"Neftçi"nin qış nağılı, yoxsa Kamran Quliyevin barıt çəlləyi?

31 Dekabr 2019 14:45 Köşə 1 443
"Neftçi"nin qış nağılı, yoxsa Kamran Quliyevin barıt çəlləyi?

Mövsümün ən çox rəqabət ümidi bəslənilən komandası kimi «Neftçi» ziqzaqları yenə labirintə çevrilməkdədir.

Əlbəttə, Roberto Bordin ilə ilyarımda çox şey dəyişib. Fəqət, bunlar oyun sabitliyindən çox, qeyri-müəyyən eniş-yoxuşlarla gündəmə gəlir.

Avropa Liqasında «Arsenal» üzərində qələbədən sonrakı eyforiya ilə qəfil enişin milli çempionata təsir etməsi, sonrakı yüksəliş və ardınca yenidən qəfil eniş komandada peşəkar yanaşma tərzindəki təzadları əyani nümyaiş etdirir. Bu, sabitliyə doğru addımlara mane olur.

Ümumi fiziki və funksional hazırlıqda müsbət tendensiya bəzən oyunlarda konkret vəzifələrin doğru seçilməməsi ilə təzadları dərinləşdirir, nəticədə qarşıdakı dövr böyük seçim qarşısında qalan klubun konkret həəfələrə köklənməsi üzərində qurulmalıdır.

Cari sezonun ilk yarısından sonra biz fərqli fikirdə idik. Yazırdıq ki, medallara iddialılar arasında ən sabit oyun göstərməyə iddialı və buna potensialı olan «Neftçi»dir. Amma ikinci dövrənin açılış turu da göstərdi ki, kollektiv üçün təhlükələr sovuşmayıb.

Əldə olunan qələbələr, yüksəldiyi ikincilik inam gətirə bilərdi və oyunçu səviyyəsi ilə strateji hədəfləri doğru müəyyən etsəydi, 6 xallıq fərqi aradan qaldırmasına böyük stimul əldə edəcəkdi. Bunun üçün mətbəx söhbətlərinə son qoymağı bacarmaq, heyəti toparlamaq lazım idi.

«Qarabağ»la «Neftçi»nin əsas fərqi heyətin bişmiş taktiki çərçivələri ilə bağlıdır. «Neftçi» qəribə şəkildə sanki formalaşmaqda olan düzülüşü və sxematikliyini itirməklə yeni yol axtarışındadır və bu da şübhələrin təməlidir.

«Neftçi» kənar təzyiqlərlə üzləşmir. Problem klubun dörd divarı arxasında baş verən hadisələrin fonunda şişib. Bordinə inamsızlıq hər şeyin önünə keçib. İtalyan baş məşqçini burada sevmirlər. Nə rəhbərliyin ona ümidi var, nə də futbolçuların.

Mən hələ azarkeşləri demirəm. Tribuna əhlinin, ümumiyyətlə, ondan zəhləsi gedir. Tək ondan yox amma. Eyni zamanda, klubun idarəçilərindən. Elə bir oyun olmadı ki, baş məşqçi və yönətimi istefaya dəvət etməsinlər, əleyhlərinə şüar səsləndirməsinlər.

Bu, çox ciddi həyacan təbilidir və tezliklə böyük «partlayış»ın olacağının xəbərçisidir. Belə getməz yəni. Tərəfdarı yalnız və yalnız titul qane edir. Kubok əldən çıxdı, qaldı Premyer Liqa. Burada isə «Qarabağ» ardıcıl 7-ci çempionluğuna doğru yön alıb.

Gərək möcüzə olsun, «Qarabağ» öz xoşuyla birincilik yarışından imtina etsin ki, «Neftçi» zirvəni təhvil alsın. Buna isə nəinki ağ-qara rənglərə bağlansmış fanatlar, heç klubun həlləm-qəlləm prezidenti Kamran Quliyevin özü də inanmır. Bordini qova bilsə də, qova bilməsə də.

Xəzər Hikmət

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"