Rövnəq Abdullayevin “xoş xəbərlər”i nədir?

9 Yanvar 2020 17:55 Köşə 5 693
Rövnəq Abdullayevin “xoş xəbərlər”i nədir?

“2020-ci ildə futbol ictimaiyyətini xoş xəbərlər gözləyir, bu il ölkəmiz üçün maraqlı olacaq”. Bu sözləri yanvarın 8-də AFFA-nın növbədənkənar konfransında Rövnəq Abdullayev demişdi.

Maraqlıdır, AFFA prezidentinin “yaxşı xəbərlər”i nə ola bilər? Bəlkə 2020-ci ildə futbolun inkişafı ilə bağlı yeni dövlət proqramı qəbul olunacaq, bunun üçün milyonlarla vəsait ayrılacaq?

Rövnəq müəllim bunu nəzərdə tutursa, bu, futbol ictimaiyyəti üçün yaxşı xəbər deyil. Hər kəsə bəllidir ki, o vəsait futbolun inkişafına sərf olunmayacaq, 4-5 şəxsin daha da varlanmasına imkan yaradacaq.

Bu xəbər Rövnəq Abdullayev, Elxan Məmmədov üçün xoş xəbər ola bilər. Nöşün ki, Rövnəq müəllimin oğlu özünə yeni saat ala biləcək. Özü də bu dəfə 3 milyon avroya.

Maykl Essyenlə gözünün qurdunu öldürə bilməyən qardaşı oğlu isə karyerasını min doqquz yüz sıfırıncı ildə bitirmiş braziliyalı Kafunu “Səbail”ə gətirəcək. Elxan Məmmədov da yeni-yeni “topçiləmə, məktəbli festivalları” keçirəcək.

Bəs futbol ictimaiyyəti üçün xoş xəbər nə olardı? O olardı ki, 2020-ci ildə Rövnəq Abdullyevin futbol üçün yarasız olduğu qəbul edilərdi və bu adam istefaya göndərilərdi.

Xoş xəbər o olardı ki, AFFA-nın baş katibi Elxan Məmmədov futbol təsərrüfatından ilim-ilim itirilərdi.

Bunlar olmayacaqsa, onda AFFA prezidentinin dedikləri havayıdır, 2020-ci ildə bizi xoş xəbərlər gözləmir. Rövnəq Abdullayevin “xoş xəbər”i bəd xəbərdir, bəd xəbər.

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"