Xəcalət çəkməyən Sadıqovun gülməli təklifi

27 Noyabr 2019 12:04 Köşə 2 309
Xəcalət çəkməyən Sadıqovun gülməli təklifi

"İndi hamımız AFFA rəhbərliyinin ətrafında sıx birləşməliyik" - gözünüz aydın, belə bir bəyanatla Vaqif Sadıqov çıxış edib. Neçə ildir AFFA-nın Məşqçilər Şurasının sədri olan adam buyurub ki, real işlərdən danışmaq lazımdır və yumruğu bir yerə vurub, futbolu inkişaf etdirməyə çalışmalıyıq.

Avazı yaxşı gəlir. Amma min təəssüf ki, Sadıqovun oxuduğu kitab "Quran" deyil. Bəlkə də onun heç bu kitabdan, onun içindəkilərdən xəbəri yoxdur və bu, zatı bir o qədər də maraqlandırmır.

Sadıqovun öz "kitabı" var. Həmin "kitabda" "müasir dünyamızın tələblərindən" bəhs olunur və mən təsəvvür edirəm ki, Sadıqov bu haqda "yazılanları" necə böyük həvəs və acıgözlüklə oxuyub.

Nə "kitabdır", o elə? Əlbəttə, rəhbərliyə yarınmaq və tamah barədə. Başqa nə ola bilər ki?

Vaqif Sadıqov uzun illərə söykənən uğursuz məşqçilik keçmişində bu iki "keyfiyyət"ə söykənib və onları yaxşı "mənimsəyib". İndinin özündə də həmin "prinsiplər"ə sadiqdir və yəqin ki, ömrünün sonunadək belə qalacaq. Qozbeli qəbir düzəldər axı.

Hələ AFFA rəhbərliyinin ətrafında sıx birləşməməsiz, müəllim? Neçə ildir o "məbəd"ə ayaq döyürsüz, bəs bu müddətdə birləşməmisizsə, nə iş görmüsüz? Ora yalnız havayı maaş almaq üçün gəlib-gedirsiz? Olmadı ki…

Zarafat öz yerində, xəcalət hissi Vaqif Sadıqova yaddır. Belə şeylər, ümumiyyətlə, onun təbiətinə ziddir və bu haqda heç düşünmür də.
Ölkəmiz müstəqillik qazanandan üzü bu tərəfə hələ futbolumuz indiki qədər biabır olmayıb. Bundan ağır gün ola bilməz və indi Vaqif Sadıqovun yenə birləşməkdən dəm vurması göstərir ki, yaşı 50-ni keçən futbol adamlarının əksəriyyəti onun kimi haqq səsini ucaltmaq fikrindən uzaqdır, cəsarətsizdir, mütidir, öz qarınlarının hayındadır. Qabaqlarına bir tikə çörək qoysunlar, dillərinə qıfıl vuracaqlar, ya da ki, Vaqif Sadıqovdan o tərəfə heç nə danışmayacaqlar, eləcə mızıldanacaq, nala-mıxa vuracaqlar.

Olmayan bir şeyin ətrafında birləşmək çox gülünc təklifdir. AFFA-nın rəhbərliyi var ki, Vaqif Sadıqov da onların başına dolanmaq istəyir? Prezident Rövnəq Abdullayevdir, o da son 1 ildə millinin oyunlarını izləməyə gəlmir. Elşad Nəsirov çoxdandır ortalıqdan yox olub, sanki qeybə çəkilib, "yağlı əppəyə" dönüb. Daha kim qaldı? Hə, Vaqif Sadıqov birləşmək deyəndə Elxan Məmmədovun qoltuğuna sığınmağı nəzərdə tuturmuş, demə. Siz zatən onun yanındasız da. "Fatı, otur. Fatı, qalx" məsəli. Guya, başqa işiniz var?

Xəzər Hikmət

Xəbər Lenti