Qurban Qurbanov səhvlərini başa düşmürmü?

29 Noyabr 2019 10:52 Köşə 1 634
Qurban Qurbanov səhvlərini başa düşmürmü?

Bu şans çətin bir də ələ düşə. "Qarabağ" ayağına gələn fürsəti başı və canı iə dəyərləndirməli idi.

Qurban Qurbanovun borcu idi bu. Gəl ki, o, 6-cı dəfə belə etdi, növbəti tarixi yazmağa bu dəfə ürək eləmədi. Çox şey İspaniyaya qədər həll olunmuşdu. "Qarabağ" qrupdan çıxmaq ümidini "Sevilya" səfərinə bağlamamalıydı. Bu, "yalın əllə tankın qarşısına çıxmaq" kimi bir şey idi.

Odur ki, "dünən niyə uduzduq" sualı ətrafında dövrə vurub, saç-baş yolmağımız mənasız və məntiqsizdir. "Qarabağ" bu gecədən "salamat" çıxa bilməzdi və bilmədi də. Hərçənd ki, "Sevilya" ilk hissədə və oyunun son bölümündə istəksiz idi, bərabərliyə əlyeri qoyurdu. Amma və lakin "Qarabağ" özünə inanmadı, 1 xalı qazanacağına də ümid etmədi, mübarizə əzmini içində öldürərək oynadı. Nə olar-olar, nə alınar-alınar deyərək. Və gözənildiyi kimi, heç nə alınmadı.

"Qarabağ" 2 il əvvəl də İspaniyaya səfər etmişdi. Mən "Qarabağ" ilbəil, aybaay, günbəgün geri gedir" deyəndə, yazanda, bəzi "ağıl adamları" sözümü qəribçiliyə salırdı. "Ola biməz", "hər şey qaydasındadır", "komanda çox qabağa gedib" kimi baş aldadan, arqumentə söykənməyən, sadəcə, xoşa gəlmək üçün işlədilən ifadələri az eşitmədim.

İki il qabaq Madriddə "Atletiko" ilə hücum futbolu oynayan və nəticə qazanan komanda indi "Sevilya"nın ikinci heyəti ilə biabırçı şəkildə müdafiə olunur və uduzur. Yəni, bunlar ildırım sürətli geriləməni görmürlərmi? Səhvlərini başa düşmürlərmi? Qurban Qurbanov taktiki və transfer xətalarını nə vaxt düzəldəcək, görəsən? İl ili qovur, zaman sürətlə keçir, bəs o, nəyi gözləyir?

Hər il ötən "qatarın" arxasınca boylanıb, dərindən təəssüflənirik… Nə qədər çəkəcək belə? Qurbanov kimə "fors" edir? Nə üçün bu qədər sakit və səbrlidir? Nədən səhvlərindən nəticə çıxarmır? Səviyyəli futbolçu almaq istəyir, qoymurlar? Dünya bazarının qapılarını üzünə bağlayıblar, "seçim hovuzu"na baş vura bilmir? Biri də deyil. Azərbaycanda ikinci məşqçi tanımıram ki, önündə bunca "yaşıl işıq" yandırılsın. Lakin hər dəfə bu sonluğu görüncə…

İlkin Vaqifoğlu

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"