Futbola pul buraxmayan iş adamlarından Elxan Məmmədova cavab

16 Dekabr 2019 19:45 Köşə 2 531
Futbola pul buraxmayan iş adamlarından Elxan Məmmədova cavab

AFFA-nın baş katibi Elxan Məmmədov Dadaşlinskinin verilişində qonaq olarkən iş adamlarının futbola maraq göstərmədiyindən gileyləndi.

Elə Azərbaycan cəmiyyətində, idman mediasında da belə giley var. Hamı iş adamlarını futbol sahəsinə pul sərf etməyə çağırır, hətta bunu etmədikləri üçün onları ittiham da edirlər.

Ümumiyyətlə, iş adamının futbola pul sərf etmək kimi bir öhdəliyi varmı? İş adamı biznes mühiti olan yerə pul yatırmalıdır. Bu adam bilməlidir ki, bu gün futbola pul yatırsa, sabah gəlir əldə edəcək. Bu, bütün dünyada belədir.

Bunun üçün də futbol təsərrüfatı biznes sahəsinə çevrilməlidir, pul yatırıb, pul götürməlisən. Əgər futbol təsərrüfatı gəlirli sahəyə çevrilərsə, iş adamları özləri axın edəcəklər bu sahəyə.

Sadə bir misal: Rusiyalı milyarder Roman Abramoviç 2003-cü ildə “Çelsi”ni cəmisi 140 milyon funta alıb. Komandaya 200 milyon funtdan bir qədər artıq da əlavə sərmayə yatıraraq, məşqçi və futbolçular cəlb edib.

İngiltərədə ortabab komanda sayılan “Çelsi”ni dünya nəhənginə çevirib. İndi Abramoviç “Çelsi”yə hər il vəsait ayırmır. Komanda özü-özünü dolandırır. Brendə çevrilən “Çelsi”nin illik gəlirləri xərclərini ödəyir. Üstəlik, klubun səhmləri də yetərincə bahalaşıb.

Hazırda “Çelsi”ni almaq üçün 3 milyard funt sterlinq təklif edənlər var. Amma Abramoviç bu məbləğlə razılaşmır. Rusiyalı milyarder kluba cəmisi 400 milyona yaxın sərmayə qoyub. O sərmayəsi 3 milyard funta yüksəlib.

Bax, iş adamı belə çempionata maraq göstərər. İndi deyin, iş adamları Azərbaycan çempionatına niyə maraq göstərsin? Bu çempionatda teleyayımdan gəlir yoxdur, bilet satışından danışmaq gülüncdür. Zəif çempionat olduğu üçün sponsorların marağı yoxdur.

İş adamı dişlə-dırnaqla qazandığı vəsaitdən 3-4 milyon manatı (Azərbaycanda klub saxlamaq üçün ildə minimum bu qədər vəsait tələb olunur) futbol sahəsinə niyə yönəltməlidir? Bəlkə iş adamlarının “futbola yardım edin” kimi sosial öhdəlikləri var? Yoxdur belə öhdəlik.

İş adamlarının sosial öhdəliyi, təhsil alan tələbələrə, fiziki məhdudiyyətli insanlara, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə yardım etmək olmalıdır. İş adamının sosial öhdəliyi məktəb tikmək, təmir etdirmək olmalıdır. İş adamının sosial öhdəliyi xalqı maarifləndirəcək, dünyagörüşünü artıracaq kitabların çapına yardım etməsidir.

Amma biz nə tələb edirik? Deyirik ki, ay iş adamı, gəl dişlə-dırnaqla qazandığın vəsaitdən Araz Abdullayevə layiq olmadığı pulu ver, o da gedib bahalı avtomobil alsın və kasıb süpürgəçini öldürsün. Biz deyirik ki, ay iş adamı, gəl zəhmətlə qazandığın vəsaiti Cavid Hüseynova ver, o da gedib jurnalistin öldürülməsinə şərait yaratsın.

Bu nə düşüncə? Bu nə qeyri-peşəkarlıq? Başa düşürəm, AFFA-da istedadlı dələduzlar oturublar. Onlar istəyirlər ki, iş adamlarını futbol sahəsinə cəlb etsinlər, hər klubda da öz adamlarını əyləşdirib, talasınlar o yazıq biznesmenin vəsaitini. Və 3-4 ildən sonra onu müflis edib yola salsınlar.

Daha bir misal: 2018/2019 mövsümündə La Liqanın teleyayımdan əldə etdiyi gəlir bilirsiniz nə qədər olub? 1,42 milyard avro. Gözləriniz bərəlirmi? İş adamı belə çempionata yatırım edər? Bəs Azərbaycan çempionatında teleyayımdan nə qədər gəlir olur? Bəs bilet satışından?

Futbol bütün dünyada çoxdan biznes sahəsinə çevrilib. Özü də gəlirli biznes sahəsinə. Bizdə isə bu sahə “iş adamlarını qazlamaq üçün məkan”dır.

AFFA keçirdiyi çempionatın səviyyəsi yüksəlməli, sağlam rəqabət, peşəkar idarəçilik təmin edilməlidir. Bir sözlə, iş adamlarını inandırmalıdırlar ki, futbol sahəsinə yatırım etsələr, 3-4 ildən sonra müflis olmayacaqlar, qazanc əldə edəcəklər.

İş adamları axmaq deyillər. Onlar yaxşı bilirlər ki, AFFA-da belə rəhbərlər olduqca, futbola sərmayə yatırmaq, gələcəkdə bir həsirlə qalmaq deməkdir. Ona görə də, qaçırlar futbol sahəsindən. Düz də edirlər.

Qaçın, iş adamları, arxanıza baxmadan qaçın, üzünüzü çevirməyin Azərbaycan futboluna. Azərbaycan futbolunda baxmalı mənzərə yoxdur. İş adamlarının futbola tərəf üz çevirmələri üçün indiki AFFA rəhbərliyindən üz çevirmək mütləqdir.

Bu yazı da sizin adınızdan AFFA rəhbərliyinə – baş katib Elxan Məmmədovun iş adamları ilə bağlı gileyinə cavab olsun.

Natiq Muxtarlı

Xəbər Lenti