaqif Sadıqov, Kazbek Tuayev, İsgəndər Cavadov. Futboldan qəti anlayışı olmayan Elmar Məmmədyarov, Fərid Mansurov kimi təkərə düşənlər. Və bir də istedadlı dələduzlar.

Vəssalam! Rövnəq Abdullayev sabahının dərdini çəkir. Onun SOCAR-dan göndəriləcəyi ilə bağlı söz-söhbət səngimir.

Rövnəq Abdullayev AFFA-ya sığınmaq istəyir, böyük ehtimalla, bununla SOCAR-dan sonrakı dönəmdə özünü qorumağı planlaşdırır. Necə deyərlər, saman çöpü tutur əlində.

Bir dəstə istedadlı dələduz Azərbaycanda futbolu dolayıblar. Dolaya-dolaya da dolanıblar futbola. Dolana-dolana da möhkəm düyün düşüblər. Açılmaq niyyətləri də yoxdur. Amma açmaq vacibdir. Asmaq qadağan olsa da, kəsmək lazımdır. Düyünü. Onsuz da sıfırdan başlamağa məhkumuq!

Natiq MUXTARLI

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!