Həzrət Abbas qapazı

26 Noyabr 2019 16:27 Köşə 1 926
Həzrət Abbas qapazı

Düz 1 il əvvəl hamı "Kosovo faciəsi"nin günahkarlarının axtarışına çıxmışdı. Oyunun belə nəticələnməsində "müstəsna xidmətləri" olan milliləşdirilmiş legionerlər Nazarov, Almeyda və başqalarının anlaşılmaz zəif oyunu müzakirə olunur, bu futbolçuların Qurban Qurbanovun "torbasını tikmək" tapşırığı aldığı güman edilirdi.

Millimizin legionerlərinin Kosovodakı hədsiz zəif performansı mediada böyük ajiotaj yaratdı, videoçarxlar hazırlandı, yazılar yazıldı. Amma olan milli komandaya, o komandaya könül verən azarkeşlərə, Azərbaycana oldu...

Bir müddət keçdi və hər şey unuduldu. Halbuki, mediada çıxan bu yazılar dərindən araşdırılsa və həqiqət payı tapılsa,10 ildən çoxdur futbolumuza rəbbərlik edən şəxslər indi həbsdə idi…

Nikola Yurçeviçin təyinatından sonra "məqsəd AVRO-2020-yə vəsiqə qazanmaqdır" deyən AFFA baş katibi Elxan Məmmədov heç özü də dediklərinə inanmırdı. Xalq futbol rəhbərlərimizin bu cür yalanlarına vərdişkar olduğundan bu açıqlamanı da ciddiyə almadı.

Qurban Qurbanovun "Qarabağ" kimi şah əsəri var ki, bu da futbolumuzun yeganə üzağardan səhifəsidir. Uğurlu Qurbanova uğursuz AFFA rəhbərliyi tərəfindən olan təzyiqləri və qısqanclığı nəzərə alsaq, "Qarabağ"ın nəticələri sadəcə, fantastikadır. Bu münasibət Qurban Qurbanovun millidə uğur qazanmasına mane olsa da adam adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırıb. Düzdür, hələlik klub futbolumuzun tarixinə…

Nə isə, qayıdaq Nazarovla Almeydaya. Çox keçmədi ki, Yurçeviçin rəhbərliyi ilə də milliləşdirilmiş legionerlərimizin hoqqaları davam etdi. Xorvat məşqçinin fiaskoya uğrayan komandasında futbolçular arasında olan qalmaqallar gündəmi zəbt etdi. Mənfi obrazlı baş qəhrəmanlar isə ..yenə Nazarovla Almeyda idi. Azərbaycana heç bir aidiyyatı olmayan bu legionerlərə növbəti "qəhrəmanlıqlarında" daha bir milliləşdirilmiş fubolçu qoşulmuşdu. Söhbət Eddi Silvestr İsrafilovdan gedir.

Eddini ikinci soyadından və anasından başqa milli komandaya və Azərbaycana heç nəyin bağlamadığı aydın idi. Millidəki illəri ərzində uzağı bir dəfə normal futbol oynayan, zahiri görünüşünə görə afrikalı atasına bənzəyən futbolçu görünür daxilən də daha çox anqolalıdı. Belə olmasa, millisinin oyununu aşağı liqada çıxış edən klubun matçına və ümumiyyətlə, heç nəyə qurban verməzdi. Üzr istəyirəm, millisi dedim. Azərbaycan millisi bu formanın dəyərini bilməyən, yalnız pula Azərbaycana gəlib gedən futbolçuların millisi deyil, Ramil Şeydayev kimi bu forma üçün canını verməyə hazır futbolçularındı!

AFFA tərəfindən ulu babasının azərbaycanla bağlılığı olduğu nağılı uydurulan Nazarov 2003-cü ildə ömründə ilk dəfə Azərbaycana gələndən sonra doğulduğu Qazaxıstan mətbuatına açıqlamasında "Pasport düzəldə bilmədilər. Belə olmağı lap yaxşıdı. Bəlkə doğma Qazaxıstan millisindən təklif gələ, heç Azərbaycana getmərəm" demişdi. Həmin Nazarov daha sonra AFFA-dan verilən pulun qarşısında tab gətirə bilməyib ürəyinin səsinə qulaq asıb Qazaxıstanı yox (düzdü, nə qədər arzulasa da ordan təklif gəlmirdi), pulu üstün tutub Azərbaycanı seçdi.

"Millətlər Liqası"ndakı "möhtəşəm performans"ından sonra AFFA ilə mükafat davasına çıxdığı deyilən legioner günü gündən zəifləyən oyunu ilə komanda yoldaşları arasında da tam nüfuzdan düşdü. Təsadüfi deyil ki, ondan yaşca xeyli kiçik olan milli komandamızın ən mübariz futbolçusu Ramil Şeydayev həm Nazarovu, həm də İsrafilovu var gücü ilə oynamamaqda, Azərbaycana yalnız pul və televiziyada gördükləri əcnəbilərdən forma almaq üçün gəldiklərini üzlərinə vurub.

Bu gerçək sözlər xoşuna gəlməyən AFFA-nın "ərkəsöyün" legionerləri Ramilin üstünə yürüyüb. Qurban Qurbanovun sayəsində Azərbaycan futbolunda özünü tutsa da, baş məşqçisini millidə uğur qazanmaması üçün bilərəkdən biabırçı şəkildə uduzulduğu yazılan, deyilən oyunda ən zəiflərdən olan Almeyda da qoşulub. Ara qarışıb məzhəb itib…

Bilmirəm, Ramil azərbaycanlı futbolsevərlərin ürəyindən tikan çıxaracaq qapazı millimizin legionerlərinin təpəsinə endirə bilib, ya yox. Əslində ən böyük qapaz Azərbaycanda futbolçu yetişdirmək əvəzinə Anqolaya, Qazaxıstana lazım olmayan, aşağı liqa klublarında var gəl edən futbolçuları, cimərlik "sambaçıları"nı milliəşdirməklə mili komandalarımızı bazara çevirən adamların başına vurulmalıdı. Bu Həzrət Abbas qapazının zamanı çoxdan yetişib.

O anı Azərbaycan futbolunu pula, vəzifəyə və ya hansısa başqa şəxsi mənfəətinə görə yox, sırf Azərbaycana və futbol görə sevən insanlar, legionerlərə görə karyerası başlamamış bitən istedadlar, can verən Azərbaycan futbolu səbrsizliklə gözləməkdədi. Ya, Həzrət Abbas!

Anar Şabanoğlu

Xəbər Lenti