Elxan Məmmədov “oğru”nu “oğru” ilə necə tutur?

19 Dekabr 2019 12:37 Köşə 1 511
Elxan Məmmədov “oğru”nu “oğru” ilə necə tutur?

“Oğru həmişə doğruluqdan danışar”, “Oğrunu oğru ilə tutarlar”, “Oğru özgənin malın yeyər, özünün arın” və s. Hə, yazıya atalar məsəlləri başlamağımın səbəbi var.

Bir neçə gündür ki, əhli-Azərbaycan futbol təsərrüfatındakı böyük “oğurluq”dan – oyun alverindən danışır. Xeyli “oğru” həbs olunub, hələ bundan sonra da zindana atılanların olacağı deyilir. Azərbaycan futbolunda oyun alverinin olduğu, zatən hər kəsə bəlli idi. Özü də bu alverə kimlərin rəhbərlik etdiyi də bilinirdi. Futbol ictimaiyyətinin nümayəndələri söhbətlər zamanı bu məsələ barədə bir-birlərinə məlumat verirdilər. Oğurluq da, oğrular da bəlli idi, amma onları tutan yox idi. Və AFFA-dakı “klan müharibəsi” bu prosesə də start verdi. “Oğrular” tutulurlar, amma kluarlarda söz-söhbət bu mövzudadır: oyun alverinin əsas bosslarının adları niyə açıqlanmır? Yəqin ki, klanlararası mübarizənin nəticəsindən asılı olacaq bu proses. Amma hadisələri diqqətlə izləyənlər artıq oyun alverinə rəhbərlik edənlərin kimliyini sezib yəqin ki. Özləri özlərini ələ veriblər, dərhal meydana çıxıb danışmağa, oyun alverçilərini lənətləməyə başlayıblar.

AFFA-da oyun alverinə qarşı baş katib Elxan Məmmədovun mübarizə apardığı kimsəyə sirr deyil. O baş katib ki, yığmanın biabırçı nəticəsindən sonra əsas tənqid hədəfi idi. Oyun alverçilərinin həbsi ilə gündəm dəyişdi. Məntiqlə, bu məsələ ilə bağlı elə baş katib danışmalı, özünü reklam etməli, oyun alverinə qarşı mübarizə aparmasını qabartmaqla divident qazanmalı idi. Amma görünən odur ki, baş katib belə məsələdə olduqca arifdir. O, imkan yaradır ki, başqaları meydana çıxsın, özlərini gözə soxsunlar, yəni ələ versinlər. Və cəmiyyətə bəlli olsun bossların kimliyi.

Məsələn, PFL-in prezidenti Ramin Musayev danışır. Danışır və belə məlum olur ki, sən demə, oyun alverinə qarşı elə Musayev mübarizə aparırmış. O Musayev ki, indiyə qədər “Azərbaycan futbolunda oyun alveri yoxdur” deyirdi. Məsələn, az qala bütün futbolçuları “oğru” olan “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev danışır.

Ramin Musayev PFL-in prezidentidir. O PFL-in ki, birinci dəstənin oyunlarının təşkili boynunun yüküdür. Məntiq deyir ki, bu biabırçılıqdan sonra heç bir adam öz abrını yedizdirməzdi, istefa verib gedərdi. Amma Musayev istefa vermir, hamıdan qabağa düşüb oyun alverçilərini lənətləyir.

Məntiq deyir ki, az qala bütün futbolçuları alverlə məşğul olan bir komandanın Müşahidə Şurasının sədri abrına qısılmalı, “mən getdim” deməli idi. Amma demir, lənət yağdırır. Dünənə qədər göstəriş verdiyi adamlara – bu gün “oğru” olanlara. Bütün bunlar sizə nəsə pıçıldamır? Pıçıldamırsa, bu atalar sözlərini bir daha oxuyun: “Oğru həmişə doğruluqdan danışar”, “Oğrunu oğru ilə tutarlar”, “Oğru özgənin malın yeyər, özünün arın”.

Yenə də nəsə aydın olmadı?

Natiq Muxtarlı

Xəbər Lenti