Elxan Məmmədov, Qurban Qurbanovun acığına onu gətir!

10 Dekabr 2019 13:18 Köşə 2 732
Elxan Məmmədov, Qurban Qurbanovun acığına onu gətir!

Bu kiprlilər də qəribə adamdırlar, vallah. APOEL “Qarabağ”la ilk qarşılaşmada bərbad durumda idi. Elə ona görə də “Qarabağ” APOEL-i Kiprdə məğlub etdi. Komanda rəhbərliyi dərhal baş məşqçini istefaya göndərib, Tomas Dolla anlaşdı.

Anlaşmadılar ey, “Qarabağ” üçün “fələk” gətirdilər. Bu “fələk” əvvəlcə Bakıdakı cavab qarşılaşmasında qalib gəlib, “Qarabağ”ı Çempionlar Liqasından uzaqlaşdırdı. Sonra isə Avropa Liqasında eyni qrupa düşərək “Qarabağ”ı növbəti mərhələyə adlamağa qoymadı. Bu kiprlilərin qəribə adamlar olması bundan sonra bir daha göründü. Bütün bu uğurlardan sonra Tomas Dolla da müqaviləni pozdular.

Onlar pozdu-pozdu, bizimkilərə nə gəlib? Bizdə də kiprlilər kimi qəribə adamlar var. Biri də elə AFFA-nın baş katibi Elxan Məmmədov. Yəqin ki, Yurçeviçin yerinə yığmaya namizəd axtarır. Özü də əcnəbi. Tomas Doll niyə olmasın ki? Lap Qurban Qurbanovun acığına.

Bu, əla olar ey, Məmmədov. Onsuz da Qurban Qurbanovun “Qarabağ”ı sizin başınızın üzərindən asılan qılıncdır. Qurban Qurbanovu görməyə gözünüz yoxdur. Elə Qurban Qurbanovun da Tomas Dollu görməyə gözü yoxdur. Elxan Məmmədov, Qurbanovun acığına onu gətirin! Tomas Dollu deyirəm ey... Camaata da deyərsiniz ki, daha nə istəyirsiniz, Qurbanı məğlub edən məşqçini gətirmişəm hüzurunuza.

Necə ideyadır, lotu?

Natiq Muxtarlı

Xəbər Lenti