Klanlararası savaşda yeni mərhələ

17 Dekabr 2019 18:14 Köşə 1 215
Klanlararası savaşda yeni mərhələ

Azərbaycan Premyer Liqasında cəmi 8 komandanın iştirak etməsi uzun müddətdir ki, müzakirə mövzularından biridir.

Bu gün futbolun inkişafından danışarkən ortaya atılan əsas problemlərdən biri də komanda sayının artırılması, əsasını Bakı klublarının təşkil etdiyi birinciliyə bölgə təmsilçilərinin də cəlb olunması ilə daha maraqlı və əhatəli çempionatın keçirilməsinə nail olmaqdır.

Əslində, hər dəfə açıqlama verən futbol rəsmiləri bunun üçün iş getdiyini, müəyyən cəhdlər olduğunu desələr də, yekunda yenə mövsüm 8 komanda ilə başlayıb elə də davam edirdi.

Bu dəfə isə hər şey bir az fərqli məcrada cərəyan edir.

Belə ki, ötən gecə ölkə telekanallarının birində yayımlanan futbol verilişinə qatılan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib ki, yeni mövsümdən etibarən Premyer Liqada dəqiq 10 komanda mübarizə aparacaq.

Ölkədə çempionatın keçirilməsində əsas söz sahibi olan qurumun başçısı hətta hansı komandaların elitaya yüksələcəyini də açıqlayıb.

Bunlar futbol ənənəsi və azarkeş marağı ilə daim diqqət çəkən qərb bölgəsinin təmsilçiləri – Tovuzun “Turan” və Gəncənin “Kəpəz” klublarıdır.

Bura qədər hər şey normal görünür, amma gəlin, məsələnin pərdəarxası məqamlarına aydınlıq gətirək, görək ilin-günün bu vaxtı cənab Musayevin açıqlamalarının altında əslində nə dayanır?

Əvvəlcə onu deyim ki, uzun illərdi Azərbaycan futbolunda əvvəlcə klub rəhbəri (“Neftçi”nin vitse-prezidenti), daha sonra isə PFL rəhbəri kimi fəaliyyət göstərən Ramin Musayev bu sahənin “Xaç ata”larından biri hesab olunur.

İllərdi çempionatın oyunlarını istədiyi kimi manipulyasiya edən, necə deyərlər “cini sevib, balasını axtaran” bir adamın bu məqamda, bu şəraitdə belə açıqlama verməsi heç də təsadüfi deyil.

Son bir neçə ildə hökmranlığı sarsılan, AFFA-da baş katib və onun klanının yüksəlməsi ilə geri çəkilən və hərəkətə keçmək üçün müvafiq vaxtı gözləyən Musayev deyəsən artıq həmin vaxtın gəldiyini hiss edib.

AFFA-nın Baş katibi Elxan Məmmədovun televiziya verilişlərinin birində, efirdə ağır sorğu-suala məruz qalması onun əvvəlki əzəmətində olmadığını göstərir. Hər nə qədər qarşı tərəfin bu sahənin adamı olmaması səbəbindən əksər suallardan yarımçıq cavablar verərək yayınmağı bacarsa da, istənilən halda bu veriliş özü baş katib haqqındakı toxunulmazlıq mifini dağıtmağa kömək etdi.

Belə bir məqamda xeyli müddətdi səssizliyə bürünən, bir-iki istisna halı çıxmaqla, demək olar ki, mətbuatın diqqətindən kənarda qalmış Musayevin məhz həmin kanalda efirə çıxması və açıqlamalar verməsi elə-belə sıradan hal deyil.

İlin-günün bu vaxtı, bu açıqlamalar niyə verildi? Niyə məhz “Kəpəz” və “Turan”? Ümumiyyətlə, indiki halda belə bir məsələnin gündəmə gətirilməsi nə dərəcədə doğru idi? Suallar çoxdu, bir ucdan cavablamağa çalışaq.

Birincisi, mövsümün düz ortasında belə açıqlama vermək başdan-başa uğursuz gedişdir… əgər bu işdə bir qəsd yoxdursa.

Belə deyək, sən çempionatı təşkil edən qurumun rəhbərisən və ilin ortasında açıqlama verirsən ki, Premyer Liqadan heç bir klub düşməyəcək, diviziondan isə filan komandalar Premyer Liqaya yüksələcək. Gəl indi mövsümün qalan hissəsində klubları oyunlara motivasiya elə, görüm, necə edirsən?

Məsələn, onsuz da aşağı dəstəyə düşməyəcəyini bilən sonuncu pillədəki hansısa klub çempionluğa oynayan rəqibi ilə niyə danışığa getməsin? Hansı səbəbə?

Onsuz da yuxarı dəstəyə yüksəlməyəcəyini bilən klub öz oyununu niyə qumara qoymasın? Niyə nəticələri manipulyasiya etməsin? Onun oynamaq üçün motivasiyası nə olacaq?

Bunlar bir tərəfə, Ramin Musayevin adlarını açıqladığı klublar da məhz futbol keyfiyyətinə görə seçilməyib, məncə.

“Kəpəz” də, “Turan” da AFFA-nın nəzarətində olan, eyni zamanda adları son vaxtlar böyük qalmaqallarda hallanan klublardı.

“Kəpəz”də AFFA tərəfindən təyin olunmuş kuratorun ciddi yeyinti hallarından sonra vəzifəsindən uzaqlaşdırılması, bu yaxınlarda isə klubda icraçı direktor vəzifəsində çalışmış bir şəxsin verdiyi açıqlamalar və klubdakı yeyinti hallarında birbaşa Elxan Məmmədovu ittiham etməsi gündəmə bomba kimi düşmüşdü. Elə bilirsiniz Musayev bu klubun adını boş yerə çəkib? Ay-hay…

“Turan” da AFFA-nın nəzarətində olan, federasiya tərəfindən akademiyası yaradılmağa çalışılan, bununla belə oyun alqı-satqısı ilə bağlı bir neçə gün əvvəl düz 7 futbolçusunun fəaliyyətlərinə bir dəfəlik son qoyulan komandadır.

Bəlkə də heç mövsümün sonunda bu komandalar elitaya yüksəlməyəcək, amma aydın olan odur ki, futbol təsərrüfatındakı klanlararası savaşda bu dəfə Ramin Musayev hücuma keçib.

Daha gerisini özünüz düşünün…

P.S. Bu xəbər efirdə yayımlanan kimi sosial şəbəkələrdə fikir bildirənlərin əksəriyyəti “Niyə məhz “Kəpəz”lə “Turan” çıxmalıdı?” sualını verdilər. Bir çox adamın fikrincə hazırda oyunu ilə yuxarı pillədə olan, heç bir qalmaqalda hələlik (!) adı hallanmayan “Zaqatala” Premyer Liqada oynamağa daha çox layiqdir.

Bu fikirlərə şərh vermədən bir faktı nəzərinizə çatdırım.Adıçəkilən klubların içində “Zaqatala”nın olmaması və ilk onun yada düşməsi, sizcə, təsadüfdür? Məncə, deyil.

Buyurun, bu da baş katibə açılmış ikinci cəbhə. (azlogos.eu)

Zaur XUDİYEV

Xəbər Lenti