"Qarabağ"ın kölgəsində gizlənib, dövləti aldadanlar

13 Dekabr 2019 21:05 Köşə 3 163
"Qarabağ"ın kölgəsində gizlənib, dövləti aldadanlar

Bu bir şans idi. İstifadə etmək olardı. Qüvvələr nisbəti "Qarabağ"ın imkanları ilə uzlaşırdı.
Birinci yerə ümid etmək olmazdı. Püşkdən sonra bəlli idi ki, "Sevilya"nın qarışısını kəsən olmayacaq. İkinci pilləni tutmaq uğrunda mübarizənin "Qarabağ"la APOEL arasında gedəcəyi görünürdü və belə də oldu. Azərbaycan çempionu onu Çempionlar Liqasının pley-off mərhələsinə buraxmayan APOEL-dən burada da revanş ala bilmədi. Ən təəssüfləndirici və üzücü məqamın üstünə gəldik yenə.

"Qarabağ" tarixində 5-ci dəfə qatıldığı Avropa Liqasında ilkə imza atmaq, pley-offa çıxmaq şansını üçüncü tur Bakıda zəiflətdi, növbəti tur Nikosiyada "torpağa tapşırdı". Bu iki oyun Qurban Qurbanovun da, futbolçularının da, onlardan daha böyük uğur gözləyən publikanın da gözündəki son sevinc yaşını da yox elədi.

İştah həmişə diş altında olmur. Onun da gələn və gedən vaxtı var. Gərək o dəmi tutasan və tutub gedəsən. "Qarabağ" arxa düşmüşdü, bir balaca təkan lazım idi, o da olmadı. Bir, yaxud iki transferin yeri açıq göründü, Mahir Emreli ilə Maqaye Qeyenin ümidinə qalanda, axırı belə olur, nə varsa, hamısı əldən çıxır.

Arzu və istəklər böyük idi. Biri oldu, biri olmadı. "Qatar" artıq gedib, arxasınca çox boylanmaq da bir şey deyil. Yenə gözləmək, "vağzal"ı tərk etməmək lazımdır. O qatardan bir də gələcək, biri də gələcək. "Qarabağ" Azərbaycanı çempionluğuna, Avropada uğurlarına öyrəşdirib. Bu komandadan həmişə daha çox şey istənilir, əksər hallarda boyundan yuxarı tullanması tələb olunur. Çün "Qarabağ" avrokuboklardakı çıxışı ilə Azərbaycan futbolunun səviyyəsizliyini, geridəqalmışlığını daim ört-basdır edib, utandırmayıb.

Ona görə də təəssüf ki, bəzi "əllamələr" bu gün Qurban Qurbanova "əlcək atır", onu aşağı çəkməyə, özünün və havadarlarının səviyyəsinə endirməyə çalışır. Bilirəm ki, ona ünvanlanan müəyyən sualların ünvanı haradır, kimin "istehsal"ıdır və buna görə "tutuquşu"ya müəyyən "qonorar" da vəd olunur.

"Qarabağ" ötən gecədə özü üçün əhəmiyyətsiz oyunda ölkə reytinqi naminə nüfuz mücadiləsi verdi. Kipr səfərinin ardınca İspaniyada psixoloji travma almış komandanı belə vəziyyətdə meydana çıxarmaq "Müsibəti-Fəxrəddin"dir və bu 1 xal da qəntimət, qazanc sayılmalıdır.

"Qarabağ"ın qrupdan çıxmaması Azərbaycan futbolunun reallığıdır, güzgüsüdür. Elə bir şey olsaydı, şübhə etmirəm, futbolun ab-havasını kriminallaşdıran ünsürlər o "çətir"in altına birinci soxulacaq, növbəti uğurun "istisinə qızınacaqdılar". Ötən illər ərzində nə qədər beləsini, "hazırca kökə tapanlar"ı, acgözlüklə gözünə təpənləri görmüşəm...

"Qarabağ" niyə qrupda ikinci olmalıydı ki? Yenə birilərinin yaxasını sorğu-sualdan qurtarmaq, futbola çəkdikləri dağı görünməz etmək üçün? "Qarabağ" hər il qruplara qalır, AFFA da "yuxarılar"ı aldadır ki, bəs bu sahəni inkişaf etdiririk. Nəhayət, "dövlət baba" görməlidir ki, neft pullarını ayırdığı idmanın bu növündən işbazlar necə sui-istifadə edir, "Qarabağ"ın kölgəsində öz çirkin əməllərini gizlədirlər.

Xəzər Hikmət

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı