Rövnəq Abdullayevlə Elxan Məmmədov həbs olunacaq?

7 Yanvar 2020 16:30 Köşə 8 231
Rövnəq Abdullayevlə Elxan Məmmədov həbs olunacaq?

Gecikirik... Azərbaycan futbol təsərrüfatında islahatlara start verilməyən hər gün bizi bir ay geri salır. Artıq Avropanın “cırtdan” ölkələrində də futbolun inkişafı nəzərəçarpacaq dərəcədə hiss olunur. Elə günü-gündən bizim onlardan geri qalmağımız da. Şübhəsiz, indiki AFFA rəhbərliyi ilə islahat aparmaq mümkünsüz. Bu rəhbərliyin nə islahat aparmaq niyyəti var, nə də bunun üçün potensialı. Deməli, islahatın aparılması üçün AFFA rəhbərliyinin dəyişməsi vacib.

Gecikirik... Əslində Azərbaycan futbolunda rəhbər dəyişikliyi FİFA-da aparılan korrupsiya əməliyyatı zamanı olmalı idi. Zepp Blatterin gedişindən sonra az qala dünyanın bütün ölkələrində futbol federasiyalarının rəhbərləri dəyişdirildi. O cümlədən UEFA-da da dəyişiklik oldu. Məntiqli idi. UEFA korrupsiyaya bulaşmışdısa, deməli, federasiyalarda da eyni tendensiya hökm sürürdü. AFFA-da korrupsiyanın olması isə orta məktəb şagirdlərinə də bəlli. Ən azı, məktəblilər üçün nəzərdə tutulmuş layihədən. Bütün dünya dəyişdi, AFFA dəyişmədi.

Gecikirik. Azərbaycanda köklü islahatlar aparılır. Kadr dəyişiklikləri edilir, korrupsiyaya, kölgə iqtisadiyyatına qarşı mübarizə aparılır. Azərbaycan prezidenti məmurlara sərt xəbərdarlıq edir, eşitməyənlər həbs olunur. Cəmiyyətdə yeni nəfəs duyulur. Amma bütün bunların sanki AFFA-ya heç bir dəxli yoxdur. Dövlətdən xeyli vəsait alan bu qurumun vecinə deyil ölkədə aparılan islahatlar. Eyni kadrlar, eyni idarəetmə sistemi, eyni mənimsəmə yolu, eyni korrupsiya üsulu.

Gecikirik... AFFA rəhbərliyi ölkədəki bu islahat dalğasını da vecinə almırsa, deməli, mənasızdır bunların iş görəcəyinə inanmaq. Azərbaycan futbolunu xilas etmək lazımdır. “Futbolun inkişafı” adı altında mənimsənilən milyonlarla vəsaiti xilas etmək lazımdır. Futbol oynamaq üçün adi infrastruktur imkanlarına sahib olmayıb, əyninə argentinalı Messinin, portuqaliyalı Ronaldonun, misirli Salahın, uruqvaylı Suaresin, isveçli İbrahimoviçin adları yazılmış “kitayski” sintetik formalar geyinmiş azərbaycanlı uşaqları, onların gələcəyini xilas etmək lazımdır.

Gecikirik... AFFA-da korrupsiya əməliyyatı aparılmalıdır. FİFA-da aparılan əməliyyat kimi. Azərbaycan futbolunu bu günə qoyanları işdən çıxartmaq azdır. Çox az. Rövnəq Abdullayev, Elxan Məmmədov həbs olunmalıdırlar. Onlardan bu illər ərzində dövlətdən alınan və yoxa çıxan milyonların hesabı sorulmalıdır. Rövnəq Abdullayevlə Elxan Məmmədov həbs olunacaqlar, bu hesab sorulacaq ki, onlardan sonra AFFA-ya rəhbərlik edəcək şəxslərdə məsuliyyət hissi formalaşsın. Başa düşsünlər ki, xalqın sərvətini talamağa görə cəza var. Cəzasızlıq məsuliyyətsizlik yaradır. AFFA rəhbərliyində bu məsuliyyətsizliyin sərhədi yoxdur artıq. Adamlar elə bilirlər ki, dövlətin ayırdığı vəsaiti istədikləri kimi mənimsəyə bilərlər və buna görə onları heç bir cəza gözləmir. Əməliyyat yubanmadan başlamalıdır. Hər ötən gün, bizi, ən azı bir ay geri salır. Gecikirik!

Natiq Muxtarlı

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı