Əvvəlcə Rövnəq Abdullayev gedir...

23 Dekabr 2019 15:05 Köşə 9 573
Əvvəlcə Rövnəq Abdullayev gedir...

Kor tutduğunu buraxmayan kimi, idman mətbuatı da Elxan Məmmədovun yaxasını buraxmır. İddia edirlər ki, Azərbaycan futbolunun bəlası baş katibdir. Guya o getsə, Azərbaycan futbolunda hər şey düzələcək, inkişaf olacaq.

Mən isə deyirəm ki, elə deyil, Elxan Məmmədovun getməsi ilə Azərbaycan futbolunda heç nə dəyişməyəcək.
Futbol təsərrüfatına rəhbərlik edən şəxs var. Bu da prezidentdir.

Deyilənlərə görə, AFFA-nın prezidenti Rövnəq Abdullayevdir. Bütün dünyada qayda belədir: Federasiyaya rəhbərlik edəcək şəxsin proqramı, strategiyası olmalıdır. O, prezident postuna iddia edərkən bu proqramı açıqlamalı, seçildikdən sonra da komandasını formalaşdıraraq, onu həyata keçirməlidir. Prezident üçün strategiyanı baş katib hazırlamamalıdır. Baş katib prezidentin komandasının bir üzvü olmalıdır, onun tapşırıqlarını yerinə yetirməlidir.

Bu qədər sadədir, hər şey. Əgər Azərbaycan futbolunda hər şey bu qədər sadə deyilsə, deməli, AFFA-nın prezidenti prezident deyil. Deyək ki, baş katib prezidenti aldadır. Elxan Məmmədov Rövnəq Abdullayevi o zaman aldada bilər ki, futbolu ondan yaxşı bilsin. Elxan Məmmədovun futboldan anlayışının olmadığı bəlli.

Deməli, AFFA prezidentinin futbol biliyi baş katibin futbol anlayışından da aşağıdır ki, Elxan Məmmədov Rövnəq Abdullayevə istədiyini “yedirdə” bilir. Bax, bəla burdadır. Deyək ki, Elxan Məmmədov getdi, onun yerinə başqa bir “Elxan”ı təyin etdilər.

Özünün proqramı, strategiyası olmayan Rövnəq Abdullayev yenə də həmin “Elxan”dan futbol təsərrüfatını idarə etməyi tələb edəcək. O da edəcək, öz bildiyi kimi. Elə Elxan Məmmədov kimi. Onda elə bu Elxan hazır oturub AFFA-da, onu yerindən niyə tərpədirik ki, bir halda, gedişi ilə Azərbaycan futbolu yerindən tərpənməyəcək?

AFFA-nın prezidenti olmalıdır. Futbolu bilən, AFFA-da oturmağa, ölkənin bölgələrini gəzməyə vaxtı və həvəsi olan prezidenti. AFFA-nın prezidenti olmalıdır. Futbolun inkişafı ilə bağlı proqramı, düşüncələri, layihələri, strategiyası olan prezidenti. AFFA-nın prezidenti olmalıdır. Düşüncələrini, layihələrini həyata keçirə biləcək komandaya sahib olan prezidenti. AFFA-nın prezidenti olmalıdır. Futbolu baş katibdən yaxşı bilən prezidenti. Onda onu kimsə aldada bilməz, onda ona topçiləmə festivalları, Berlində futbol məktəbi açmaq kimi layihələri “yedirdə” bilməzlər.

Və daha bir məqam: Futbol təsərrüfatına pulu Rövnəq Abdullayev ayırmır. Futbola pulu dövlət ayırır. Dövlətin ayırdığı vəsaiti isə Rövnəq Abdullayevin adına çıxmayın. Hətta o vəsaitdən sizə qəpik-quruş ayrılsa belə.

Azərbaycan futbolunun inkişaf etməsi üçün sadədən də sadə plan var. O planın ilkin mərhələsi belə başlamalıdır: Əvvəlcə Rövnəq Abdullayev gedir, sonra isə...

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"