Elxan Məmmədov Rövnəq Abdullayevi kimlərlə şantaj edib?

13 Yanvar 2020 13:23 Köşə 6 010
Elxan Məmmədov Rövnəq Abdullayevi kimlərlə şantaj edib?

Futbol ictimaiyyəti yanvarın 28-ni gözləyir. İctimaiyyət ümid edir ki, həmin gün Azərbaycan futbolunun üzünə gün doğacaq, AFFA-da kadr dəyişikliyi baş verəcək. Kluarlarda gəzən söz-söhbətlərə görə, ölkə rəhbərliyi futbol təsərrüfatında baş verən uğursuzluqları, ictimai rəydə yaranan böyük narazılığı nəzərə alaraq AFFA-da dəyişikliyin olmasını istəyir. Məlumata görə, AFFA-nın icraçı vitse-prezidenti kim olacaqsa, Avro-2020-nin final mərhələsindən sonra da quruma o şəxs rəhbərlik edəcək.

Avro-2020-nin final mərhələsindən sonra Rövnəq Abdullayevin AFFA prezidenti postundan istefaya göndəriləcəyi dəqiqdir. Amma ictimaiyyətin sevinci elə gözündə də qala bilər. Nöşün ki, ortada Elxan Məmmədov amili var. Hadisələrin xronologiyasına nəzər salsaq, hiss olunur ki, AFFA-da hakimiyyəti baş katib zəbt etməyə hazırlaşır.

Bunu dekabrın 13-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasından sonra daha açıq şəkildə hiss etmək mümkündür. Əslində AFFA-nın nizamnaməsinə dəyişikliklər elə o iclasda nəzərdə tutulmuşdu. Amma Rövnəq Abdullyev Elxan Məmmədovun bu təklifini qəbul etməmişdi. Xatırlayırsınızsa, həmin konfransdan dərhal sonra oyun alveri ilə bağlı növbəti “əməliyyat” başladı. Xeyli “alverçi” futboldan uzaqlaşdırıldı, həbs edilənlər də oldu.

AFFA-nın baş katibi bu müddətdə gündəmdən düşmədi, açıqlamalar verdi. Açıqlamaları da təhdid xarakterli idi: “Daha yuxarı dairədə təmsil olunanlar da oyun alqı-satqısının iştirakçısı olublar”.

Bu tip məlumatları mətbuata bir neçə dəfə ötürdü baş katib. Və istəyinə nail oldu: yanvarın 3-də keçirilən növbədənkənar konfransda dəyişikliklər qəbul edildi.

Baş katib AFFA prezidentini kimlərlə şantaj edib? Artıq bu barədə də kluarlarda söz-söhbətlər dolaşır. İddia olunur ki, oyun alverinin iştirakçıları arasında AFFA prezidentinin oğlu və qardaşı oğlu da var. Daha doğrusu, oyun alverinə bu şəxslərin rəhbərlik etdikləri bildirilir. Xatırlayırsınızsa, bir neçə il əvvəl UEFA “Bakı”nın oyunları ilə bağlı şübhəli məqamları AFFA-ya göndərmişdi. Həmin vaxt bildirilirdi ki, “Bakı”nın “Kəpəz”, “Qarabağ” və “Neftçi”yə məğlubiyyətlərinə Asiya ölkələrindən birində külli miqdarda vəsait yatırılıb. Deyilənlərə görə, o oyunların nəticəsinin əvvəlcədən müəyyənləşdirilməsini Rövnəq Abdullayevin yaxınları təşkil ediblər.

İddialara görə, bunlarla bağlı təkzibolunmaz faktlar var və baş katib də məhz bu faktlardan yararlanaraq Rövnəq Abdullayevə təzyiq edir. “Yaman yerdə axşamlayan” AFFA prezidenti isə bu təzyiqlərin qarşısında davam gətirə bilmir. Elə ona görə də növbədənkənar konfransda nizamnaməyə dəyişikliklər qəbul edildi.

İndi qalır, yanvarın 28-də bütün səlahiyyətləri təhvil vermək. Artıq Rövnəq Abdullayev taleyi ilə barışıb. Onun getməsi yaxşıdır, çünki futbol üçün çox uğursuz kadr idi. Amma AFFA baş katib Elxan Məmmədova qalacaqsa, onda yağışdan çıxan futbolumuz yağmura düşməli olacaq. Elxan Məmmədovun AFFA-da bütün səlahiyyətlərə sahiblənməsi ictimai sferada tənqidləri daha da gücləndirəcək.

İnanaq ki, yuxarı dairələr bu amili nəzərə alaraq futbolumuzu “qurda” tapşırmayacaqlar və yanvarın 28-nə qədər ssenari dəyişəcək. Elxan Məmmədov icraçı vitse-prezident olmayacaq!

Natiq MUXTARLI

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!